Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ümummilli Liderin xatirəsinə həsr olunmuş turnir

Sonra M.Mirzəyev oyunun şərtləri haqqında məlumat verdi.

01.03.2023 14:20
5
A+
A-

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə şahmat turniri keçirdi. Elm və Təhsil Nazirliyinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

BHİK-in idman təlimatçısı Məhəmmədrza Mirzəyev çıxış edərək dedi:  2023-cü ilin “Heydər Əliyev İli” elan olunması bu böyük insana olan ehtiramımızı ifadə etmək üçün qarşımızda yeni imkanlar açdı. Biz ilboyu həyata keçirəcəyimiz geniş, çeşidli tədbirlər planı hazırlamışıq. Bu plana forma və məzmun baxımından müxtəlif tədbirlər daxil edilmişdir. Bu gün biz tədbirlər planının icrasına şahmatçıların yarışı ilə başlayırıq. Yarışa 20 nəfər həmkarlar ittifaqı üzvü qatılıb. Hər biri Ümummilli Liderin xatirəsinə həsr olunmuş turnirdə qalib gəlmək əzmi ilə mübarizə aparacaq.

Sonra M.Mirzəyev oyunun şərtləri haqqında məlumat verdi.

Turnirin baş hakimi, idman ustası Ələkbər Məmmədov bildirdi ki, yarış 7 turdan ibarətdir: “Turnir İsveçrə sisteminə uyğun kompüter vasitəsilə aparılır. Əgər bir neçə iştirakçı eyni xal toplayarsa, yerləri proqrama uyğun əmsallara görə müəyyən ediləcək. Belə ki, daha güclü oyunçular üzərində qələbə qazanan oyunçunun əmsalları daha yüksək olacaq. Bütün bunlar kompüter sistemində öz əksini tapır”.

Yarışlara start verildi. Gərgin mübarizə şəraitində keçən turnirdə Baş Klinik Hospitalın əməkdaşı Kənan Məmmədov qalib elan olundu. 2-ci yeri Bakı Qarnizonunun əməkdaşı Rza Rəsulov, 3-cü yeri isə Mənzil-İstismar İdarəsinin işçisi Rəhbər Niftəliyev tutdular.

Sonda qaliblərə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları və pul mükafatı təqdim olundu.

 

ETİKETLƏR: