Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İnsanların gələcək peşə və bacarıqları müasir əmək bazarının tələbləri ilə uyğunlaşdırılmalıdır

Dövlətin  imkanları genişdir, qlobal trendləri görməyi, təhlil etməyi bacarır və nəticədə uzunmüddətli dövrdə əmək bazarının yeni trendlərə uyğunlaşdırılması mövqeyini ortaya qoyur.

15.02.2023 16:57
199
A+
A-

“Xüsusilə son zamanlar belə bir fikir formalaşmaqdadır  ki, texnologiyaların sürətli inkişafı insan əməyinə tələbi azaldacaq və nəticədə ciddi işsizlik geniş miqyas alacaq. Bu iddia iqtisadi nəzəriyyələrdə, iqtisadi yanaşmalarda da öz əksini tapır. Əsası 1- ci sənaye inqilabından sonra ortaya çıxan istehsalatda robotların tətbiqi prosesinə  cəmiyyətlər mümkün qədər konservativ yanaşırdı. Dəyişikliyə ən sərt reaksiya isə Fransada verilirdi. Hansı ki, “sabotaj” sözü də məhz bu zaman yaranmışdı. Orada   qadınlar öz sabolarını iş yerlərinə quraşdırılan yeni avadanlıqların gözünə atmaqla onları sıradan çıxartmağa çalışırdılar. Bunu isə iş yerlərini qorumaq adı ilə əlaqələndirirdilər”.

 Bunu iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi. Qeyd etdi ki, 90-cı illərdən bəri müasirləşən texnologiyaların yeni fəaliyyət sahələri yaratdığının şahidi oluruq. Məsələn, uzun müddətdir dünyada müzakirə edilən mövzulardan biri texnologiya və onlayn bankçılığın inkişafı nəticəsində bank sektorunda insan əməyinə olan tələbin kəskin şəkildə aşağı düşəcəyidir. Bu, ölkəmizdə də özünü göstərməkdədir. Mütəxəssislərin fikrincə, bu sahədə ştatların nəinki ixtisara düşməsi, yaxın 10 il ərzində  artıq bank xidmətində insan əməyinə ehtiyac qalmayacağı görünür. Bank sektorunda əməliyyatçı, kassir, kredit şöbəsi və s. bunlar mərhələli şəkildə əmək bazarından çıxır.  Banklar kreditlərini, məhsullarını müştərilərinə artıq onlayn şəkildə təqdim edir. Mərkəzləşdirilmiş elektron informasiya sistemləri vasitəsilə sənədləri də əldə etmək mümkün olur.

Həmsöhbətim bildirdi  ki, bununla yanaşı, növbəti 20 il ərzində informasiya texnologiyaları (İT)  xidmətlərinə, rəqəmsallaşma, turizm sahəsinə, psixoloji, sosioloji xidmətlər sahəsində dəstəyin verilməsi ilə bağlı  kadrlara ehtiyac yaranacaq. Bu boşluq hazırda ölkəmizdə aydın şəkildə görünür. Əksər ölkələrdə səhiyyə sahəsində xidmətlərə tələb böyüyür, insanların həyat tərzi, gəlirləri dəyişdikcə sağlam yaşama istiqamətində baxış və davranışlar da dəyişir. Pandemiya dönəmində  bu sahə üzrə ixtisaslaşmış ölkələr olan Vyetnam, Koreya,  Almaniya gözlənilən ümidləri doğrultmadı. ABŞ hökumətinin  bu sahənin inkişafı üçün  60 milyarda yaxın vəsait ayırması da təsadüfi deyil.  Son dövrlərdə xüsusilə də estetik əməliyyat edən həkimlərə daha çox  tələb yaranır. Deməli, bu sahədəki statistik təhlillər də göstərir ki, əmək bazarında insan əməyinin məhdudlaşması, ixtisarı fikri yanlışdır. Sadəcə, dünya sosial istiqamətdən daha çox texnoloji istiqamətlərə keçir.

Gəldiyimiz nəticə odur ki, əsas məsələ insanların gələcək peşə və bacarıqlarını zamanla müasir əmək bazarının tələblərinə uyğunlaşdırmaqdır. Bu prosesi isə sıravi insanlar fərdi şəkildə həll edə bilməz. Çünki informasiya qıtlığı, uzunmüddətli proqnozlaşdırılmada məhdudiyyətlər və s. insanların həll edə biləcəyi  bir məsələ deyil. Bu halda bu prosesin gedişatını kim, necə tənzimləməlidir?

İlk növbədə peşə məktəbləri, təhsil müəssisələri kadr hazırlayarkən gündəmi nəzərə almalıdır. Bəzi ixtisaslar var ki, bu gün,  ümumiyyətlə, heç nəyə yararlı deyil, onlar yenilənməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində hər il təhsil müəssisələri strateji baxış keçirir. İxtisasların təkmilləşdirilməsi zamanı əmək bazarının və iqtisadi dəyişikliklərin tələbləri göz önündə tutulur. Bizdə də həm təhsil müəssisələri və dövlət məşğulluq strategiyaları təşviqedici rol oynamalıdır.

Dövlətin  imkanları genişdir, qlobal trendləri görməyi, təhlil etməyi bacarır və nəticədə uzunmüddətli dövrdə əmək bazarının yeni trendlərə uyğunlaşdırılması mövqeyini ortaya qoyur. Ona görə də bu gün Azərbaycanda dövlət məşğulluq xidməti mütəmadi olaraq  peşə və bacarıqların artırılması ilə bağlı müxtəlif proqramlar təşkil etməlidir. Dövlət məşğulluq xidməti öz siyasətini daha çox bu istiqamətə yönəltməlidir.

Çünki zaman keçdikcə ixtisassız işçilərə, əməktutumlu işçilərə tələb aşağı düşəcək. Daha peşəkar və rəqəmsal dijital tutumlu fəaliyyət sahələrində isə əməyə tələb artacaq. İnsanlar peşə seçərkən bu məqamlara diqqət etməlidir.

 

ETİKETLƏR:

Foto