Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Turizm strukturlarımız postpandemiya dövrünə hazırdır

Artıq ölkəmizdə koronavirus ilə bağlı vəziyyət nəzarətdədir, vaksinasiya sahəsində olduqca uğur qazanılıb və sərhədlər açılır, aviasəfərlər bərpa edilir.

09.06.2021 08:48
169
A+
A-

Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 10-dan etibarən  Rusiya ilə Türkiyə vətəndaşlarının hava yolu ilə Azərbaycana səyahət şərtlərini açıqlayıb. Məlumata əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya və ya COVID-19 xəstəliyindən  sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd və uçuşdan əvvəl (72 saat ərzində)  COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd təqdim etməlidir. Bu qərar, demək olar ki, ölkəmizə turist axınının sayını  artıracaq.  Bəs, görəsən, digər xarici  ölkələrdə epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkə vətəndaşlarının mərhələli şəkildə Azərbaycana səfəri üçün hansı qaydalar nəzərdə tutulur? Ölkəmizdəki turizm obyektləri karantin qaydalarına uyğun fəaliyyətə hazırdırmı? Qaydalar ölkəmizə turist axınına necə təsir göstərə bilər? 
Suallarımızı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə və Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov cavablandırıb. 
K.Quluzadə  bildirdi ki, turizm sektoru pandemiya şəraitində ən çox zərərçəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə etdik. Pandemiyadan əvvəl rekord göstərici qeydə alınıb, 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Lakin pandemiya dövründə təbii olaraq turist axını azalıb. Artıq ölkəmizdə koronavirus ilə bağlı vəziyyət nəzarətdədir, vaksinasiya sahəsində olduqca uğur qazanılıb və sərhədlər açılır, aviasəfərlər bərpa edilir.   Mexanizm isə bəllidir. Sizin də qeyd etdiyiniz kimi, Türkiyə və Rusiya vətəndaşları bu iki sənədi təqdim etməklə ölkəmizə səfər edə bilərlər. Hazırda aktual məsələlərdən biri də bu siyahının genişləndirilməsidir. Vaksinasiya sahəsində yüksək nəticə əldə etmiş digər ölkələrlə də aviasəfərləri bərpa etmək nəzərdə tutulur. Hazırda bizim birinci hədəfimiz turistlərin sayını artırmaq, ikincisi isə turistlərin məmnunluğunu təmin etməkdir.  İlk növbədə hansı ölkələrdən turistlərin cəlb ediləcəyi prioritet bazarları müəyyən edilib. Bu gün üçün 18 prioritet bazarı var ki, bu, Asiya, Yaxın Şərq, Avropa  regionunu əhatə edən istiqamətlərdir. 
K. Quluzadə dedi ki, turizm istirahət mərkəzləri, otellər və bu sahəyə cavabdeh olan bütün qurumlar postpandemiya dövrünə hazırdırlar, bundan sonrakı fəaliyyətlərini də yeni dövrün tələblərinə uyğun şəkildə quracaqlar. Belə ki, müəssisədə COVID-19-a yoluxma halları olmadıqda belə, gigiyena qaydalarının tətbiqinin genişləndirilməsi tövsiyə edilir. İctimai yerlərin dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir ki, bura əsasən tutacaqlar, lift düymələri, sürahilər və sair aiddir. Təmizlik heyəti müvafiq qaydada təlimatlandırılmalıdır. Hər müəssisənin təmizlənmə və dezinfeksiya planı tərtib olunmalıdır. Hazırda isə turizm obyektləri daxili turistləri qəbul edir. Ötən ilin avqustundan etibarən  Nazirlər Kabinetinin qərarına əsasən, gün ərzində 70-ə yaxın monitorinq aparılır. Vəziyyət tamamilə nəzarətdədir, bu sahədə heç bir problem gözlənilmir.  Artan rəqabət şəraitində turizm ictimaiyyəti tərəfindən Azərbaycan təhlükəsiz ölkə kimi qəbul edilir. Turistlər və vətəndaşlarımız  sanitar-gigiyena qaydalarına riayət etməlidirlər ki,  pandemiya ilə bağlı ələ alınmış nəzarətə mənfi təsir etməsin.
K. Quluzadə onu da qeyd etdi ki, pandemiya dövrü  turist sayının artımına mənfi təsir etdi lakin, tezliklə turist sayının artacagına, vəziyyətin əvvəlki illərdən də yaxşı olacağına ümid edirik. Çünki Azərbaycanda buna kömək edən bütün amillər var: təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, əvəzolunmaz təbiəti, yaşıllıqlarla zəngin meşələri, milli mətbəximiz, tarixi  abidələr, yay turizmi, qış turizmi və başqa bir çox amilləri saymaq olar. Lakin indi bizim əsas vəzifəmiz məqsədyönlü iş və potensialın artırılması,  vətəndaşlarımızın, həmçinin ölkəmizə səfər edən turistlərin, xarici qonaqların  sağlamlığının qorunmasıdır.
 Müzəffər Ağakərimov isə aviasəfərlərin bərpa edilməsinin çox sevindirici hal olduğunu vurğuladı. Bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə tezliklə digər ölkələr ilə də mərhələli şəkildə aviasəfərlər bərpa olunacaqdır. Pandemiya dövründə turizmə dəyən ziyan milyardlarla ölçülür. Turizm sektorunu dirçəltmək üçün ilk növbədə daxili turizmi inkişaf etdirmək lazımdır. Aydındır ki, insanlar hələ bir müddət xarici ölkələrə səfər etməkdən ehtiyat edəcəklər. Burada psixoloji və digər amillər rol oynayır. Mövcud vəziyyətdə daxili turizmi daha çox inkişaf etdirmək mümkün olar. Azərbaycanın tükənməz turizm potensialı var və biz onun hələ çox hissəsindən istifadə etməmişik: “İndiki  zamanda yenidən turizmin inkişafına təkan verməliyik. Turistləri cəlb etmək işin bir tərəfidirsə eyni zamanda da həmin turistlərə yüksək səviyyədə xidmət göstərməliyik. Bütün qüvvələri birləşdirib məhz aparıcı sahələrdən olan turizm sektorunu əvvəlkindən də daha yaxşı vəziyyətə gətirəcəyik. Azərbaycan turizm sahəsində də  dünyada tanınacaq”.

Gülöyşə MƏMMƏDLİ

Foto