Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Say saxtakarlığı

dil çaşıb düzünü deyər

18.01.2023 10:48
23
A+
A-

Son vaxtlar sosial şəbəkələrdə  Ermənistanın “Vətəndaş Müqavilə” partiyasının deputatı Vigen Xaçatryanın açıqlaması gündəmdədir. O, mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın və separatçıların “dövlət naziri” Ruben Vardanyanın Qarabağda 120 min erməni sakinin yaşaması barədə iddialarını yalanlayıb.  Hakim partiyanın üzvü olan Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını deyib. O, eyni zamanda Qarabağın erməni əhalisi ilə Bakı arasında birbaşa dialoqun tərəfdarı olduğunu bildirib.

Ermənilərin bir-birindən kəskin şəkildə fərqlənən rəqəmlər səsləndirməsi Xankəndidə və ətraf ərazilərdə yaşayan əhalinin sayını şübhə altına qoyur. Hansı statistik rəqəm daha inandırıcıdır? Bu sualla Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədova müraciət etdik. Elman müəllim bildirdi ki, ermənilər rəqəmləri şişirtməyə öyrənib, çünki saxtakarlıq onların köhnə vərdişidir: “1989-cu ildə SSRİ miqyasında əhalinin siyahıya alınması keçirilirdi. Həmin statistikada Azərbaycan SSR tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 180 min nəfər göstərilirdi. 180 min nəfərdən 130 minə qədərinin ermənilər, digərlərinin isə azərbaycanlı və başqa millətlərin nümayəndələri olduğu iddia edilirdi. Təbii ki, ermənilər rəqəmləri saxtalaşdırmışdı. Çünki siyahıyaalmaya rəhbərlik edən ermənilərin özləri idi. O dövrdə Qarabağda 130 min erməni yaşamırdı. Harda bir erməninin adı və soyadı əllərinə keçirdisə, onu Qarabağda qeydiyyata salırdılar. 1989-cu ildən baş verən proseslərdən və müharibədən sonra Qarabağdan çox sayda erməni köçüb getdi. Onlarda artım olduqca aşağıdır. Ancaq erməni deputatın fikri daha məntiqəuyğundur. Bu, 30-40 min erməni isə rəhbərlikdə olanlar, hərbçilər və onların ailələri, bir az da imkanı olanlardan ibarətdir. Qalanları qaçmağa imkanı olmayan yoxsullardır”.

E.Məmmədov yeri gəlmişkən, Laçın-Xankəndi yolundakı dinc aksiya məsələsinə də toxundu. Dedi ki, orada azərbaycanlı fəallar öz sərvəti və vətəninin ekologiyası üçün dinc aksiya keçirirlər. Laçın yolu açıqdır. Kim istəsə, gedə bilir. Ermənilər fəryad edirlər, ancaq özləri 400 mindən çox əhalisi olan Naxçıvanla Azərbaycanın əlaqəsini kəsiblər. Bəs işğalçılar və onların havadarları buna görə niyə pis olmurlar? Biz bu  30-40 min erməniyə qarşı humanist siyasət yürüdürük.  Sadəcə olaraq, oradakı cinayətkar dəstə öz əməlindən əl çəkməli və Azərbaycan qanunlarına tabe olmalıdır. Belə olsa, hər şey yaxşı olacaq. Əks halda, cənab Prezidentin də dediyi kimi, kim istəsə, yol açıqdır, gedə bilər.

Millət vəkili onu da qeyd etdi ki, “Son 30 il ərzində ermənilərin düçar olduqları acınacaqlı, çıxılmaz durumun, fəlakətin, itkilərin və düşmənçiliyin səbəbkarı Qarabağın dağlıq hissəsində yerləşən bir ovuc separatçıdır. Bu gün Ermənistanda və ya onun hüdudlarından kənarda yaşayan müxtəlif peşə sahibi olan ermənilər bunu etiraf edirlər. Onlar fəlakətdən yaxalarını qurtarmaq istəyirlər. Qarabağdakı yoxsul ermənilər canlarını bir ovuc separatçı, siyasət dəllallarının əlindən xilas etmək istəyirlər. Əllərini qaldırıb Allaha yalvarırlar ki, Azərbaycan tez bir zamanda antiterror əməliyyatı keçirsin, bizim canımızı terrorçulardan qurtarsın. Onlar yeganə xilas yolunun Azərbaycan olduğunu başa düşürlər”.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: