Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Minalanmış ərazilər yeni bir  terror formasının təzahürüdür”

10 noyabr 2020-ci ildən bu günə azad edilmiş ərazilərdə 7 hərbi qulluqçu və 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs bədən xəsarətləri alıb.

09.06.2021 09:03
189
A+
A-

 

Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular birgə bəyanat imzalandığı gündən bəri 120-dən çox  ölkə vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olub. Qeyd edim ki, 10 noyabr 2020-ci ildən bu günə azad edilmiş ərazilərdə 7 hərbi qulluqçu və 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs bədən xəsarətləri alıb.
-Bunlar göstərir ki,  44 günlük müharibədə Azərbaycanın qalibiyyətini həzm edə bilməyən, daha da azğınlaşmış ermənilərin məkirli siyasəti müxtəlif terror hadisələri törətməklə davam edir. Bütün bu və ya digər erməni təxribatlarının qarşısının alınması istiqamətində müvafiq qurum və strukturlarımız hansı addımlar atır? 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Tural Gəncəliyev mövzumuzla bağlı suallarımıza aydınlıq gətirdi. Dedi ki, Vətən müharibəsi nəticəsində torpaqlarımız 30 ilə qədər davam edən işğaldan azad edildi.  Qarşılıqlı imzalanmış bəyanatın şərtlərinə əməl edərək Azərbaycan Respublikası bölgədə sülhün bərqərar olması üçün öz üzərinə düşən bütün addımları atır. Praqmativ konstruktiv gedişlərdə də tezliklə  sülhün bərqərar olmasını istəyir. Təəssüf ki, Ermənistan tərəfi bu düşüncədə deyil. Minalanmış ərazilərimizin xəritəsinin təqdim edilməməsi və bunun nəticəsi olaraq 100-dən çox vətəndaşımızın ermənilərin basdırdığı minaya düşərək müxtəlif bədən xəsarətləri alması, şəhid olması mənfur düşmənlərin növbəti təxribat əməli kimi başa düşülməlidir. Bir sözlə, Ermənistanın siyasətində minalanmış ərazilər yeni bir terror formasının təzahürüdür. Biz bunu belə başa düşürük. Hesab edirəm ki, Ermənistan ictimaiyyəti müharibəni uduzmağı həzm edə bilmir. Məhz ona görə də belə təxribat xarakterli addımlar atırlar. 
Millət vəkili qeyd etdi ki, bəlkə də ermənilər  bu əməlləri ilə psixoloji gərginlik yarada biləcəklərini, Azərbaycan vətəndaşlarının mina partlayışından qorxub gələcəkdə öz torpaqlarına dönməkdə tərəddüt edəcəklərini düşünürlər. Ancaq unudurlar ki,  44 günlük müharibədə necə ki, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında  Azəbaycan Respublikası  öz gücünə arxalanaraq diplomatik və siyasi gedişləri konstruktiv hesablayaraq addımlar atdı və torpaqlarımızı işğaldan ağılla, səbirlə, siyasi və hərbi güclə azad etdi. Əminəm ki, bu məsələdə də eynilə olacaq. Minalı ərazilərin xəritəsini təqdim etməsələr belə, biz istənilən halda torpaqlarımızı erməni terrorundan təmizləyəcəyik. Bu və digər erməni təxribatlarının qarşısının alınması ilə bağlı dövlətin istər diplomatik siyasi qurumları, istər Müdafiə Nazirliyi və digər aidiyyəti qurumları lazımi işlər aparır.  
 -Xidməti vəzifələrini icra edərkən minaya düşərək şəhid olan jurnalistlərimiz Sirac Abışov və Məhərrəm İbrahimovun ölümündən sonra Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistləri Federasiyasının baş katibləri birgə bəyanat yaydılar ki, biz Azərbaycan səlahiyyətlilərini bu ərazilərdə jurnalistləri risklərə məruz qoymamağa, Ermənistan hakimiyyətini isə daha çox mülki itki verməmək üçün minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq.  Bizi qane etməyən, ikili xarakter daşıyan bu cür bəyanatların verilməməsi üçün nə etməliyik?
 -İstər Beynəlxalq və Avropa Jurnalistlər federasiyalarının, istərsə də  məsələ ilə bağlı ATƏT-in, həmçinin Avropa Şurasının insan hüquqları üzrə müvəkkilinin bəyanatlarında dışsizlik var, sərtlik yoxdur. Onlar bu məsələdə bilavasitə müharibə cinayətlərini törədən, etdikləri məkirli əməlləri ilə məsuliyyət daşıyan Ermənistanı açıq şəkildə qınamaqdan çəkinirlər. Təəssüf ki,  eyni zamanda görünən odur ki, beynəlxalq  qurumları, təşkilatları  Azərbaycan vətəndaşlarının  ermənilər tərəfindən qoyulan minalarla həlak olması narahat etmir. Halbuki onlar digər xırda məsələlər barəsində dünyaya səs salır, car çəkirlər. Lakin burada insan taleyindən söhbət getdiyi bir məqamda səssiz qalmağa üstünlük verir, etinasız münasibət göstərirlər. Bu, beynəlxalq qurumların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son 30 il ərzində etinasız münasibətinin davamı, eyni zamanda beynəlxalq hüququn, beynəlxalq ədalətin müasir dünyada nə qədər zəif olduğunun, işləmədiyinin göstəricisidir. Məhz bu amilləri nəzərə alaraq, necə ki, torpaqlarımızı öz gücümüzlə geri qaytardıq, BMT-nin müvafiq qətnamələrini özümüz icra etdik , eləcə də torpaqlarımızı minalaradan öz gücümüzlə təmizləyəcəyik.  Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Məsələn, mən millət vəkili, parlamentin  üzvü olaraq Milli Məclis çərçivəsində keçirdiyimiz görüşlərdə, təmsil olunduğumuz beynəlxalq qruplarda mütəmadi olaraq bu məsələyə toxunuram.  Aidiyyəti qurumlara məktublar yazırıq. Lakin dediyim kimi, hələ də ermənipərəst qüvvələrin  beynəlxalq təşkilatlarda, beynəlxalq ictimaiyyət arasında öz fikirləri ilə israrla Azərbaycan əleyhinə və beynəlxalq hüquqa əks olan addımlar atdığının şahidi oluruq. 
Təbii ki, Azərbaycana dost olan dövlətlər  daima bizi dəstəkləyir. Bu məsələdə də eynilə dəstək olacaqlarından əminəm. Lakin arzu edirik ki, bütün dünya ölkələri erməni vəhşiliklərini görsün və bununla bağlı lazımi addımlar atılsın. 
-Mina probleminin bugünkü gedişlə həllinə cəhd edilərsə, yerli əhalinin Qarabağa köçürülməsinə nail olmaq üçün bizə nə qədər vaxt lazım gələcək?
Ermənistanın terror əməlləri müəyyən prosesləri gecikdirə bilər, ancaq dövlətimizin qarşısında duran hədəflərə çatmağımıza heç nə ilə mane ola bilməyəcək. Biz ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyini düşünmək, ikinci mərhələdə ləyaqətli qayıdış və ləyaqətli yaşayışı təmin etməliyik. Bunlar qarşımıza qoyduğumuz çox mühüm hədəflərdir. Bu proseslər mərhələli şəkildə gedəcəyi üçün  konkret bir zaman çərçivəsinə salmaq və tarix göstərmək düzgün olmaz. Ancaq əminəm ki, bütün bu minalardan təmizlənmə, Qarabağın sürətlə yenidən qurulmasına, bərpası prosesinə yaxın gələcəkdə nail olacağıq. Torpaqlarımız minalardan təmizlənəcək, Zəngəzur dəhlizi  açılıb fəaliyyət göstərəcək, azad olunmuş ərazilərdə bütün kommunikasiya xətləri bərpa olunacaq və bütün bu sadaladıqlarım  Azərbaycanın gücünə güc qatacaq. 

Əsli TELMANQIZI