Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”

Sevindirici haldır ki,  Ümummilli Liderin əməlləri və ideyaları,  Azərbaycanın iqtisadi inkişaf strategiyası  ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır, çiçəklənir.

01.02.2023 10:49
280
A+
A-

Azərbaycan müstəqillik qazanandan sonra iqtisadiyyatın aparıcı sahəsinə çevrilən sahibkarlığın formalaşması, inkişafı həmişə Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Onun “Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır” sözləri sahibkarlara nə qədər qayğı ilə yanaşdığını nümayiş etdirirdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü Məşhur Məmmədov dedi ki, Ümummilli Lider Heydər Əliyev ölkənin rifahı üçün nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə çox mühüm və həlledici addımlar atıb. Zəngin, təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Ötən əsrin 90-cı illərində yenidən müstəqilliyini qazanan və düşmən təcavüzünə məruz qalan  Azərbaycan da bu siyasi dönəmi yaşadı.

Azərbaycanı bu ağır vəziyyətdən 1993-cü ildə xalqın israrlı istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev çıxardı. Xalq onu rəhbər seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Sabitlik, ictimai asayiş bərqərar olundu. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank, vergi və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı. Qədim İpək yolunun ölkəmizin ərazisindən keçməsi, Azərbaycanın burada tranzit rolunu oynaması iqtisadi cəhətdən böyük imkanlar verdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda, bir çox sahələrlə yanaşı, turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı qəbul etdi ki, bu da xarici turistlərin respublikamıza axınını gücləndirdi, bu sahənin çiçəklənməsinə gətirib çıxardı.

Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri neft sahəsində oldu. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi, “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.  Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın axını başladı. Ulu Öndər Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalayıb. Və bu kimi addımlar Azərbaycanı neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaratdı.

Sevindirici haldır ki,  Ümummilli Liderin əməlləri və ideyaları,  Azərbaycanın iqtisadi inkişaf strategiyası  ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır, çiçəklənir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: