Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Açılan yeni iş yerləri  ölkənin iqtisadi inkişafını sürətləndirir

Bəs son bir ildə Azərbaycanda nə qədər iş yeri açılıb və daha çox tələbat hansı sahələrə olub? Gələcəkdə tələbatın daha çox hansı sahələrə olacağı gözlənilir?

15.03.2023 12:52
38
A+
A-

Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir”. Təbii ki, bu istiqamətlərdən ən vacibi də yeni iş yerlərinin açılmasıdır. Açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını da sürətləndirir.

Bəs son bir ildə Azərbaycanda nə qədər iş yeri açılıb və daha çox tələbat hansı sahələrə olub? Gələcəkdə tələbatın daha çox hansı sahələrə olacağı gözlənilir?

Suallarımıza cavab tapmaq üçün Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Cəfərovaya, Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızına və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədova müraciət etdik.

Aldığımız cavabları təqdim etməzdən əvvəl statistikaya nəzər salaq: 2020-ci ildən bəri bütün ölkə üzrə açılan yeni iş yerlərinin sayında azalma gözə çarpır. Özəlliklə yeni yaradılmış müəssisələrdə açılan iş yerlərinin sayında kəskin azalma var. Məsələn, 2019-cu ildə Azərbaycanın yeni yaradılmış müəssisələrində 57 min iş yeri açılmışdı. 2020-ci ildə bu rəqəmin 8 minə, 2021-ci ildə isə 7 minə qədər azaldığını görə bilərik. Ötən il yeni müəssisələrdə açılan iş yerlərinin sayı bir qədər də azalaraq 6 min 275-ə enib. Deməli, üç il içində ölkədə yeni yaranan müəssisələrin yaratdığı iş yerlərinin sayı 9 dəfə azalıb. Bu rəqəm həm də onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yeni iş yerlərinin açılması baxımından hələ də pandemiyadan öncəki duruma dönə bilməyib.

Yeni yaradılan müəssisələrdə açılan iş yerləri ilə bağlı daha bir məqam diqqət çəkir. Məşğulluqda paytaxt Bakının payı daha da artıb. Məsələn, 2019-cu ildə ölkədə yeni müəssisələrin yaratdığı iş yerlərinin cəmi 55.5 faizi Bakının payına düşürdü. 2022-ci ildə bu rəqəm 80.2 faizə yüksəlib. Başqa sözlə, yeni müəssisələrin yaratdığı hər 10 iş yerindən 8-i Bakının, qalan ikisi ölkənin digər regionlarının payına düşüb. Bu rəqəm də Azərbaycanda regionlar arasında iqtisadi bərabərsizliyin nə qədər böyük həddə olduğunu göstərir.

“Gələcəkdə tələbat daha çox hansı sahələr üzrə olacaq” sualını cavablandıran Fidan xanım bildirdi ki, Milli Observatoriya tərəfindən əmək bazarı ilə bağlı aparılan araşdırmaların nəticələri göstərir ki, hazırda işəgötürənlər tərəfindən mühasiblərə, kommersiya satışları üzrə agentlərə, tədarük üzrə agentlər, proqram təminatı yaradıcılarına (developer), həmçinin İKT sahəsində operatorlara, şəbəkə və sistem operatorlarına  tələbat yüksəkdir: “Orta və iri sahibkarlıq subyektləri ilə keçirilmiş sorğuların nəticəsinə görə, texnoloq, elektrik, aqronom, laborant, qaynaqçı, müxtəlif avadanlıqlar üzrə operatorlar, keyfiyyətə nəzarət üzrə mütəxəssislər də tez-tez tələb olunan peşə sahibləridir. Bununla yanaşı, qida istehsalı sahəsində texnoloqlar, kompüterlə idarə olunan dəzgahların operatorları, HVAC (isitmə, ventilyasiya), mədən sənayesində metallurq, kənd təsərrüfatında aqronom, geniş profilli traktorçu, budamaçı kimi peşələrin mütəxəssislərinə də tələbat yetərincə qədər var. İndi olduğu kimi, gələcəkdə də  texniki və istehsal sahələrində çalışan kadrlara tələbat çox olacaq”.

Gənclərin istehsalata hazırlanması üçün peşə kurslarından və həmin kursları bitirənlərin işlə təminatı məsələsindən danışan Əsmər xanım dedi ki, Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətlərindən biri də peşə hazırlığının təşkilidir: “Bu gün Agentlik tərəfindən müasir əmək bazarının tələblərinə cavab verən 175 peşə və ixtisas üzrə kurslar təşkil edilir. Bu kursların təşkilində isə birmənalı olaraq əsas tərəfdaşımız işəgötürənlərdir. Peşə kursunun sonunda uğurlu namizədlər işlə təmin olunur. Məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Hazırlıq kursları həm Agentliyin Peşə Hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində təşkil edilir. Ötən il Agentlik tərəfindən       4575 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər”.

Əmək birjası məsələsinə də toxunan Ə.Nəcməddinqızı dedi ki, Agentlik tərəfindən rəqəmsal formada göstərilən xidmətlərin əhatəsini genişləndirmək məqsədilə “Elektron əmək birjası və yarmarkası” sistemi hazırlanır: “Elektron əmək birjası və yarmarkası” işaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsinə xidmət göstərəcək. Platforma daimi, mövsümi və müvəqqəti iş axtaran şəxsləri eyni əsasla iş təklif edən şəxslərlə görüşdürməyə imkan yaradacaq. Platformadan istifadə hər kəs üçün açıq olacaq və bunun üçün Agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olmaq zərurəti yoxdur. İşaxtaran şəxsi kriteriyalarını, bacarıqlarını və təklif etdiyi xidmətləri sistemə daxil edəcək, eyni xüsusiyyətlərdə işçi axtaranlar isə müxtəlif seçim meyarları ilə asanlıqla onları tapa biləcək. Ehtimal olunur ki, bu platforma vasitəsilə ölkə üzrə ən çox qeyri-formal fəaliyyət göstərən bir neçə qrupun (sürücü, dayə, xadimə, bağban, fəhlə və s.) fəaliyyətinin formal müstəviyə daşınması mümkün olacaq. Bu platforma vasitəsilə Agentlik tərəfindən vətəndaşın əmək birjasında iştirakı və onun məşğulluğunun təmin edilməsi izləniləcək”.

Sahib müəllim də məsələyə münasibət bildirdi. Dedi ki, iş yerlərinin sayının artması yeni iş yerlərinin açılması anlamını vermir: “Ümumiyyətlə, ölkədə nə qədər işçi var sualına cavab vermək bir az çətindir. İşləyənlərin yalnız 3 nəfərindən biri əmək müqaviləsi ilə işləyir. Təxminən 100 min şəxs isə mülki hüquqi müqavilələrlə işləyir. Yerdə qalanlar isə aqrar sektor, tikinti sahəsindədir ki, bu da qeyri-formal əmək bazarına aiddir. Bu gün ölkəmizdə yeni iş yerlərinin artımı isə əsasən işğaldan azad olunmuş ərazilərin hesabınadır. Ona görə də tikinti, aqrar sektor və qismən xidmət sahələri hazırda daha aktualdır.

Sədr bir məsələyə də toxundu. Dedi ki, bəzən deyirlər ki, müasir dünyamızda texnologiyanın inkişafı yeni iş yerlərinin artması deməkdir. Ancaq bu, tamamilə yanlış fikirdir. Çünki texnologiyanın inkişafı yeni iş yerləri açmaqla bərabər, bir çox iş yerlərinin qapanmasına da gətirib çıxardır. Yəni kompüterin, robotların insanları əvəz etməsi prosesi baş verir.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: