Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırıldı

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də Azərbaycanın gənclər siyasətinin fəal iştirakçılarındandır. Biz də çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək, onlara dəstək olaq.

01.03.2023 11:40
47
A+
A-

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışı  müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlamışdır.

Bu gün də sizinlə bu münasibətlə təşkil edilmiş ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində görüşürük. Məlumat üçün bildirim ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi artıq 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda  turnir və futzal yarışları təşkil edir.

Həmçinin nəzərinizə çatdırıram ki, AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə respublikanın təhsil sistemində çalışan gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsi də keçirilimişdir.

Sadaladığım hər üç tədbirin iştirakçıları gənclərdir. Belə tədbirləri təşkil etməkdə bizim əsas məqsədimiz gənclərimizin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək verməkdir.

Bilirsiniz ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın     I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərimizin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələri reallaşdırmağa imkan verir.

S.Möhbalıyev deyib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Neft gəlirlərinin insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan möhtərəm Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisinə əsaslanır. Son illərdə gənclərlə bağlı icra olunmuş dövlət proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur.

Bilirsiniz ki, hazırda gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” icra olunmaqdadır.

Strategiyanın əsas hədəfi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətdə layiqli mövqe tutmaları üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Sevindirici haldır ki, gənclik bu diqqət və qayğını qiymətləndirir, ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması naminə Prezident   İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün səylərini əsirgəmirlər.

Bu gün Azərbaycan gəncləri respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin etibarlı müdafiə edilməsinə və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini verirlər.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də Azərbaycanın gənclər siyasətinin fəal iştirakçılarındandır. Biz də çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək, onlara dəstək olaq.

Bu məqsədlə ATİAHİ Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur.

Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır.

Respublika Komitəsinin sədri çıxışının sonunda bir daha hər üç tədbirin iştirakçısı və qalibi olmuş gənclərimizi ürəkdən  təbrik edib. Onlara təhsillərində, peşə fəaliyyətlərində, ictimai və şəxsi həyatlarında yeni-yeni uğurlar arzulayıb.

Sonda qaliblər mükafatlandırılıb. Onlara Fəxri      Fərman və qiymətli hədiyyələr verildi.

ETİKETLƏR:

Foto