Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu qardaş ölkədə çoxsaylı görüşlər keçirdi

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edib.

09.06.2021 09:38
42
A+
A-

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyətinin üzvləri iyunun 8-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.
Sonra işçi qrupun üzvləri - Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Kənd təsərrüfatı, meşə və kənd işləri komissiyasının sədri Yunus Kılıçla görüşüblər.
Görüşdə Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı əlaqələr yüksək dəyərləndirilib.
Yunus Kılıç bildirib ki, Türkiyə parlamentindəki komissiyalar tarixi ənənələrə uyğun olaraq fəaliyyət göstərir.
Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, iki qardaş ölkənin qanunverici orqanları, eləcə də komissiyalar arasındakı münasibətlərin səmərəliliyinin artırılması üçün əlaqələr daha da intensivləşdirilməlidir.
Çıxışlarda diqqətə çatdırılıb ki, rəşadətli Zəfərdən sonra Azərbaycan ilə Türkiyə arasında, digər sahələrdə olduğu kimi, aqrar sektorda da əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işləri üçün Türkiyə bütün imkanları ilə qardaş köməyi göstərir.
Ölkəmizin aqrar siyasətindən, bu sahədə qazanılan nailiyyətlərdən, Qarabağ Zəfəri əsasında yaranmış perspektivlərdən bəhs edən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Eldar İbrahimov diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilər bərəkətli, məhsuldar torpaqlardır. Odur ki, bundan sonra Azərbaycan kənd təsərrüfatı və heyvandarlıqda böyük inkişaf əldə edəcək.
Qrupun üzvü Eldar Quliyev vurğulayıb ki, Türkiyənin də dəstəyi ilə minalardan təmizlənən Azərbaycan əraziləri ən qısa zamanda istifadəyə cəlb olunacaqdır.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan və Türkiyə aqrar sahədə, kənd təsərrüfatı, meşəçilik, su hövzələrindən səmərəli istifadə məsələlərində də sıx əməkdaşlıq edəcəklər.
Təəssüflə qeyd olunub ki, təcavüzkar Ermənistan 30 illik işğal dövründə nəzarət altında saxladığı Azərbaycan ərazilərində əsl soyqırımı həyata keçirib. O cümlədən torpaq sahələri qanunsuz istismar olunub, meşələr məhv edilib, su mənbələri məqsədyönlü şəkildə çirkləndirilib.
Növbəti görüş Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutub.
Görüşdə Azərbaycan və Türkiyənin parlament dostluq qrupları arasındakı əlaqələr yüksək dəyərləndirilib, gələcək birgə fəaliyyətə dair səmərəli fikir mübadiləsi aparılıb.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər münasibətilə yenidən təbriklərini çatdıran, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Qələbədən sonrakı proseslər, erməni lobbisinin təxribatları və buna qarşı tədbirlər barədə fikirlərini bölüşüb. Müharibə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd siyasi partiyanın Azərbaycana göstərdiyi birgə dəstək bəyanatını xatırladan Şamil Ayrım diqqətə çatdırıb ki, Azərbaycanın dövlət müstəqilliyini özününkü kimi dəyərləndirən Türkiyə bütün məsələlərdə, eləcə də işğal altındakı torpaqlarımızın azadlığına göstərdiyi qardaşlıq dəstəyini bütün sahələrdə sonadək davam etdirəcək.
Yüksək qonaqpərvərliyə görə təşəkkürlərini çatdıran Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov əminliklə bildirib ki, Azərbaycan və Türkiyə parlamentlərindəki dostluq qrupları bundan sonra da fəal şəkildə çalışacaq. Qırx dörd günlük Vətən müharibəsi dövründə Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi qardaşlıq münasibəti kimi dəyərləndirən Əhliman Əmiraslanov vurğulayıb ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun Gəncəyə səfəri düşməndə böyük təlaş və vahimə yaratmışdı. Müharibənin sona çatmasını bildirən üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı bəndin icrası prosesinə toxunan Əhliman Əmiraslanov əminliklə vurğulayıb ki, nəqliyyat və kommunikasiyaların açılması regionda bütün sülhsevər tərəflərin maraqlarına uyğundur.
“Bir millət, iki dövlət” ifadəsini xatırladan TBMM-in deputatı Aylin Cəsur Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl ilə ümummilli lider Heydər Əliyevin qardaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, böyük liderlərin ideyaları bu gün gerçəkliyə çevrilib.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Səttar Möhbalıyev, eləcə də türkiyəli deputatlar iki qardaş ölkənin tarixi münasibətləri, dərin köklərə əsaslanan ənənələr, birgə dəyərlər barədə fikirlərini bölüşüb, gələcək fəaliyyətin səmərəli nəticələri üçün təkliflərlə çıxış ediblər.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimizin birgə inkişafında mühüm rol oynadığını qeyd ediblər. Dövlət başçılarının siyasi iradələri və qətiyyətli qərarları təkcə Azərbaycan və Türkiyənin deyil, böyük bir coğrafiyada inkişafa və tərəqqiyə zəmin yaradıb.
Diqqətə çatdırılıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının siyasi-mənəvi dəstəyi tarixi  Zəfərdə böyük əhəmiyyətə malik olub.
Görüşdə Azərbaycan və Türkiyənin ümumi maraq doğuran məsələlərdə birgə fəaliyyətlərə dair səmərəli fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması istiqamətində davamlı səylər regional inkişaf baxımından böyük önəm daşıyır.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu iyunun 8-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım başda olmaqla, qrup üzvləri də görüşdə iştirak ediblər.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yüksək dəyərləndirilib, Vətən müharibəsi nəticəsində parlaq Zəfərin əldə olunmasında Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək məmnunluqla xatırlanıb, bölgədəki yeni siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz iyunun 9-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.
Azərbaycan Respublikasının Milli Məclisi adından Atatürkün məzarı önünə əklil qoyulub.
Nümayəndə heyətinin üzvləri Anıtqəbir muzeyi ilə tanış olub, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xatirə kitabına ürək sözlərini yazıb.
Daha bir görüş Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə keçirilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.
Qeyd edək ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.
Azərbaycanın parlament nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Rəcəb Akdağ ilə də görüşüb.
Görüşdə Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı münasibətlərdən bəhs olunub, əlaqələrin inkişafı yüksək dəyərləndirilib, təcavüzkar Ermənistan üzərində qazanılan şanlı Zəfərimiz iftixarla xatırlanıb, Qələbədən sonrakı dövrdə səhiyyə sahəsində əməkdaşlığın qarşıya qoyduğu mühüm vəzifələrdən danışılıb.
Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, yeni xəstəxana və bərpa-sağlamlıq mərkəzlərinin yaradılması, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri barədə geniş məlumat verən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bu sahədə əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu şanlı Qələbənin qazanılmasında, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının sərgilədiyi siyasi-mənəvi dəstəyi tarixi hadisə kimi dəyərləndirən Əhliman Əmiraslanov bildirib ki, qardaş ölkədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin Vətən müharibəsində respublikamıza qayıdaraq qəhrəman övladlarımıza şəfa verməsi əməkdaşlıq münasibətlərimizin ən parlaq nümunəsidir.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, işğal altındakı torpaqlarda hər şey dağıdılıb və məhv edilib. Bölgədəki bərpa işlərində Azərbaycan və Türkiyənin birgə fəaliyyəti vacibdir.
Parlaq hərbi Zəfərə görə təbriklərini çatdıran Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Rəcəb Akdağ bildirib ki, Azərbaycanın varlığını özü qədər sevən Türkiyə xalqı Qarabağın işğalına heç vaxt biganə qalmayıb. Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı, səhiyyə sahəsində qazandığı uğurlar Türkiyədə böyük rəğbətlə qarşılanır.
Komissiya sədri COVID-19 infeksiyası ilə mübarizə tədbirləri və Türkiyədə görülən işlər, bu sahədə Azərbaycanla əməkdaşlıq, eləcə də virusa qarşı yerli peyvəndin hazırlanması məsələlərinə dair geniş məlumat verib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlıq yüksək qiymətləndirilib, perspektivlərə dair səmərəli fikir mübadiləsi aparılıb.
İyunun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş Prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputat qrupu qarşısında çıxışından sonra keçirilib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.

ETİKETLƏR: