Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qazandığı elmin praktikada da  tətbiqinə çalışır

.

25.01.2023 11:41
29
A+
A-

Günel Orucova elm sahəsində qazanacağı uğurların əsasını hələ tələbəlik illərində qoymuşdu. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Fars dili bölməsinin ikinci kurs tələbəsi ikən “Avropa mənşəli sözlərin Farsca-Azərbaycanca lüğəti”nin  həmmüəlliflərindən biri olmuşdu. Dördüncü kursda təhsil alanda isə “Zaman münasibətlərinin qoşmalarla ifadə olunması” adlı ilk məqaləsini yazıb çap etdirmişdi. 2012-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars dili istiqamətində magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistr pilləsində təhsil aldığı müddətdə 3 məqalənin müəllifi olmuş, 7 yerli konfransda məruzə ilə çıxış etmişdir.

 2012-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Dil nəzəriyyəsi” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə də elə bu institutda başladı. “Dil əlaqələri” şöbəsində Azərbaycan və İran dil əlaqələrini tədqiq etdi, “Orta əsrlər farsdilli lüğətlərdə türk elementləri” dissertasiya mövzusunu araşdırdı. 2018-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldı. Hazırda “Hind-Avropa” şöbəsinin aparıcı elmi işçisidir.

Amerikada, Almaniyada, Rusiyada, Türkiyədə və Bosniya və Herseqovinada elmi konfranslarda məruzələrlə çıxış edib. Türkiyənin “İran araştırmaları” və “TÜRKLAD” jurnallarında “Dəlilik səhrası” adlı məqaləsi çap olunub. Bakı Mühəndislik Universiteti tərəfindən keçirilən “Gənc tədqiqatçıların 3-cü beynəlxalq konfransı”nda mükafatalayiq yer tutub. “Path of sciences” jurnalında çap olunan “Tendencies of Change of Socio-Politicial Lexicon in Persian and Azerbaijani Languages” adlı məqaləsi EBSCO, ERİH PLUS, Sobiad, Copernicus kimi bir çox beynəlxalq elmi indeks bazasına daxildir. Ümumilikdə iki kitabı (həmmüəlliflərdən biri), 1 monoqrafiyası çapdan çıxmışdır. Yerli və xarici mətbu orqanlarda dərc olunmuş 50-yə yaxın məqaləsi və konfranslarda çıxışlarının mətni kitab şəklində toplanıb nəşr edilmişdir.

2021-ci il noyabrın 22-də Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib. Şura sədri kimi bir çox yeniliklərə imza atmışdır. Gənc alimləri elmi yaradıcılığa həvəsləndirmək məqsədilə “Dilçilik tribunası” layihəsi hazırlayıb. Bu layihə həmyaşıdları tərəfindən maraqla qarşılanıb.

Günel xanımın fəaliyyəti təkcə elmi yaradıcılıqla məhdudlaşmır. O, qazandığı elmi nəzəriyyəni praktikada da uğurla tətbiq edir. 2013-2014-cü illərdə Dövlət Miqrasiya Xidmətində İran və Əfqanıstan ölkələri üzrə inspektor vəzifəsində işləmişdir. 2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Hərbi Akademiyasının Xarici Dillər kafedrasında Fars dilindən dərs deyir.

Çalışdığı sahədə yüksək nəticələr əldə etdiyini nəzərə alaraq, AHİK Günel xanımı “İlin peşəkar gənci” fəxri adına layiq gördü. Bu münasibətlə biz də onu təbrik edirik.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: