Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanın qüruru

Mərhəmət və xeyirxahlıq

22.02.2023 11:37
9
A+
A-

Türkiyə Cümhuriyyətində baş verən zəlzələnin faciəvi nəticəsinin aradan qaldırılması üçün demək olar ki, bütün dünya səfərbər oldu. Amma bütün bu prosesdə Azərbaycan xalqının və Azərbaycan Prezidentinin göstərdiyi mərhəmət, qayğı, yardım, dəstək isə ən öndə oldu, nümunə yaratdı. Azərbaycanın hər bir rayonundan, kəndindən, məhəlləsindən qardaş ölkəyə  yardımlar göndərildi.

Amma bu məqamda xüsusi qeyd etməliyik ki, bu prosesdə də hər zaman olduğu kimi, qayğıya, köməyə ehtiyacı olanların yanına birinci yetişən, imdadına ən tez çatan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın mərhəməti, fədakarlığı daha fərqli oldu. Mehriban xanım Əliyeva yenə də azərbaycanlı qardaşlığının, dostluğunun ən yüksək təcəssümünü nümayiş etdirdi. Məhz Mehriban xanım Əliyeva zəlzələ baş verən ilk anlardan etibarən bununla bağlı təşəbbüslə çıxış etdi və həm rəhbərlik etdiyi Heydər Əliyev Fondu, həm də xalq tərəfindən yardıma ehtiyacı olan qardaşlarımıza kütləvi kömək kampaniyasına başlanıldı.

Mərhəmət və xeyirxahlıq

Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı etdiyi paylaşımda Mehriban xanım Əliyeva bildirdi ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Köməyə ehtiyacı olanlara yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, təşkilata təşəkkür edən birinci xanım azərbaycanlı olduğuna görə qürur duyduğunu bəyan etdi: “Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!”

Ümumiyyətlə, Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən Heydər Əliyev Fondu Türkiyəyə bir neçə humanitar yardım təyyarələri göndərib. Bu yardımlar çərçivəsində zəlzələdən zərərçəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar çatdırılıb.

Mübaliğəsiz demək olar ki, hər bir azərbaycanlı Mehriban xanım Əliyevanın mərhəmət, yardımsevər, qayğıkeşlik örnəyi olması ilə qürur hissi keçirir.    

Ümumiyyətlə, Azərbaycanın birinci xanımı üçün bu qayğıkeşlik, humanistlik təkcə qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı deyil, Heydər Əliyev Fondunun rəhbəri bəşəri hisslərlə yaşayır. Onun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir.

Ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən dost ölkəyə edilən yardımlar, Vatikanda müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin, “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin, Fransanın Strasburq şəhərində Kafedral kilsəsinin, Parisdə Versal sarayının parkındakı abidələrin bərpası,  Fransada yerləşən məşhur Notr-Dam kilsəsinin təmir edilməsi bunu təsdiqləyən reallıqlardır.

Heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın bu missiyası, coğrafi sərhədləri aşan xoşməramlı fəaliyyəti beynəlxalq arenada, geniş qlobal platformada olduqca yüksək qiymətləndirilir, Azərbaycanın bəşər sivilizasiyasının mənəvi xəzinəsinin zənginləşməsinə vacib töhfəsi kimi dəyərləndirilir.

Qəhrəman qazilərə göstərilən qayğı

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də dünyada yüksək ehtiram sahibi olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdən biridir.

Məhz Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Həyata keçirdiyi xoşməramlı layihələr, reallaşdırdığı genişmiqyaslı proqramlar onu xalqın sevimlisinə çevirib.

44 günlük Vətən müharibəsi zamanı sağlamlığını Vətən, torpaq yolunda qurban verərək bədəninin müxtəlif orqanlarını itirən igidlərimizin ən müasir protezlərlə təmin edilməsi prosesinə şəxsən nəzarət edən Mehriban xanım Əliyeva bu xoşməramlı missiyası ilə yüzlərlə qəhrəmana yeni həyat bəxş etmişdir. Döyüşlər zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirilmiş, onlara fərdi yanaşma tətbiq olunmuşdur. Belə ki, yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilmişdir. Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğu yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Bir sözlə, Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz 4-cü, son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edir, hətta idman yarışlarında iştirak edə bilmək bacarığına sahib olurlar.

Qarabağ və Şərqi Zəngəzurda mədəni-dini abidələrin bərpası

Heydər Əliyev Fondu öz fəaliyyəti çərçivəsində 2020-ci ilin sentyabrında başlanan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də qələbə üçün öz töhfəsini verdi.

Böyük qələbədən sonra Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, xüsusilə də xalqımızın erməni barbarları tərəfindən dağıdılan tarixi, mədəni, dini irsinin bərpası istiqamətində mühüm fəaliyyət göstərir. Hələ 2020-ci il dekabrın 8-də Birinci vitse-prezident rəsmi instaqram səhifəsindəki paylaşımında bildirmişdir ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır.  Hazırda fond tərəfindən işğaldan azad edilən bölgələrimizdəki bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib.

Heydər Əliyev Fondu Şuşada da quruculuq və bərpa işlərini gerçəkləşdirərək şəhərin bərpasına öz sanballı töhfələrini verir. Fond Şuşada  Saatlı, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin, Ağdam Cümə məscidinin, Zəngilan məscidinin, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin, Mehmandarovların malikanə kompleksinin, məşhur tarzən Sadıqcanın evinin və Şirin su hamamının təmir-bərpa işlərini həyata keçirir.

Heydər Əliyev Fondu Qarabağ bölgəsində tarixən var olan mədəni ənənələrimizi də bərpa edir. 32 ildən sonra Şuşada, Cıdır düzündə fond tərəfindən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı, Vaqif Poeziya Günləri təşkil olundu.

Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bu layihələrə ən yüksək qiyməti Prezident İlham Əliyev verib. Dövlət başçısı bildirib ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür və bu, fondun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, Vətən qarşısında yerinə yetirilən şərəfli borcdur.

Bundan başqa, Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin, habelə Zirə Mədəniyyət Mərkəzinin istifadəyə verilməsi Mehriban Əliyevanın Azərbaycanın mədəni dəyərlərinin qorunması və təbliğatı sahəsində layihələrinin tərkib hissəsidir. Bütün bunlar Azərbaycan mədəniyyətinin inkişafına və təbliğatına xidmət göstərən xoşməramlı missiyadır.

Kimsəsizlərin hamisi, böyük dayaq

Bu bir həqiqətdir ki, Mehriban Əliyevanın rəhbərik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda və dünyada bir çox layihələr həyata keçirir. Fondun səhiyyə, elm və təhsil, sosial və mədəniyyət sahəsi üzrə reallaşdırdığı xeyriyyəçi layihələr xalq tərəfindən hər zaman təqdir edilir.

Bu layihələrin içərisində keçmiş şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin, keçmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, kimsəsiz, internat məktəbində böyüyən uşaqlara diqqət və qayğı ilə bağlı məsələlər Mehriban xanım Əliyevanın fəaliyyətinin prioriteti olub. Hər zaman bu kateqoriyadan olan insanları diqqətdə saxlayan Mehriban xanım Əliyeva onlarla tez-tez görüş keçirir, problemlərini dinləyir və yerində həllinə çalışır.

Mehriban xanım Əliyeva həm də valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, onların dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahının yüksəlməsinə, xoşbəxt yaşamasına sərf edir. Bütün bunlar isə insanlarda ona qarşı tükənməz sevgi hissi formalaşdırır. İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Mərhəmət, qayğıkeşlik və xeyriyyəçilik xüsusiyyətlərinə görə Mehriban xanım Əliyeva xalqımızın qəlbində, yaddaşlarda, xoşməramlı məğrur Azərbaycan qadını obrazı yaradıb. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib.    

Humanizm və insanpərvərlik ənənələrinə sadiqlik

Etiraf etməliyik ki, Mehriban Əliyeva hələ deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının bütün sahələrində olan problemli məsələləri diqqətindən kənarda qoymayıb.

2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rol oynayıb.

Parlamentin deputatı olduğu zamanlar daim seçicilərlə görüşən, onların qayğıları ilə maraqlanan, sosial problemlərinin həlli istiqamətində tədbirlər görən Mehriban Əliyeva seçicilərin dərin hörmət və rəğbətini qazanmaqla Milli Məclisdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. O, eyni zamanda Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır. Mehriban xanımın təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində uğurla həyata keçirdiyi layihələr ölkəmizin inkişafına mühüm töhfə verir.

Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı olan insanların yanında olub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarına sadiq qalaraq Mehriban xanım Əliyeva deputat kimi Milli Məclisdə  4 amnistiya aktının (2007, 2009, 2013 və 2016-cı illərdə) qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

2016-cı ildə Mehriban xanım Əliyeva böyük amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisdə keçirilən xüsusi iclasda çıxış edərək bildirmişdir ki, 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib. 2007-ci, 2009-cu və 2013-cü illərdə fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarının hər birinə dərin minnətdarlığını bildirən Mehriban xanım Əliyeva vurğulamışdır ki, Heydər Əliyev Fondu fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün fonda üz tutan insanlar bu məkanı son ümid yeri kimi qiymətləndirirlər.

Azadlığa çıxan məhkumlara yeni həyatlarında uğurlar diləyən Mehriban xanım Əliyeva demişdir: “Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik”.

Bu səmimi fikirlər bir daha Mehriban xanım Əliyevanın qəlbinin böyüklüyünün, bağışlamaq, əfv etmək, yardım, kömək göstərmək kimi xoş əməllərə sadiqliyinin bariz təcəssümüdür.

Layiqli xidmət missiyası

Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyevlə birgə Mehriban xanım Əliyevanın da ölkənin inkişaf strategiyasının hazırlanmasında, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezidentin ən yaxın silahdaşı olan Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini xalq hər zaman yüksək qiymətləndirib. Məhz bu fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli mütərəqqi layihələri, istedad və bacarığı onun 2017-ci ildə ölkənin Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirdi.

Ölkə tarixində dərin islahatlar ili kimi yadda qalan 2016-cı ildə ümumxalq referendumu keçirildi. Ən islahatçı Prezidentin təşəbbüsü ilə keçirilən referendumda seçicilərin etimadı xalqın dövlət başçısına inamının əyani göstəricisi idi. Yəni xalq cənab Prezident İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstəyini nümayiş etdirdi.

Həmin ildə islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən ümumxalq referendumu ilə Konstitusiyaya dəyişikliklər edildi və həmçinin Azərbaycanda yeni vitse-prezidentlik institutu yaradıldı. Eyni zamanda daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu vəzifəyə məhz Mehriban xanım Əliyevanın təyin edilməsi isə heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrində həyata keçirdiyi layihələr inkişafa əvəzsiz töhfələr verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Həmin gün Prezidentin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bildirdi ki, Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır. Çox peşəkar, bilikli, təcrübəli, prinsipial, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır: “Bütün bu sadaladığım amilləri nəzərə alaraq mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.

Altı ildir ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyət göstərir və gördüyü işlərin, həyata keçirdiyi layihələrin, irəli sürdüyü təşəbbüslərin hər biri Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin inkişafına və vətəndaşları narahat edən problemlərin həllinə yönəlib. Yəni son 6 ildə Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasətə nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik edərik.

Yüksək təşkilatçılıq, idarəçilik məharəti

Mehriban xanım Əliyeva həmçinin Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində reallaşıb. İki il yarım ərzində bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunlarının tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalmasında Mehriban xanımın böyük əməyi var. Bunu təkcə Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyəti söyləyir. Hər iki mühüm yarışdan sonra beynəlxalq idman ictimaiyyətinin nümayəndələrinin, idmançıların, məşqçilərin öz ölkələrində səsləndirdikləri fikirlər əsl həqiqəti əks etdirdi. Azərbaycan bu yarışlarda ortaya nümunə qoydu və bu yarışların təkcə idman yarışı deyil, həmrəylik bayramlarına çevrildiyi vurğulandı. Azərbaycan Şərqlə, Qərb arasında oynadığı mənəvi körpü rolunu daha da möhkəmləndirdi.  

Birmənalı şəkildə deyə bilərik ki, onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır, ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. Mehriban xanım Əliyeva hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara sovqatlar,  hədiyyələr göndərilir.

Mehriban xanım Əliyevanın bu əvəzolunmaz fəaliyyətini, həyata keçirdiyi uğurlu missiyanı xalqımız hər zaman təqdir edib, Prezident İlham Əliyev isə çox yüksək qiymətləndirib. Dövlət başçısı 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanı Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edib.

 

Əlbəttə ki, bu, Mehriban xanım Əliyevanın halal zəhmətinə verilən ən yüksək qiymətdir. Əminliklə deyə bilərik ki, Azərbaycanın   Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə xalqımızın xoşbəxtliyi, firavan həyatı, dövlətimizin yüksəlişi, daha da qüdrətlənməsi istiqamətində möhtəşəm layihələr həyata    keçirəcəklər.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.

“Azərbaycan” qəzeti

21.02.2023

ETİKETLƏR: