Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təqaüdə çıxmaq cəza deyil

Bədən qocalar, amma ruh qocalmaz, həyat sevincinizi itirməyin!

01.03.2023 12:06
25
A+
A-

Bir sıra araşdırmalar göstərir ki, təqaüdə çıxmaq bir çoxlarının sağlamlığına mənfi təsir edir.

Londonda yerləşən İqtisadi Məsələlər İnstitutunun 2013-cü ilin may ayında dərc etdiyi hesabata görə, yeni təqaüdə çıxan insanların depressiyaya tutulma ehtimalı 40% və ən azı bir xəstəlik diaqnozu qoyulma ehtimalı 60% çoxdur.

Təqaüdə çıxdıqdan sonra sağlamlığın zəifləməyinə bir sıra faktorlar təsir edir. Bunlardan ən vacibi insanı stimullaşdıran sosial mühitin itirilməsidir. Bir çox insan üçün iş onların sosial və fiziki cəhətdən ən aktiv olduğu yerdir. Əsas sosial münasibətlər aktuallığını itirdikdə, sağlamlıq zəifləməyə doğru gedir.

Psixoloqlar bunu belə izah edir: Sosial əlaqələr yox olarsa, insan tənhalaşar. Tənhalıq isə psixoloji pozuntular yaradır. Bu da özünə qulluq vərdişini dayandırır və insan hansısa fiziki xəstəliyə asanlıqla yoluxur.

Sağlamlığa təsir edə biləcək faktorlardan biri də gəlir səviyyəsinin azalmasıdır. Misal üçün, az pul qazanan şəxs daha ucuz məhsul alır, həkimə vaxtaşırı müraciət etmək imkanı olmur və idman zalı üzvlüyündən imtina edir.

Buna  müxtəlif misallar da  gətirmək  olar. Təqaüdə çıxdıqdan iki ay sonra insult keçirən, altı ay televizor qarşısında oturduğu üçün yaddaş problemləri yaranan və sair problemlərlə üzləşən insanlar haqqında çox yazılıb. Alimlər bu halların daha çox insanların təqaüd dövrünə hazırlıqsız olması ilə izah edirlər. Başqa sözlə, iş yerlərindən ayrılanda insanların çoxu nə edəcəyini bilmir. Nəticədə deqradasiyaya uğrayırlar.

Mütəxəssislər qeyd edir ki, təqaüdçülərin müəyyən bir qismi əmək fəaliyyətini dayandırmır, idmanla məşğul olur, aktiv ictimai həyat tərzi sürür. Bu, pensiyaya çıxanda sağlamlıq problemlərindən xilas olmaqdır. Tədqiqatlar göstərir ki, təqaüdçülər işdən çıxdıqdan sonra yaranan boşluğu onları stimullaşdıran fəaliyyətlərlə doldurmalıdırlar.

Robert De Nironun məşhur “Təcrübəçi” filmində yetmiş yaşlı Ben təqaüdə çıxdıqdan, həyat yoldaşını itirdikdən sonra sıxıntılı həyat yaşayır, boşluqdan əziyyət çəkir. Yenidən işə başlamaq qərarına gəlir. Ben onlayn ticarət şirkətində təcrübəçi olaraq işə başlayır. Şəbəkə ticarəti haqqında az məlumatlı olsa da, onun həyat təcrübəsi və müdrikliyi firmanın gənc işçiləri üçün çox faydalı olur. Ben isə özünü yenidən cəmiyyətə lazımlı hiss edir.

Əslində insan ömrünün müddəti indi həmişəkindən daha uzundur. Bir çox ölkələrdə insanlar orta hesabla 80 il, hətta daha çox yaşayırlar ki, bu da 1960-cı ildən 10 il çoxdur.

Finlandiyanın  həyat səviyyəsi və əhalinin rifah halı  yüksək səviyyədədir. Orada hər bir pensiyaçı teatrlara, muzeylərə, idman zallarına getmək və tematik dərnəklərdə iştirak etmək üçün müavinət alır.

İspaniya uzunömürlü insanların sayca çox olduğu ölkə kimi ikinci yerdədir. İspaniyada pensiyaçılar üçün ictimai nəqliyyatda endirimlər var, bəzi günlərdə səyahət pulsuzdur. Həm də “qocalar universitetləri” var: ədəbiyyat, fəlsəfə və xarici dillər üzrə qısa kurslar və seminarlar keçirilir.

Onu da vurğulamaq lazımdır ki, təqaüdçülər üçün səyahətlər dünya bazarının böyük bir hissəsini təşkil edir. Lakin, heyiflər olsun, Azərbaycanda əksər yaşlıların aldıqları təqaüdlər nəinki səfərə və ya müxtəlif tədbirlərə, hətta müayinələrə, müalicələrə, dərmanlara da çatmır.

Sosioloqların fikrincə, xarici ölkələrin təcrübəsindən istifadə etmək faydalı olardı. İctimai nəqliyyatda gediş-gəlişdə endirimlər tətbiq etmək zəruridir.

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə qəzetimizə verdiyi müsahibədə bildirdi ki, təqaüdə çıxma prosesini insan həyatındakı potensial böhranlı dövr kimi nəzərdən keçirir. Belə ki, müasir cəmiyyətlərdə insanın əmək qabiliyyəti və məhsuldarlığı onun sosial statusunun, eyni zamanda özünüqiymətləndirməsinin kökündə duran mühüm amillərdən biridir. Yəni təqaüdə çıxma istər-istəməz bu yaşa çatmış insanın əmək qabiliyyətinin olmaması kimi etiketlənir. Bu isə aydındır ki, yanlış yanaşmadır. Biz təqaüdə çıxma böhranının şəxsin ərtafındakı insanlar, cəmiyyətlə əlaqəli tərəflərini, həm də insanın özünün yaşla bağlı stereotipləri ilə əlaqələndirə bilərik. Çünki təqadçünün özü də bu cəmiyyətin üzvüdür və toplumda olan ön yarqılar onun da dünyagörüşündə yer alır.

Sosial Tədqiqatlar Mərkəzi olaraq, Azərbaycanda yaşlılara qayğı məsələlərini əhatə edən milli miqyaslı sorğumuzda bir sıra məsələlərlə yanaşı, yaşlılıq dövrünə aid stereotiplər də öyrənilib. Bu stereotiplər təqaüd yaşına yaxınlaşan və ya bu yaşa çatan insanların həyat keyfiyyətinə birbaşa və dolayı təsir edir, onların sosial həyatını yönləndirir və bir sıra hallarda psixoemosional durumunu şərtləndirir. Bu stereotiplərdən biri belədir: “İnsan yaşlandıqca, onun gördüyü işin keyfiyyəti azalır”. Respondentlərin ümumən 87,5%-i bu fikirlə razılaşıb. Bu nəinki yaşlandıqca işədüzəlmə imkanlarını azaldır, həm də yaşlıların bir işçi kimi özünə verdiyi dəyərə mənfi təsir göstərir. Digər fikir “Yaşlı insanın tez-tez xəstələnməsi təbiidir” qənaətidir. Respondentlərin 89,6%-i bu fikirlə razılaşıb. İlk baxışdan bu, sanki adi fakt kimi görünür. Ancaq düşünün, yaşlılığın xəstəlik dövrü kimi nəzərdən keçirilməsi əslində nə deməkdir. Yəni bu, həyatdan gözləntidir.

Sanki insan yaşlanıbsa, onun ümidi yalnız bir qədər az xəstələnmək ola bilər. Sanki yaşlı insanın fəal, həyat enerjili olması norma ola bilməz. Belə fikir həm də yaşlı insanları fəallıqdan çəkindirir, qorxudur, sağlamlığa ziyan dəyər deyə. Başqa bir stereotip isə yaşlı insanların xarakterinin çətinləşməsi, onlarla ünsiyyətin pisləşməsi ilə əlaqəli idi. Respondentlərin 84%-i bu fikirlə razılaşmışdı. Əlbəttə, belə hallar olur, ancaq belə ümumiləşdirmə təqaüdə çıxan yaşlı insanın özgələşdirilməsi, ünsiyyət çevrəsinin daralmasına yol aça bilər.

Təqaüd yaşlı insanların cəmiyyətdə üzləşdiyi ayrı-seçkilik halları da onların durumuna mənfi təsir göstərir. Sorğuda iştirak etmiş 1212 respondenin 33%-i əmək və işəgötürmədə yaşlıların ayrı-seçkiliyə məruz qaldığını qeyd edib. 24% nəqliyyatda, 19% isə səhiyyə ocaqlarında ayrı-seçkiliyin yüksək olduğunu təsdiqləyib. Əlbəttə, Azərbaycan cəmiyyətində yaşlılara hörmət dəyəri mövcuddur. Bunu nəzərə almaya bilmərik. Ancaq bu, müvafiq sahədə neqativ halların olmaması anlamına gəlmir.

H.Axundzadə onu da qeyd etdi ki, ümumən təqaüd yaşı onların cəmiyyətimizdə yeni həyat dövrü kimi deyil, həyatın sonunun yaşanılması kimi qavranılır. Bu fikirlər isə yaşlıları nələrisə öyrənməyə, yeni növ fəaliyyətlərlə məşğul olmağa sövq etmir, əksinə. Əlbəttə, burada mövcud imkanlar da önəmlidir. Yaşlılıq dövründə davamlı öyrənmə, sosial fəallıq üçün imkanların yaradılması, yaşlı insanlar üçün fəaliyyətlərin təşkili, səyahət, ekskursiya təkliflərinin təqdim olunması vacibdir. Yəni bu, ikitərəfli prosesdir. Bir tərəfdən, cəmiyyətin stereotipləri dəyişməli, təkliflər və imkanlar hazırlamalı, onları əlçatan etməli, digər tərəfdən, yaşlılar özləri “gümüşü yaş”larını necə keçirəcəklərini təftiş etməlidirlər.

Bədən qocalar, amma ruh qocalmaz, həyat sevincinizi itirməyin!

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto