Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Antibiotik antisağlamlıq da ola bilər

Bəs kəskin respirator infeksiyalardan qorunmaq üçün hansı addımlar atılmalıdır?

15.02.2023 16:55
199
A+
A-

Son günlər əhali arasında boğaz ağrısı, qızdırma və halsızlıqla müşahidə edilən respirator virus infeksiyaları geniş yayılıb. Təəssüf ki, çox vaxt insanlar həkim müayinəsinə deyil “özünümüalicəyə” daha çox üstünlük verirlər. Bəziləri soyuqdəymə hiss edəndə, qızdırması qalxanda apteklərə gedib, tez sağalmaq üçün, antibiotik alırlar.

Dərmanları, xüsusilə antibiotikləri həkim resepti olmadan satmaq, qəbul etmək hallarının qarşısını almaq üçün nələr etmək lazımdır? Başqa sözlə, bunu maarifləndirmə, yoxsa inzibati qaydalarla həyata keçirmək daha faydalı olardı? Mən bu suallarla bağlı mütəxəssislərə müraciət etməzdən əvvəl qısa araşdırma apardım. Əvvəlcə antibiotik sözünün dilimizə tərcüməsinə diqqət yetirək. Yunan dilindən alınma bu sözün mənası belədir: anti-qarşı, bios isə həyat deməkdir. Deməli, bu dərman həm də həyata qarşıdır. Ona görə də antibiotiklərdən doğru istifadə edilməməsi böyük faciələrə yol açır. Gərəksiz antibiotik istifadəsi immunitet sisteminə zərər verir. Xüsusilə zərərli mikrobları orqanizmdən xaric edən qara ciyərin və böyrəklərin funksiyalarını zəiflədir. Antibiotiklərin təkrar istifadəsi selikli qişa infeksiyası adlanan sinusit, qulaq iltihabı, pnevmoniya, faringit və ishal kimi xəstəliklərin daha çox yayılmasına səbəb olur.

Həkim-terapevt Sübhan Hacıyev qəzetimizə verdiyi müsahibədə problemin tibb sahəsində çox aktual olduğunu bildirdi: O da əhalinin “özünümüalicə” hallarına meyilliyinin qəbuledilməz olduğunu söylədi: “Antibiotiklər məsum dərmanlar deyil, - dedi. - Onlar insan orqanizminə verdiyi effekt qədər də ziyan vura bilir”.

S.Hacıyev vuğuladı ki, iltihablar, qızdırmalar heç də həmişə bakterial mənşəli olmur. Bakterial mənşəli infeksiya yoxdursa, antibiotik istifadə edilməməlidir. İstifadə edilərsə, ən yüngül halda, bağırsaq mikroflorası pozular. Bağırsaqlarda isə insan üçün zəruri olan lakto və bifido bakteriyalar var. Bunlar həzm prosesi üçün əvəzolunmazdır. Antibiotiklər onların sayını kəskin şəkildə azaldır və məhv edir. Bağırsaqda sovrulma prosesini pozaraq diareya və ishala yol açır. İmmunitet bağırsaqdan başlayır. İmmunitetimizin təxminən 80%-i bağırsaqlarda yerləşir.

Bundan başqa, 5-7 gündən çox qəbul olunan antibiotiklər orqanizmdə Candida kimi ağır göbələklər əmələ gətirir.

Bakterial infeksiyanın təsbit edilməsi üçün xəstədən qan və sidik nümunələri götürülməlidir. Qanın ümumi analizinin nəticələrinə görə, neytrofillər və leykositlər artmışsa, “C” reaktiv zülal normadan 10 dəfə yüksəkdirsə, orqanizmdə bakterial infeksiya şübhəsi təsdiqlənmiş olur. Eyni zamanda, 72 saatdan çox davam edən, 38.5-dən yuxarı olan, parasetamol və digər hərarətsalıcı preparatlara tabe olmayan qızdırma da göstərici ola bilər. Ancaq bu halda, xəstəliyin diaqnozuna əsaslanaraq, biz antibiotiklərdən istifadə edirik.

Antibiotiki hər gün eyni dozada və eyni vaxtda qəbul etməyə diqqət etməlisiniz. “Antibiotikin qəbulu necə olmalıdır” sualının cavabı antibiotikin növündən və xəstəlikdən asılı olaraq dəyişir. Lakin antibiotik qəbulunu həkimin müəyyən etdiyi gündən tez dayandırmaq olmaz. Bir çoxları antibiotikin qəbuluna başlayır, özünü bir balaca yaxşı hiss etdikdən sonra dayandırır. Bu, yolverilməzdir! Çünki belə olduqda bakteriyalar müqavimət göstərmək imkanı qazanar və xəstəlik yenidən qayıdar. Yaxud da bakteriyalar müqavimət gücü qazanarsa, gələcəkdə (xəstələnərkən və ya əməliyyat olunarkən) istifadə edilən antibiotik təsir etməyə bilər. Beləliklə, antibiotikin daha ağır növündən istifadə etməyə məcbur olacaqsınız.

Bəs kəskin respirator infeksiyalardan qorunmaq üçün hansı addımlar atılmalıdır?

Həkim kəskin respirator infeksiyalarının əksəriyyətinin virus mənşəli olduğunu bildirdi: “Bu tip viruslarla biz ömrümüzün istənilən çağında, xüsusən payız-qış aylarında rastlaşırıq. Lakin viruslardan qorunmaq üçün toplum yerlərində qoruyucu maskalardan istifadə, şəxsi gigiyenaya ciddi riayət etmək (əl-üz yuyulması, burun və ağız boşluğunun yaxalanması) vacibdir. Vitamin D, C, Sink və Selen mikroelementlərdən istifadə, bol-bol maye qəbul etmək, qan və limfa dövranını stimullaşdırmaq üçün sadə idman məşqləri viruslardan qorunmaq üçün immun sisteminin normal fəaliyyət göstərməsi əsas şərtlərdən biridir”.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto