Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və   Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.

15.03.2023 10:52
48
A+
A-

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya    Federativ Respublikasına işgüzar səfər edib.

Martın 13-də Berlində Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü olub. Görüşdə hər iki ölkənin prezidentləri çıxış ediblər.

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib.

Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və   Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.

Əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış etdi.

Kansler Olaf Şoltsun

bəyanatı

- Hörmətli xanımlar və cənablar.

Mən bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Berlində ürəkdən salamlayıram. Biz elə indicə ikitərəfli əməkdaşlığımızı necə dərinləşdirəcəyimiz haqqında gözəl fikir mübadiləsi apardıq. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30 illik yubileyini də qeyd etdik. Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər. Bu, necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik.

Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur.

Cənab Prezident Əliyev və mən Rusiyanın Ukraynaya hücumu haqqında da fikir mübadiləsi apardıq. Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq. Mən öz mövqeyimizi açıq şəkildə ifadə etdim. Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir. Rusiyanın bu işğalçı müharibəsi yeni bir epoxanın, belə deyək ki, başlanğıcını geosiyasi nöqteyi-nəzərdə işarələyir.

Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır. Təbii ki, burada gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağına gətirdi. Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada, təbii ki, öz dəstəyini göstərməyə hazırdır. Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur, Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.

Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır. Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz həmin bu üzvlüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər.

Hörmətli xanımlar və cənablar, bu çətin dövrdə belə müsbət bir danışığın aparılmasından məmnunluq duydum. Biz cənab Prezidentlə belə qərara gəldik ki, sıx əlaqədə qalaq və əməkdaşlığımızı davam etdirək. Cənab Prezident, buyurun.

x x x

Sonra Azərbaycan Prezidenti

mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

- Təşəkkür edirəm, hörmətli cənab Kansler.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir.

Siz qeyd etdiyiniz kimi, bir çox məsələlər bu gün müzakirə olundu, o cümlədən Avropa İttifaqı-Azərbaycan əlaqələri. Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik.

Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.

Bütövlükdə biznes imkanları çox genişdir. Mən almaniyalı iş adamlarını Azərbaycana dəvət etdim ki, onlar gəlsinlər və bizim müvafiq qurumlarla təmaslar əsnasında gələcək biznes imkanlarını yaxından incələsinlər.

Cənab Kanslerin dediyi kimi, biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı mən Azərbaycanın mövqeyini bildirdim. İstəyirəm ki, Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.

Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq.

İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır. Təşəkkür edirəm.

Sonra mətbuat nümayəndələrinin sualları cavablandırıldı.

ETİKETLƏR: