Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həyat tərzimizdə “tıxaca” çevrilmiş tıxaclar

Biz, jurnalist olaraq, tıxacların görünən və görünməyən səbəblərini mütəxəssislərlə araşdırdıq.

18.01.2023 10:37
47
A+
A-

Nəqliyyat tıxacı dünyanın bütün meqapolis şəhərləri üçün həllolunmaz problem olaraq qalmaqdadır. O cümlədən Bakı da bu problemdən kənarda deyil. Baxmayaraq ki, şəhər sakinlərinin gündəlik həyatında tıxaca çevrilmiş yollardakı tıxacı aradan qaldırmaqdan ötrü münasib qurumlar tərəfindən az və ya çox məsrəf tələb edən struktur tədbirləri həyata keçirilir. Məsələn, bir çox yerlərdə tunellər və yol ötürücüləri tikilir, yollar genişləndirilir və sair. Amma lənətə gəlmiş tıxacları tam aradan qaldırmaq mümkün olmur ki, olmur.

Biz, jurnalist olaraq, tıxacların görünən və görünməyən səbəblərini mütəxəssislərlə araşdırdıq.

Ekspert Ərşad Hüseynov başlıca səbəbi şəhərsalmada mövcud olan qüsurlarla əlaqələndirdi. Dedi: “Şəhərin içi son illər daha da sıxlaşdırılıb. Bəzi məhəllələri, məcazi mənada desək, “beton cəngəlliyə” çeviriblər. Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək, boş olan ərazilərdə isə plansız məskunlaşma gedir. “Urban Studies”, yəni şəhərsalma ixtisası deyilən elm var. Təsadüfi deyil ki, bütün dünya universitetlərində bu elm sosial elmlər fakültələrinin moduludur, mühəndislik deyil. Şəhərsalma dedikdə, şəhərin və rayonların salınması, planlaşdırılması anlayışlarına aid olan istiqamətlər nəzərdə tutulur. Bura yolların, binaların hansı sıxlıqda tikilməsi, mühəndis-kommunikasiya təminatı, landşaft və s. aiddir.

Yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları (işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s.) üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar. Üstəlik, həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır”.

Ekspert fikrini konkret misalla davam etdirdi: “Əvvəllər 5-6 həyət evi olan ərazidə, araşdırma aparılmadan, həmin bölgənin infrastrukturunu nəzərə almadan, yerində 16 mərtəbəli bina tikilir. Bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir”.

Vurğuladı ki, Azərbaycanda hər 100 nəfərə 14 avtomobil düşür. Bu rəqəm dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə 4-5 dəfə aşağıdır. Beləliklə, ölkədə avtomobil sayının çox olması yalnış fikirdir. Sadəcə olaraq, məskunlaşma problemi var, ictimai nəqliyyatın vəziyyəti bərbaddır, eyni zamanda fərdi avtomobil və taksilərdən istifadə səviyyəsi yüksəkdir. 

Daha sonra dedi: “Məsələni qəlizləşdirən digər bir problem valideynlərin təhsil müəssisələri arasında seçim etməsi ilə bağlıdır. Tutalım, Xırdalanda, Masazır və ya Günəşlidə yaşayan valideyn övladını Bakının hansısa ərazisində yerləşən məktəbə qoyur. Məsafə uzaq olduğu üçün oğlunu və ya qızını şəxsi avtomobilində aparıb gətirir. Maşınları da düz məktəbin girişində saxlayırlar. Hər kəs öz övladının rahatlığını düşündüyündən tıxac yaranır. Yaxşı olardı ki, bu, sistematik şəkildə həll olunsun. Bakıdan kənarda yaşayan şagirdlərin dəqiq statistikası aparılsın. Həmin şagirdlərin sayına uyğun məktəbli avtobusları ayrılsın. Eyni zamanda məktəbli avtobusları marşrut avtobusları üçün ayrılmış zolaqlarda hərəkət etsin”.

Ekspert Nadir İsrafilov isə məsələnin həll yolunu dövlət qurumlarının və ali təhsil müəssisələrinin paytaxtdan çıxarılmasında gördü.

Bildirdi ki, bu məsələ vaxtaşırı gündəmə gətirilib, lakin əməli addımlar atılmayıb.

Son illərdə, xüsusilə də tədris dövründə, Bakıda yollarda yaranan tıxac, ictimai nəqliyyatda sıxlıq və sair insanlarda ciddi narahatlıq doğurur. Bu gün sakinlər işə, dərsə, mənzil başına vaxtında çata bilmək üçün evdən gərək ən azı 30-40 dəqiqə tez çıxsın. Bu da, təbii ki, insanların günün az qala yarısını yollarda keçirməsinə səbəb olur. Məsələ ilə bağlı mətbuatda, sosial mediada tez-tez müzakirələr təşkil edilir. “Tıxac dərdi”nin həlli üçün fikirlər səsləndirilir. İstər deputatlar, istər ictimaiyyət nümayəndələrinin əksəriyyəti çıxış yolunu bir sıra universitetlərin digər şəhərlərə, bölgələrə köçürülməsində görür. Bununla əlaqədar bir neçə il əvvəl təşəbbüs də oldu. Mətbuatda Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunacağı, Bakıda yerləşən bəzi universitetlərin bu şəhərə köçürüləcəyi barədə məlumatlar yayıldı. Hətta ictimailəşən siyahıda köçürülməsi nəzərdə tutulan ali məktəblərin - Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərlərin adları da yer almışdı. Bildiyim qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sumqayıt şəhərində, Bakının Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi yaşayış məntəqələrinin ərazilərində və Böyükşor gölünün ətrafında yeni ali təhsil müəssisələrinin yerləşdirilməsindən ötrü yer də ayırmışdı.

Ekspert vurğuladı ki, universitetlərin regionlara köçürülməsi nəinki  Bakı şəhərində tıxac probleminin aradan qaldırılmasına müsbət təsir edəcək, hətta regionların iqtisadi və sosial, xidmət sektorunun inkişafının sürətləndirməsinə, bütövlükdə isə rayonlara diqqətin artmasına səbəb olacaq və yeni iş yerlərinin açılmasına töhfə verəcək.

 

Günel Quliyeva

 

ETİKETLƏR: