Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirən Lider

Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu.

15.03.2023 12:18
13
A+
A-

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, Respublika Prezidenti İlham Əliyev tərəfindən müasir qlobal çağırışlar əsasında zənginləşdirilərək uğurla davam etdirilən milli inkişaf strategiyası ölkəmizin və xalqımızın gələcəyinə böyük nikbinliklə baxmağa imkan verir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlət kimi tanınır. Bunun başlıca səbəbi elmi əsaslara söykənən iqtisadi islahatların siyasi islahatlarla tamamlanması və uzlaşdırılmasıdır. Ölkənin, dövlətin inkişafını ilk növbədə vətəndaşa xidmətdə görən Heydər Əliyev tarix yaratmış şəxsiyyətdir. Azərbaycanın ən önəmli, ən əhəmiyyətli tarixləri məhz onun adı və fəaliyyəti ilə bağlıdır.

Ulu Öndərin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. Vətəndaş cəmiyyətinin formalaşması isə, hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir. Ümummilli Lider böyük dövlətçi, siyasi xadim və dahi şəxsiyyət olaraq dağılmış, talan edilmiş, viran qoyulmuş, yalnız adı müstəqil respublika olan Azərbaycanı ayağa qaldırdı. Heydər Əliyev nəinki ölkənin müstəqilliyini qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verərək Azərbaycanı dünyaya açdı. Böyük Öndərin hakimiyyətə qayıdışı ilə həyatın bütün sahələrində köklü dəyişikliklərə, islahatlara start verildi. Ümummilli Lider müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirməklə həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi.

Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu. Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərlərinə qoyulan vəzifələri həyata keçirməyə başladı.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda ölkə həyatının bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi, demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı. 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni təsis olunan konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müstəqil qurum kimi formalaşması məhz Heydər Əliyevin dəstəyi ilə mümkün olmuşdur. Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən olundu. Bu gün artıq Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biridir.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlarının həyatında da mühüm dəyişikliklər məhz Ulu Öndərin adı ilə bağlıdır. 1967-ci il noyabrın 17-də keçirilən təsis konfransında Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurası təşkil olunmuş, Muxtar Respublikada həmkarlar ittifaqlarının fəaliyyətindəki pərakəndəliyə son qoyulmuşdu. Həmin dövrdə ittifaq üzvlərinin sayı 31 min nəfər təşkil edirdi. Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərində daha da güclənmişdi. Ulu Öndərin təşəbbüsü ilə Muxtar Respublika Həmkarlar İttifaqları Şurasının yeni binası tikilərək 1974 -cü ildə istifadəyə verilmişdir.

Naxçıvan həmkarlar ittifaqı bu gün də cəmiyyətin inkişafı, sosial-iqtisadi mühitin formalaşması, vətəndaşların məişət problemlərinin həlli, əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görür. İşçilərin əmək və sosial qayğılarını daim diqqət mərkəzində saxlayır. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası öz sıralarında 46224 üzvü, 767 ilk təşkilatı, 6 muxtar respublika və 10 birləşmiş rayon və şəhər komitələrini birləşdirir.

Muxtar Respublikanın sosial-iqtisadi inkişafı, yeni müəssisələrin yaradılması həmkarlar ittifaqlarının fəaliyyətinə də geniş imkanlar açıb. Ötən illərin təcrübəsi göstərir ki, muxtar respublikanın həmkarlar ittifaqları yaradılan şəraitdən səmərəli istifadə edir, üzvlərin sosial hüquqlarının qorunması, onların sanatoriya-kurortlara göndərilməsi, istirahətlərinin təşkili sahəsində məqsədyönlü fəaliyyət göstərir. Bununla yanaşı, Həmkarlar İttifaqları Şurasında gənclərin məsul işlərə cəlb olunmasına xüsusi diqqət yetirilir, idarə, müəssisə və təşkilatlarda ilk həmkarlar ittifaqları təşkilatlarının sədri vəzifəsinə irəli çəkilirlər. Fəxrlə deyə bilərik ki, Ulu Öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması üçün ən qabaqcıl metodlardan səmərəli istifadə etməkdədir.

 

Lalə MÖHBALIYEVA,

Naxçıvan Muxtar Respublikası

Həmkarlar İttifaqları Şurasının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə təlimatçısı

ETİKETLƏR: