Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanı qorxutmaq istəyi qorxaqlığın əlamətidir

“Tehranda səfirliyimizə edilən hücum həyata keçirilən sistematik təzyiq cəhdlərinin tərkib hissəsidir.

01.02.2023 11:54
221
A+
A-

“Tehranda səfirliyimizə edilən hücum həyata keçirilən sistematik təzyiq cəhdlərinin tərkib hissəsidir. Son 2 ildə diplomatik nümayəndəliklərimizə 5 xain hücum olub. Yerli polisin gözü qarşısında və yaxud fəaliyyətsizliyi şəraitində. Vətən müharibəsindəki qələbəmiz  və sonrakı 2 ildə baş verən pozitiv proseslər həmin qüvvələri narahat edir”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev dedi. Dedi ki, bütün bu terror əməllərində bir motiv var: Azərbaycanı qorxutmaq.

Tehrandakı səfirliyimizə edilən hücum göstərir ki, dövlətimizin əldə etdiyi uğurlar, xüsusilə 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz və ondan sonrakı proseslərdən qorxan qüvvələr, onların arxasında duran dövlətlər var. Bu, bir xainlik olmaqla yanaşı, həm də qorxaqlıq göstəricisidir. Terror aktının məhz İranda həyata keçirilməsi təsadüfi qəbul edilməməlidir. Görünür, bu ölkədə elə dairələr var ki, bizim uğurlarımızla barışa bilmirlər. Yaxud qonşu dövlətin hüquq-mühafizə orqanları sayıqlığı o qədər əldən veriblər ki, belə cinayətlər baş verir.

Millət vəkili dedi ki, ölkəmiz ətrafında cərəyan edən proseslər bu kimi cinayətlərin sistematik hal olduğunu göstərir. Parisdə səfirliyimizə basqın olur, Fransa polisi gözə dəymir. Eynilə Tehrandakı kimi. Bu, əsaslı şübhələrə yol açır. Maraqlıdır ki, niyə son 2 ildə? Məncə, cavab aydındır. Dövlətimizin gücündən, iqtisadi nailiyyətlərimizdən, ordumuzun qüdrətindən narahat olanlar var. Bölgədə həyata keçirdiyimiz qlobal layihələrdən və təşəbbüslərdən qorxuya düşənlər var. Azərbaycanın mərkəzi rol oynadığı geosiyasi modelin, təhlükəsizlik arxitekturasının həmin qüvvələri təlaşa saldığını görürük. Avropada kimlərin Azərbaycana qarşı pressinq aksiyalarının arxasında durduğunu bilirik. Bölgəmizdə Zəngəzur dəhlizini qırmızı xətt hesab edənlər məlumdur.

Ancaq onlar bilməlidirlər ki, cəhdləri əbəsdir. Biz 30 illik işğal sindromunu dəf edib 44 günə Vətən torpağını azad edən xalqıq. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft xəttinə, Bakı-Tbilisi-Qars dəmir yoluna böyük təzyiqləri aşaraq nail olub. Odur ki, kimsə nəyəsə görə bizi qorxutmaq istəyirsə, havayı əziyyət çəkir Respublika Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, bütün planlarımıza nail olacağıq. Bizim iradəmiz var. Azərbaycanı heç kim yolundan döndərə bilməz. Hesab edirəm ki, baş vermiş cinayəti İran hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə birlikdə əsaslı şəkildə araşdırmalıdır. Cinayətin üstü ört-basdır edilməməlidir. İran Azərbaycan xalqının gözündən, bir müsəlman qonşu olaraq, tam düşməmək istəyirsə, cinayətkar və ona dəstək verənlər layiqli cəzalarını almalıdırlar!

 

Əsli TELMANQIZI

ETİKETLƏR: