Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məsələ yalnız ictimai müzakirələrlə məhdudlaşmamalıdır

Tələbələr dövlətin strateji xəttində ən önəmli yer tutur. Bu anlamda onlara hava nəqliyyat sistemi, quru yollarla gediş-gəliş üçün xüsusi güzəştlərin edilməsi mühüm məsələdir.

01.03.2023 12:05
10
A+
A-

Statistik göstəricilərə əsasən, hazırda xaricdə təhsil alan vətəndaşlarımızın sayı 42 min nəfərə yaxındır. Tələbə, gənclərimiz tərəfindən ən çox seçilən isə qardaş ölkə Türkiyədir. Buraya hər il ölkəmizdən öz vəsaiti hesabına təhsil almaq üçün 6 mindən çox azərbaycanlı gedir. Ümumilikdə isə hazırda Türkiyədə  30 minə yaxın vətəndaşımız təhsil alır.

Araşdırmalara əsasən, onların qardaş ölkənin ali təhsil müəssisələrinə daha çox üstünlük vermələrinin səbəbi universitetlərə qəbulun asan və əlçatan, tədrisin keyfiyyətinin və beynəlxalq reytinqinin yüksək olması, hazırlanan kadrların müasir əmək bazarının tələblərinə cavab verməsi, dil və yol yaxınlığı ilə bağlıdır. Son dövrlərdə ölkədə quru sərhədlərin bağlanması ilə orada təhsil alan tələbələrimiz ölkəyə gəlib-getməkdə müəyyən çətinliklər yaşayırlar. Çünki məcburiyyətdən hava nəqliyyatından istifadə edən tələbələr üçün yol xərci kifayət qədər çox olur. Bu problem ziyalılarımızı da çoxdandır narahat edir. Onlar dəfələrlə tələbələrə yol xərclərində müəyyən güzəştlər edilməsi təklifini irəli sürmüşdülər.

Bu təkliflər son günlər yenidən aktuallaşıb. Fevral ayının 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlər arasında azərbaycanlı tələbələr də var idi. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc müxbirimizə bildirdi ki, quru yolların bağlanılmasından sonra tələbələrin yol xərclərinin çoxluğu, bu səbəbdən də ölkəyə gəlib-getməkdə çətinlik çəkdikləri barədə ailələri tərəfindən parlament üzvlərinə çox sayda müraciət olur. Tələbələr dövlətin strateji xəttində ən önəmli yer tutur. Bu anlamda onlara hava nəqliyyat sistemi, quru yollarla gediş-gəliş üçün xüsusi güzəştlərin edilməsi mühüm məsələdir. Bu problemi gündəmdə saxlamalıyıq ki, məsələ yalnız ictimai mediada müzakirələrlə məhdudlaşmasın, cəmiyyətdən gələn bu çağırışlar dəyərləndirilməlidir. Hesab edirəm ki, müvafiq nazirliklər tərəfindən proqramların hazırlanması və dövlət rəhbərliyinə təqdim edilməsi məsələnin çözülməsi yönündə addım olar.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil, məhz təhsil aldıqları ölkədə keçirməli olurlar, - dedi. Başqa məsələ isə odur ki, Türkiyədə zəlzələ səbəbindən təhsilin distant formada olmasından orada təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi Azərbaycana qayıdıb. Onların kitabları və istifadə etdikləri dərs vəsaitləri orada qalıb. Yol xərcinin baha olmasından qayıdıb götürə bilmirlər.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılıb. Təəssüf ki, bu imkandan ancaq Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir. Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq, Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda isə tələbə biletini təqdim etməklə azərbaycanlı tələbələrin quru sərhəddən istifadəsinə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı.

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: