Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Su innovasiyalarına məktəblilərin baxışı”

İlk tədbir Saray qəsəbəsində yerləşən Hüseyn Axundov adına 3 nömrəli tam orta məktəbdə  baş tutdu.

15.03.2023 12:21
23
A+
A-

 “Su innovasiyalarına məktəblilərin baxışı”  adlı layihəyə start verildiMartın 10-da Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsinin (STİRK), “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (“Sukanal” ETLİ) və  Meliorasiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə   Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Su innovasiyalarına məktəblilərin baxışı” adlı layihənin açılış mərasimi keçirildi. Layihənin məqsədi məktəblilərə onların su haqqında biliklərinin artırılmasına töhfə vermək, sudan səmərəli istifadəni aşılamaq, eyni zamanda cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarət idi. Layihə çərçivəsində il boyu respublikanın müxtəlif bölgələrindəki tam orta məktəblərdə şagirdlərə su ehtiyatlarının innovativ davamlı idarə olunması, ekoloji dayanıqlı inkişaf və səmərəli istifadəsi, tullantı sutəmizləyici hidrotexniki qurğuların kompleksləri haqqında təlimlər keçiriləcək və ekskursiyalar təşkil ediləcək.

İlk tədbir Saray qəsəbəsində yerləşən Hüseyn Axundov adına 3 nömrəli tam orta məktəbdə  baş tutdu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Sonra Ulu Öndər  Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Sukanal” ETLİ-nin Həmkarlat İttifaqı Komitəsinin sədri Elman İsgəndərli məktəb rəhbərliyini, müəllim və şagird kollektivini  Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Sukanal” ETLİ-nin rəhbərliyi adından salamlayaraq layihənin mahiyyəti və keçiriləcək tədbirlər barədə geniş məlumat verdi. Sonra Doktorantura şöbəsinin metodisti Pərvanə Xıdırova İnstitutun fəaliyyət istiqamətlərindən danışdı. Daha sonra “Sukanal” ETLİ-nin “Su təchizatı, kanalizasiya sistemləri və hidrotexniki qurğuların tədqiqi” şöbəsinin böyük elmi işçisi Məmməd Hüseynzadə,  Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr, marketing və innovasiya şöbəsinin baş mütəxəssisi Günay Dünyamalıyeva təqdimatlarla çıxış etdi və  maarifləndirici videoçarx nümayiş edildi.

Sonda Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə Abşeron rayonunun su və torpaq ehtiyatları təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işləri əks etdirən məlumat lövhəsi xatirə olaraq  məktəbin direktoru Teyyibə Hüseynovaya təqdim olundu.

Məktəbdə tədbir başa çatdıqdan sonra 32 şagird  və təşkilat komandası ilə birgə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə ekskursiya təşkil edildi. Komplekslə tanışlıqdan sonra şagirdlər arasında interaktiv “Su oyunu” keçirildi. Qalib komanda üzvlərinə sertifikatlar, şagirdlərin hər birinə təşkilatların hədiyyə paketləri təqdim edildi.

 

Xəyalə MƏMMƏDOVA,

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin

Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri

ETİKETLƏR:

Foto