Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil məzuniyyətlərinin müddətləri barədə məlumat almaq istəyirəm.

.

18.01.2023 10:33
14
A+
A-

Təhsil məzuniyyətlərinin müddətləri barədə məlumat almaq istəyirəm.

    

Təranə MƏMMƏDLİ, Bakı şəhəri.

 

- Bu müddətlər Əmək Məcəlləsinin 124-cü maddəsində göstərilmişdir. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas təhsili müəssisələ

rinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.

Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

 

İşçi 01.01.2006-cı il tarixdən əvvəl ayrı-ayrı müəssisələrdə ümumilikdə 15 ildən çox işləyib və əmək kitabçasında müvafiq qeydlər də var. Lakin müəyyən səbəblərə görə 1 yanvar 2006-cı ildən işləmədiyi üçün onun şəxsi hesabında pensiya kapitalı qeydə alınmayıb, o cümlədən əvvəlki dövrdə qazandığı 15 illik əmək stajı üzrə şərti çevrilmə də aparılmayıb. İndi pensiya yaşına çatdığı halda, bu işçiyə 01.01.2006-cı il tarixədək olan dövr üçün 25 il sığorta stajı hədiyyəsi tətbiq ediləcəkmi?

 

Ziyəddin BABAYEV,

Bakı şəhəri.

 

- “Əmək pensiyaları haqqında” qanuna əsasən, vətəndaşların əmək pensiyasının hər 3 növünə pensiya hüququ qazanmaq üçün müəyyən tələblər qoyulmuşdur. Belə ki, vətəndaşlar:

- kişilər 65 yaşına çatdıqda, qadınların yaş həddi isə 2027-ci il yanvarın 1-dək artırılıb 65 yaşa çatdırılmaqla (bu il iyulun 1-dək 63 yaşdır);

- fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq;

- bu, pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar.

Lakin Qanuna sonradan “Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri” adlanan 22-1-ci maddə əlavə edildi.

Sualınızda qeyd etdiyiniz “25 il sığorta stajı hədiyyəsi” məsələsi də bu maddəyə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən yaşa görə əmək pensiyası təyin edilən şəxslərə aid edilir. Lakin bu zaman da müəyyən şərtlər mövcuddur.

Belə ki, 2019-2025-ci illərdə yuxarıda qeyd etdiyimiz yaş həddinə çatmış sığortaolunana (işçiyə) və eyni zamanda uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən onların 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il o zaman hesablanır ki, onların fərdi hesabın sığorta hissəsində 2018-ci ilin iyul tarixinə qeydə alınmış pensiya kapitalı olsun. Bu pensiya kapitalının məbləği qanunda qeyd edilməmişdir.

Sualınızdan məlum olur ki, işçi 2006-cı ildən sonra işləməmiş və cəmi 15 il sığorta stajına malikdir.

Nəzərinizə çatdırırıq ki, işçilərin (sığortaolunanların 2006-cı il 01 yanvar tarixinədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır və fərdi hesabın sığorta hissəsində 2006-cı il 1 yanvar tarixinə qeydə alınır.

Lakin qeyd etdiyiniz işçinin cəmi 15 il sığorta stajı olduğu üçün şərti çevrilmə də aparılmamışdır. Çünki 15 il sığorta stajı ilə yaşa görə əmək pensiyasına çıxmaq üçün müəyyən olunan pensiya kapitalı  toplanmalıdır. İşçinin 01 iyul 2018-ci ilə fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması məktubunuzdan da məlum olur.

Qeyd edək ki, pensiya yaşı ilə yaşa görə sosial müavinətlər almaq üçün yaş həddi eyni olduğundan vətəndaş pensiya yaşına çatdıqda ona yaşa görə sosial müavinət təyin olunacaq.

 

 

Məişət səs-küyünə görə qanunla    cərimə nəzərdə tutulubmu?

 

Cavid MƏMMƏDOV, Xırdalan şəhəri.

- İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” adlanır. Bu maddəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-

fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Minimum əməkhaqqının məbləği   hazırda nə qədərdir?

 

Ömər RƏSULOV, Bakı şəhəri.

 

-Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.

Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 5 yanvar 2023-cü il tarixli bu Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

ETİKETLƏR: