Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Turistlərin ölkəmizə cəlb olunması üçün nə etməliyik?

Ümid edirik ki, quru sərhədlər iyun ayında açılacaq.  Bu da turizmin inkişafında mühüm rol oynayacaq və avtomobillərin, qatarın fəaliyyətini intensivləşdirəcək.

01.03.2023 12:38
22
A+
A-

Artıq baharın müjdəçisi olan Novruz bayramı yaxınlaşır. Hər il olduğu kimi, yenə də ölkəmizdə bayram münasibətilə tətil elan olunacaq. Səyahəti sevənlər təbiətin qoynuna üz tutacaqlar. Bu da turizm obyektlərində canlanmaya səbəb olacaq. Turizm sektoru bu canlanmadan yaranacaq turist axınını yüksək səviyyədə qəbul etməyə hazırdırmı? Sualımıza cavab axtarmaq məqsədilə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimova müraciət etdik. Dedi ki,  bu ilin ilk ayında Azərbaycana 119.1 min turist gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1.6 dəfə çoxdur. Turizm neftdən sonra Azərbaycana ən çox xarici valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Dünyada baş verən siyasi-iqtisadi məsələlər turizm sahəsinə də təsir göstərir.

Novruz bayramı  MDB dövlətləri,  xüsusən də müsəlman ölkələri arasında ən yüksək səviyyədə Azərbaycanda keçirilir. Bayramın turistlər üçün ildən-ilə daha cəlbedici olması üçün tövsiyələr hazırlayıb yerlərə çatdırmışıq. Tövsiyə etmişik ki, rayonlarda, otellərdə Novruz reklamları, sovqatları olsun. Qədim adət-ənələrimizi,  milli yeməklərimizi xarici turistlərə tanıdan böyük şənliklər keçirilsin.  Novruz bütün türk dünyasının bayramıdır. Ona görə bu bayram ərəfəsində Azərbaycana gələn qonaqların sayı hər zaman çox olub. Lakin müsəlman ölkələrində baş verən dəhşətli zəlzələ ilə əlaqədar turist sayı bu il az ola bilər. Amma yaxın zamanda bu sayın artacağı gözlənilir.  Çünki Azərbaycan sabit ölkədir.

M.Ağakərimov, statistik məlumatlara görə, Rusiyadan gələn turislərin sayının artdığını bildirdi. Əlavə etdi ki, bura Rusiyanın Volqaboyu, Uralətrafı və digər regionlarından gələn turistlər Azərbaycanın necə böyük turizm potensialına malik olduğunu görür və etiraf edirlər. Azərbaycanda dünya brendi olan otellər, xalça muzeyi, muğam mərkəzi və sair fəaliyyət göstərir. Həmçinin bizim dənizkənarı parkımız dünyada çox məşhurdur. Bakı şəhəri amfiteatr kimidir. Bakıda qədim abidələrlə yanaşı, yeni tikililər, həmçinin yeni mədəni mərkəzlər də şərait yaradır ki, turistlər bundan zövq alsınlar.

Onu da qeyd edim ki, Azərbaycan bütün dinlərə hörmətlə yanaşan tolerant, sabit ölkədir. Xalqımız isə çox qonaqpərvərdir və irqindən, dinindən asılı olmayaraq, bütün qonaqlara təbəssüm ilə yanaşır. Bizi daha yaxşı tanıdıqca, mən inanıram ki, Azərbaycana gələn turistlərin sayı 5 milyondan çox olacaq. Bu zaman yeni otellər, yeni turizm mərkəzləri fəaliyyət göstərəcək. Bu da yeni iş yerlərinin yaranmasına səbəb olacaq və  ölkə büdcəsinə çoxlu gəlir gətirəcək. Ümumiyyətlə, turizm iqtisadiyyatın lokomotividir.

Həmsöhbətim təəssüflə bildirdi ki,  monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Lakin  biz inanırıq ki,  daxili turizm inkişaf etdikcə rəqabət yüksələcək. Artıq boş yer olmadığına görə sahibkarlar, investorlar yeni otellərin inşasına başlayacaq, yeni investisiyalar qoyulacaq.  Mən sahibkar olsam, hazırda dünyada baş verən hadisələr ilə əlaqədar öz vətənimdə investisiya qoyaram. Rəqabət olan yerdə qiymət məsələsi də həllini tapacaq.  Hələlik otellər az olduğu üçün boş yerlər tapılmır və ona görə də qiymətlər belə yüksəkdir.

Ümid edirik ki, quru sərhədlər iyun ayında açılacaq.  Bu da turizmin inkişafında mühüm rol oynayacaq və avtomobillərin, qatarın fəaliyyətini intensivləşdirəcək. Beləliklə, təyyarə biletlərinin qiymətləri də daha münasib olacaq.

Turizm eksperti Ramin Zamanov isə  deyir ki, Novruz bayramında Azərbaycana gələn turistlər əsasən o ölkələrdən olur ki, orada bu bayramı qeyd edirlər.  Çünki həmin ölkələrdə də bayram tətili olur.  Məsələn, Rusiyadan Novruz  bayramı ərəfəsində turist az gəlir. Çünki bu ölkənin əksər regionlarında Novruz bayramını qeyd etmirlər. Amma İrandan, Qazaxıstandan, Özbəkistandan gözləntilərimiz böyükdür.

R.Zamanovun sözlərinə görə, turizm sektoru pandemiyadan ən çox zərər görən sahələrdən olduğu üçün ona diqqət artırılıb. Turizm Agentliyi də otellərin fəaliyyətinə diqqəti bir az da artırıb ki, bu sektoru bərpa etsin. Həmçinin bu il rayonlarda  Novruz bayramının daha geniş və fərqli formada keçirilməsi nəzərdə tutulur ki, istirahət edənlər darıxmasın. 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR:

Foto