Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Son dövrlərdə şəhərlərə köçü “nəzarət olunmayan neqativ urbanizasiya” da adlandırmaq olar

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Dövlət müəssisələrinin, sahibkarların regionlara cəlbi istiqamətində nə kimi addımlar atılmalıdır?

25.01.2023 14:30
11
A+
A-

Bu gün Bakı ilə regionlarımız arasında böyük bir iqtisadi uçurum var. Hətta elə rayonlarımız, dağ kəndlərimiz var ki, orada hər hansı bir inkişafdan söhbət belə gedə bilməz. Rayonlarımızda gənclərin əyləncəsi, mədəni istirahəti üçün, demək olar ki, heç bir şərait yoxdu. Bu da gənclərin zərərli vərdişlərə aludəçiliyinə, neqativ hallara gətirib çıxarır. İş üçün ya Bakıya üz tutan, ya da məcburiyyətdən Rusiyaya getməli olanlar da var. Ali təhsil müəssisələrini bitirənlər yaşadıqları rayonlara dönüb orada işləmək istəmirlər. Bu gedişlə artıq bir neçə ilə regionlarımızda savadlı, peşəkar həkim, müəllim, iqtisadçı, ümumiyyətlə, kadr tapmaq mümkün olmayacaq.

Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Dövlət müəssisələrinin, sahibkarların regionlara cəlbi istiqamətində nə kimi addımlar atılmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli dedi ki, sahibkarları, iş adamlarını, investorları maraqlandıran təkcə coğrafi mövqe deyil. Yəni onlar üçün ərazinin şəhər, kənd, rayon, qəsəbə olması fərq etmir. Burada əsas məsələ infrastrukturun əlçatımlığıdır. Yəni yollar, elektrik enerjisi, təbii qaz - bunların təminatı iş adamlarının investisiya ilə bağlı verdikləri qərarda önəmli rol oynayır. Bundan başqa, alıcılıq gücü və işçi maaşlarının həcmi də qərara təsir edənlər sırasındadır. Bu da bir çox hallarda investisiyaların qorunması ilə bağlı problemlərin yaşanmasından doğur. Yəni investorlar üçün əsas məsələ ədalətli, rəqabətli mühitin olmasıdır.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov dedi ki, əslində son dövrlərdə şəhərlərə köçü “nəzarət olunmayan neqativ urbanizasiya” da adlandırmaq olar: “Bunun baş verməsinin bir sıra səbəbləri var. Təbii ki, məşğulluq burada ən böyük faktorlardan biridir. İqtisadi mühit bölgələrdə inkişaf etmədi. Çünki Azərbaycan iqtisadiyyatının son 30 ili resurs üzərində quruldu. Resurs üzərində qurulmuş iqtisadiyyat da özü ilə paralel olaraq digər yan sahələrin Bakı və Bakıətrafı ərazilərdə formalaşmasını şərtləndirdi. Yəni iqtisadiyyatın 70-80 faizi əgər bir bölgənin payına düşürsə, təbii ki, iş yerləri də elə həmin bölgədə formalaşacaq. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı, təəssüf ki, tarazlı və şaxələndirilmiş formada inkişaf etmədi. Əvvəlki dövrlərdə regionlarda məşğulluğun əsasını təmin edən kənd təsərrüfatı əmək bazarında öz müqayisəli üstünlüyünü itirdi. Buna da səbəb mənfəət normasının aşağı olması və bu istiqamətdə gəlirlərin dayanıqlı fəaliyyətini təmin edən sığorta, ya da dəstəkləyici mexanizmlərin olmaması idi”.

R.Həsənov bildirdi ki, burada əsas məsələlədən biri də institusional problemdir. Baxın, bir bölgənin inkişafında o bölgənin idarəetməsinin təşkili, yəni icmanın bu idarəetmədə iştiraklılıq səviyyəsi çox vacib məsələdir. Amma bizdə yerli özünüidarəetmə orqanlarına biçilən çərçivə, onlar üçün nəzərdə tutulan müstəqil fəaliyyət imkanları çox azdır. Belə olduğu təqdirdə də təyin edilmiş orqanlar bölgənin iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində ciddi bir mövqe ortaya qoya bilmirlər. Nəticə etibarilə bölgələr faktiki olaraq inkişafdan kənarda qalır. Bir yerdə ki, iş yerləri, gəlir əldə etmək imkanı, normal təhsil və səhiyyə xidmətlərinə çıxış imkanları, eyni zamanda, sizin də dediyiniz kimi, həyatın mənəvi tərəfini təmin edən infrastruktur, mühit yoxdursa, bu, insanların həmin ərazidən qaçmasına gətirib çıxardır.

Rəşad müəllim dedi ki, rayon əhalisini regionlara cəlb etmə istiqamətində sonradan atılan addımlar nəticəsiz qala bilər. Belə ki, şəhərdəki maddi və mənəvi imkanları görməmiş insanları müəyyən bir məşğulluqla təmin etməklə öz bölgələrində qalmaları üçün razı salmaq olar. Lakin artıq şəhər mühitində yaşamış birisinə geri qayıtması üçün isə daha yüksək vədlərin verilməsinə ehtiyac yaranacaq. Bu da təbiidir. Kimisə heç bir infrastrukturu, potensialı olmayan bir yerə güclə gətirə bilməzsiniz: “İlk növbədə iştirakçılığa şərait yaradılmalıdır. İcma özü öz taleyini müəyyən etməlidir. Bu, əslində, sonda dövlətin də yükünü azaldacaqdır. Nəyə görə? Çünki bölgənin zəif inkişafında dövlətin üzərinə götürdüyü məsuliyyətləri icmanın öz üzərinə götürməsi son nəticədə dövlətin ittiham olunması imkanlarını məhdudlaşdırır. Bunun üçün ilk növbədə müstəqil idarəetmə və iştirakçılıq təmin olunmalıdır. Bunların da birləşməsi ilə iqtisadi təşəbbüslərin regionlara doğru yerdəyişməsini, yəni coğrafi genişlənməsini müşahidə edə bilərik. Bu da özlüyündə, əlbəttə ki, iş yerləri yaradır. Bu gün Azərbaycanda əsas işəgötürən dövlətdir. Yəni   1 milyon 700 min muzdla çalışanların 900 mindən artığı dövlət müəssisələrində çalışır. Fikrimcə, biz daha çox gəlir gətirən sahələr olan biznesin, özəl sektorun inkişafı üçün də addımlar atmalıyıq ki, insanlar fərdi sərbəstliyini, özgürlüyünü təmin edə bilsinlər. Xüsusilə Azərbaycan iqtisadiyyatının iki sahəsi - turizm və kənd təsərrüfatı sahələri mərkəzdən regionlara doğru getdikcə məşğulluq və sahibkarlıq biznesi yaratma imkanları daha da genişlənər. Bu sahələrin inkişaf etdirilməsi istiqamətində strategiyalar məhz regionlarda artıq rifahın yüksəlməsinə gətirib çıxara, sahibkarların və investisiyanın bu sahəyə cəlb olunması ilə bağlı iqtisadi əsaslar yarada bilər”.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin     Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva dedi ki, Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə indiyədək Şimal, Şimal-Qərb və Cənub regionlarında kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin 2023-cü ildə Qərb regionunda, o cümlədən Tovuzda davam etdirilməsi planlaşdırılır. Rayon ərazisində turizm infrastrukturunun və xidmətlərinin yaradılması üzrə investisiya qoyuluşu, maarifləndirmə işinin aparılması turizmin inkişaf etdirilməsi üçün vacib amillər sırasındadır.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: