Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hər bir gəncə tövsiyəsi əzmkarlığı və çalışqanlığı daim yüksək tutmaqdır

Elçinin bildirdiyinə görə, çalışdığı işdə müvəffəqiyyət əldə etməsində topladığı təcrübə başlıca rol oynayıb

01.02.2023 11:38
237
A+
A-

Ötən il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərdən biri də “Xidmət-İş” Hİ Federasiyası tərəfindən namizədliyi irəli sürülən Həsənzadə Elçin   Elşad oğludur.

E.Həsənzadə 1996-cı il yanvarın 27-də Bakı şəhərində anadan olub. 2017-ci ildə Rusiya Federasiyasının Dövlət və Bələdiyyə İdarəetməsi Universitetini bitirib. Bir neçə şirkətdə təcrübə proqramlarında iştirak edib.

2019-cu ildə “Rəmzi-S” Məhdud Məsuliyyətli Cəmiyyətində (şirkətin markası “Sobsan Boyaları”dır) satış meneceri kimi əmək fəaliyyətinə başlayıb.

Həmsöhbətimiz  iş fəaliyyətindən əlavə, asudə vaxtının səmərəli keçməsinə, həmçinin  maraqlı məşğuliyyət növlərinə də üstünlük verir.

Əsas marağı isə idman sahəsinədir. Taekvondo üzrə 2-ci Dan qara kəmər ustasıdır. Bu idman növündə  bir sıra nailiyyəti var. Taekvondo üzrə həm ölkə daxilində - Respublika və Bakı şəhər birinciliklərində, eləcə də Polşada keçirilən beynəlxalq çempionatda və Rusiya Federasiyası açıq birinciliyində ikinci yeri tutaraq fəxri kürsüdə mükafatçılar sırasına düşüb. 

Nümunəviliyi ilə hərbi xidmətdə də olarkən fərqlənib, nizam-intizamına görə Fəxri Fərman ilə  təltif olunub. 

O həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. 44 gün davam edən və mənfur düşmən üzərində möhtəşəm zəfərlə bitən Vətən müharibəsində döyüşüb. Füzuli, Xocavənd, Cəbrayıl və Laçının işğaldan azad olunmasında qəhrəmanlıq göstərib, döyüş tapşırıqlarını uğurla yerinə yetirib. “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Elçinin bildirdiyinə görə, çalışdığı işdə müvəffəqiyyət əldə etməsində topladığı təcrübə başlıca rol oynayıb.Yüksək peşə hazırlığı, bilik səviyyəsi və təcrübəsini daim təkmilləşdirməsi, əmək intizamı ilə fərqlənməsinə görə çalışdığı kollektivin hörmətini qazanıb.

Daim yeniliyin tərəfdarı olaraq işlədiyi sahədə innovativ təkliflər verib və bu da işin keyfiyyət göstəricisinin artmasında böyük rol oynayıb.  Hər zaman işinə məsuliyyət və həssaslıqla yanaşıb. Təcrübəsini paylaşaraq digər işçilərin ixtisas və peşələri üzrə faydalı məlumat əldə etmələrinə köməklik edib. Göstərdiyi səy və əməyi yüksək qiymətləndirilib, dəfələrlə təşəkkürnamə ilə mükafatlandırılıb.

Hər bir gəncə tövsiyəsi iş fəaliyyətində əzmkarlığı və çalışqanlığı daim yüksək tutmaqdır. Bütün gənclərə vətənpərvər ruhda yetişmələrini arzu edir.

E.Həsənzadə bu ada layiq görüldüyünə görə həmkarlar ittifaqlarının rəhbərliyinə minnətdarlığını bildirib.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: