Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkəmizdə dayə institutunun inkişafı və sistemləşdirilməsi zəruridir

Azərbaycanda dayə peşəsi üzrə xüsusi məktəblər olmadığından nə valideynlər, nə də dayələr görəcəkləri işin mahiyyətini, hüquqlarını bilmirlər.

22.02.2023 12:51
32
A+
A-

Qloballaşan dünyada bir çox ailələrdə hər iki valideyn çalışdığı üçün evdə əlavə köməyə ehtiyac duyulur. Hazırda vətəndaşlar və əsasən işləyən valideynlər qulluqçu, dayələrin seçimində çətinlik çəkirlər. İndiki dövrdə təhlükəsiz, güvənli və sağlam işçi tapmaq qızıl dəyərindədir.

Bu məsələ həm də qadınların məşğulluğuna, əmək bazarına daha çox cəlb olunmasına birbaşa təsir edir. Öncə, bağça şəbəkələrinin genişləndirilməsi, onların pulsuz və ya əlçatan qiymətə olması vacibdir. Digər bir məsələ isə, dayə institutunun inkişafıdır.

Şəxsi evlərə işləmək üçün qulluqçu və ya dayə dəvət etməyin təkcə Qərb ölkələrində deyil, elə bizim ölkəmizdə də böyük ənənəsi var. Dahi Üzeyir Hacıbəylinin dünyaca məşhur operettaları əsasında ərsəyə gələn “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Sani Axundovun əsəri əsasında çəkilən “Qaraca qız” və ya M.F.Axundovun dühasından yaranan “Dərviş Parisi partladır” və s. filmlərdə bu obrazlara rast gəlinməsi də elə bizim həyat və məişətimizin əksidir.

Qeyd edək ki, BMT-nin dünyanın 30 ölkəsində apardığı araşdırmalar zamanı 50-100 milyon arasında ev qulluqçusunun olduğu müəyyən edilib. Bu isə o deməkdir ki, həmin ölkələrdə təxminən 70-100-140 adama bir ev qulluqçusu düşür.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirdi ki, ölkəmizdə təxminən 30-40 min belə işçi var. Aidiyyəti orqanlar bunlarla əmək münasibətlərini rəsmiləşdirmək istəsələr belə, mümkünsüzdür. Ekspert təəssüflə qeyd etdi ki, bu sahə bizdə, yumşaq desək, bərbad vəziyyətdədir və hökmən tənzimlənməlidir. Evə girən adam artıq ailənin üzvünə çevrilir. “Yeni üzv” heç də həmişə etimadı doğrultmur. Əksinə, yeni problemlər yaradır.

Ev qulluğunda çalışan işçilərlə əmək münasibətinin tənzimlənməsi üçün Əmək Məcəlləsində xüsusi bir fəsil olmalıdır. Vergi orqanları bununla razılaşmayacaq. Amma biz hətta təklif edirik ki, ev qulluğunda çalışanlarla bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu fərqlilik 5-10 il, ev işlərini qeyri-formal sektordan formal sektora keçirənə qədər qalsın”.

Sahib Məmmədov onu da bildirdi ki, Bakıda MMC kimi qeydiyyatdan keçib dayə hazırlayan kurslar azdır, olanlarda isə qiymətləndirmə metodu, keyfiyyət göstəriciləri yoxdur. Yəni bu cür kurslarda necə dərs keçirilməsi sual altındadır. Çünki bu sahə üzrə nə Elm və Təhsil Nazirliyinin, nə digər aidiyyəti qurumların metodikası mövcuddur. Əslində kursu bitirən dayələr təhsil işçiləri, psixoloqlar, məşğulluq xidmətlərinin nümayəndələrindən ibarət bir qurum tərəfindən imtahan proseslərindən keçib sertifikat almalıdır. Beləliklə, işəgötürən işçinin həm tibbi tərəfdən sağlam, minimal biliklərə malik, lisenziyalı olduğuna əmin olmalıdır.

Ekspertin fikrincə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi birlikdə normativ-hüquqi sənəd hazırlamaqla dayəçilik institutunu təkmilləşdirmək mümkün olar. Sertifikatlaşma zəruridir.

Türkiyədə də dayəlik kursları mövcuddur. Bu kursları bitirənlər şirkətlər tərəfindən işə cəlb olunurlar. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, məsuliyyəti öz üzərinə götürür.

Azərbaycanda isə dayə peşəsi üzrə xüsusi məktəblər olmadığından nə valideynlər, nə də dayələr görəcəkləri işin mahiyyətini, hüquqlarını bilmirlər.

Yaxınların, qohumların məsləhəti ilə dayələr əksər hallarda uşağın yaşına uyğun davranış qaydalarını bilmirlər. Bunu bilmək üçün isə xüsusi kurs keçilməlidir. Kurslarda onlar 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmaq, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləmək və sair bacarıqlara yiyələnməlidir.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə, tək dayə yox, bu sektorda bağban, sürücü, köməkçi seçimində böyük bir boşluq var. İndiki zamanda evə cəlb olunacaq istər mədəni, istərsə də peşəkarlıq səviyyədə kadrlarımız yoxdur.

Dayələr xüsusi bürolar tərəfindən seçimdən keçiriləndən sonra hazırlanmalıdırlar. Həmin büroda 3 aylıq kurslar zamanı dayələrin xarakteri, psixoloji və emosional sağlamlığı, kriminal vəziyyətlə əlaqəsi öyrənilir. İşçi axtaran o büroya müraciət etdikdə, əminliklə hansı xarakterdə adam istəyirsə tapa bilər.

Sosioloq qeyd etdi ki, bir qisim adamlar uşaqlarının ingilis dil biliklərini artırmaq üçün xaricdən - Filippindən, Tailanddan və s. ölkələrdən gətirilən qulluqçulara üstünlük verir. Amma aparılan tədqiqatlar göstərir ki, onların dil bilikləri və ləhcələri heç də ürəkaçan deyil. Üstəlik, bu cür insanlar ailəyə daxil olanda özləri ilə birgə Azərbaycanda olmayan hər hansı bir xəstəliyi və öz mədəniyyətlərini də gətirirlər. Bizə lazımdır ki, uşaqlarımız gələcəkdə vətənpərvər böyüsünlər, hər şeydən əvvəl öz ana dillərini yaxşı bilsinlər. Ancaq Azərbaycan dilini bilməyən qulluqçular ailədə uşaqlarla məşğul olacaqlarsa, bu da böyük problem yaradır. Ən yaxşısı, milli və inanılmış kadrlar hazırlamaq lazımdır.

 Ə.Qəşəmoğlu hesab edir ki, hazırda ibtidai sinif müəllimlərindən, tibb bacılarından daha çox, belə kadrların hazırlanmasına ehtiyac var.

Sosioloqlun fikrincə, bu məsələnin həlli üçün yalnız saxta diplom və sertifikat verən kurslar yox, həqiqi mənada təhsil verən kursların olmasına ehtiyac var.

 

Araşdırma məqsədilə paytaxtın bir neçə dayə xidməti şirkətinə müraciət etdik. Bildirdilər ki, onun müştəriyə nə qədər yaxın ərazidə yaşamasına, təcrübəsinə və məsuliyyətinə üstünlük verilir. Hər biri şəhərimizin klinikalarında müayinələrdən keçirilir. Qanından ümumi analiz götürülür. Əsas infeksion xəstəliklər Hepatit B, C, vərəm xəstəlikləri olub-olmaması yoxlanılır. Namizədin məhkum olub-olmaması araşdırılır. Bu xidmətin ödənişi, şirkətdən asılı olaraq, 200-400 manat civarında dəyişir.

Günel RAFAYILQIZI

ETİKETLƏR: