Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yay məktəbinin tətbiq edilməsi çox vacib və zəruridir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov və təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirdilər.

09.06.2021 08:56
21
A+
A-

 

Uzun müddətdir davam edən pandemiyanın yaratdığı fəsadlar, təəssüf ki, təhsil sahəsindən də yan ötüşmədi. Müəyyən müddət ənənəvi və ya distant formada təhsil alan şagirdlərin biliklərin mənimsəməsində ciddi boşluqlar yarandı. Məhz bu boşluqları doldurmaq məqsədilə Təhsil Nazirliyi yeni bir addım atıb. Belə ki, iyunun 16-dan 30-na kimi 2 həftə müddətində bütün ölkə üzrə yay məktəbləri fəaliyyət göstərəcək. Ödənişsiz və könüllü əsaslarla ümumtəhsil müəssisələrində təşkil olunacaq yay məktəblərinin əsas məqsədi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsidir. Ancaq bu, pedaqoji heyət tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı müxtəlif səbəb gətirirlər. 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov və təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirdilər.
Anar İsgəndərov dedi ki, həm 44 günlük müharibənin, həm də pandemiyanın təsir etdiyi sahələrdən biri də bağça, məktəb və ali təhsil müəssisələri oldu: “Biz çətin dövrlərdən keçdik və bu proses hələ də davam edir. Hər bir işə münasibətdə onun faydalı iş əmsalı ölçülür. Pandemiya bizdən faydalı iş əmsalının bəlkə də 50 faizini aldı. Bundan başqa, xalqımız ağır müharibə dövründən keçdi. Bütün bunları deməkdə məqsədim odur ki, bu kimi çətinliklərdən keçən xalq üçün 15 günlük müvəqqəti narahatlığın öhdəsindən gəlmək, düşünürəm ki, o qədər də ağır deyil”. 
Kamran Əsədov yay məktəbinin mahiyyətindən danışaraq qeyd etdi ki, bu, tədris ili ərzində keçirilənlərin ümumiləşdirilməsi, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi üzərində qurulan bir sistemdir: “İlk növbədə qeyd edim ki, yay məktəbinin tətbiq edilməsi çox vacib və zəruri idi. Çünki pandemiya dövründə tələbələr, şagirdlər kifayət qədər tədris prosesindən kənarda qaldılar. Belə ki, ölkə ərazisində 2020-ci ilin mart ayından etibarən tədrisin təşkilində format dəyişərək ənənəvi təhsildən məsafədən təhsilə keçirildi. Bu da şagirdlər üçün təhsilin əlçatanlığına təsir göstərdi. Məhz buna görə də yay məktəbləri təşkil edilməli idi. Çünki şagirdlər təkcə kompüter, planşet, telefon olmadığına görə təhsildən kənarda qalmayıblar. Eyni zamanda müəyyən fənlər var ki, misal üçün, riyaziyyat, fizika, kimya, bu kimi fənləri məsafədən tədris etmək, demək olar ki, mümkün deyil. Ona görə də hesab edirəm ki, yay məktəblərində şagirdlərin iştirakı vacibdir. Bir sözlə, əsas mahiyyət ondan ibarətdir ki, bir il dörd ay ərzində keçirilməyən və yaxud da zəif keçirilən, eyni zamanda şagirdlər tərəfindən mənimsənilməyən və yaxud da zəif mənimsənilən mövzular həmin ikihəftəlik dərs müddətində hər gün məktəbə getməklə tədris olunacaq. Onu da qeyd edim ki, burada yalnız      1-10-cu sinif şagirdləri iştirak edəcəklər”. 
Ekspert müəllimlərin yay məktəbinə olan mövqeyinə də toxundu: “Əmək Məcəlləsinə görə, müəllimlər iyunun 30-na qədər məktəbdədirlər. Düzdür, jurnalların yazılması, yekun summativlərin qiymətləndirilməsi və sairə ilə bağlı onların kifayət qədər vaxtları gedir. Ancaq nəzərə alsaq ki, yay məktəbinə qoşulmaq könüllü əsaslarla aparılacaq, bu da qruplarda şagird sayının az olaraq təşkil edilməsinə imkan verəcək. Eyni zamanda dərslər həftədə beş gün 4 dərsdən ibarət keçiriləcək. Bu baxımdan da müəllimlərin tədrislə bağlı yekun işlərini həll etmək üçün kifayət qədər vaxtları olacaq. 
Bir qrup müəllim də havanın o tarixlərdə isti keçməsini və həm müəllimlər, həm də şagirdlər üçün tədrisin çətin olacağını səbəb gətirirlər. Ancaq nəzərə alsaq ki, dərslərin keçirilmə vaxtı saat 8-dən maksimum 1-ə qədərdir və həmin saatlarda temperatur o qədər də yüksək olmur, ona görə də bu, problem yaratmır. 
Müəllimlərə bu tarixlərə görə əməkhaqqının ödənilməsi məsələsinə gəlincə isə, müddətli müqavilə ilə işləyənlərin müqaviləsi 15 iyunda başa çatır. Həmin müəllimlərin əməyinə ehtiyac olduğu təqdirdə onlarla hər hansısa müqavilə imzalanacaq və əvəzi ödəniləcək. Ancaq burada daha çox müddətsiz müqavilə ilə işləyənlər prosesə cəlb ediləcək. Onlar iyun ayının sonuna qədər əməkhaqqı alırlar. Ona görə birmənalı şəkildə hesab edirəm ki, bu məsələdə şagirdləri anlayışla qarşılamaq lazımdır”. 
Aliyə SƏMƏDOVA

Foto