Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Konfederasiyanın qayğısını hər zaman hiss edirik

“Dəfələrlə həm özümüzün modernizasiya elədiyimiz, həm də müəssisədə sıfırdan qurulmuş məhsullarla Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində çıxış etmişik, rəhbər heyət tərəfindən bəyənilərək mükafatlara layiq görülmüşük”.

25.01.2023 11:50
54
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv və tabeliyində olan təşkilatların müəyyən edilmiş qaydada təqdim etdiyi sənədlərə əsasən, 2022-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş “İlin peşəkar gənci” fəxri adına layiq görülən, Vətən uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirən gənclərdən biri də Qarayev Murad Mübariz oğludur.

Murad orta təhsilini doğma İsmayıllı rayonunun Qurbanəfəndi kənd tam orta məktəbində, ali təhsilini isə Mingəçevir Dövlət Universitetində alıb. Burada “İqtisadiyyat və İdarəetmə” fakültəsinin Sənayenin təşkili və idarəolunması ixtisasına yiyələnib. Azərbaycan Silahlı Qüvvələri sırasında hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əmək fəaliyyətinə başlayıb: “Artıq 6 ildir ki, həmin müəssisədə fəaliyyətimi davam etdirirəm. Əmək və əməkhaqqı üzrə iqtisadçıyam. Müxtəlif təyinatlı məmulatların bərpa olunaraq yenidən ordu sıralarına qaytarılmasını, onların modernləşdirilməsini həyata keçiririk. Burada, təbii ki, yüzlərlə sayda məmulatlardan söhbət gedir. Eyni zamanda müəssisəmiz tərəfindən ayrı-ayrı qurumların sifarişini yerinə yetiririk.

Müəssisəmiz Azərbaycan tarixinin şanlı səhifələrindən olan 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində xüsusi fədakarlıq göstərmişdir. Həmin günlərdə müəssisə kollektivi ilə bir yerdə Ordumuza lazım olan təmir ehtiyaclarının ödənilməsi üçün gecə-gündüz səfərbər olmuşduq. Fəxr edirəm ki, qazanılan qələbələrdə, cüzi də olsa, bizim də payımız var. Onu da qeyd edim ki, mən özüm də Vətən müharibəsi iştirakçısıyam. Cəbhədən qayıtdıqdan sonra yenidən əmək fəaliyyətimə davam etmişəm”.

M.Qarayev sözünə davam edərək dedi: “Dəfələrlə həm özümüzün modernizasiya elədiyimiz, həm də müəssisədə sıfırdan qurulmuş məhsullarla Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində çıxış etmişik, rəhbər heyət tərəfindən bəyənilərək mükafatlara layiq görülmüşük”.

Onu da bildirdi ki, 6 illik əmək fəaliyyətinin elə ilk vaxtlarından könüllü olaraq həmkarlar ittifaqına üzv olub: “Hər zaman həmkarlar ittifaqının təşkil etdiyi müxtəlif tədbirlərə qatılıram. Fəaliyyətimlə əlaqədar mükafatlara da layiq görülmüşəm. Konfederasiyanın qayğısını həmişə öz üzərimizdə hiss edirik. Ona görə də fürsətdən istifadə edib, başda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev olmaqla, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyinə və kollektivinə təşəkkürümü bildirirəm”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: