Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək?

Qeyd edək ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub.

15.03.2023 12:50
81
A+
A-

Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı məbləğdə müəyyənləşib: ali kateqoriya dövlət orqanlarında 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat.

Onlara həmçinin il ərzində 3 dəfə (bayram günlərində) aylıq vəzifə maaş həcmində mükafat formasında əlavə maaşlar ödəniləcək.

Hüquqşünas Əkrəm Həsənovdan məsələyə aydınlıq gətirməyi xahiş etdik. Dedi ki, yeni qayda, qərarda da yazıldığı kimi, bütün dövlət orqanlarında işləyən dövlət qulluqçusu sayılmayan işçilərə aid olunur. Əvvəla, dövlət orqanı anlayışını, “Dövlət qulluğu” haqqında qanunun 8-ci maddəsinə istinad edərək, bir daha bildirmək istəyirəm: “Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının (NMR) büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır”.

Qeyd edək ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanları aiddir.

Bu kateqoriyalara Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı, NMR-in Ali Məhkəməsi, NMR müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, NMR hərbi Prokurorluğu, NMR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı, apellyasiya məhkəmələri, Mərkəzi Seçki Komissiyasının Aparatı, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurasının Aparatı, müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri və tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları və sair daxildir.

Deməli, əgər sizin çalışdığınız qurum həmin kateqoriyalardan birinə (ali, 1,2,3,4 və 5-ci kateqoriyalar) uyğundursa və dövlət qulluqçusu deyilsinizsə və eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işlərdə çalışırsınızsa, o halda sizə ödəniş nəzərdə tutulacaq.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto