Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Heydər Əliyevin xarici siyasəti

politoloq Elçin Mirzəbəylinin şərhində

01.03.2023 12:09
136
A+
A-

Ötən əsrin 90-cı illərində, Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman, dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqilliyinə qovuşmuş dövlətlər müstəqil dövlət quruculuğunun uğurlu olması üçün xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdılar. Yəni daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Bu baxımdan Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətləri yenidən, dövrün tələblərinə və reallıqlara uyğun şəkildə formalaşdırıldı, bu istiqamətlərdə prioritet vəzifələr müəyyənləşdirildi. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı. Bəzi qonşu dövlətlərlə müstəqilliyin ilk iki ilində əsassız yaradılmış soyuqluğun aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər görüldü.

O dövrdə ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı Beynəlxalq Konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilib. 1994-cü il mayın 4-də H.Əliyev “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədi imzaladı. Bu sənəd Azərbaycan Ordusuna NATO-nun hərbi strukturları ilə sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verdi.

1996-cı il aprelin 22-də Lüksemburqda, Avropa İttifaqı və Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandı.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də məhz Avropa Şurasıdır. 1996-cı il iyunun 26-28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. Azərbaycanın AŞPA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı. Avropa Şurasının bərabərhüquqlu üzvü olmaqla respublikamız mühüm problemlərini dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırmaq üçün yeni və çox mötəbər tribuna əldə etmiş oldu. 2001-ci il yanvarın 17-də isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan Parlamentnin nümayəndə heyətinə rəhbərlik Milli Məclisin deputatı İlham Əliyevə həvalə edildi.

Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tuturdu. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Ümummilli Lider Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışdı. Bu məqsədlə Azərbaycan Prezidentinin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində apardığı müzakirələrdə göstərdiyi səylər onun məqsədyönlü siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın BMT ilə əlaqələri daha da inkişaf etməyə başladı. Belə ki, Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə H.Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.

Bundan başqa, 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Belə ki, Zirvə toplantısı zamanı Ümummilli Liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən bu bəyanat, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamız üçün həlledici oldu. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Bu gün də hər kəs Ulu Öndəri böyük hörmət və məhəbbətlə anır. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda onun izi görünəcək.

Qələmə aldı:

 Aliyə SƏMƏDOVA

ETİKETLƏR: