Həyatımıza həyat bəxş edənlər
Martın 6-da Mərdəkandakı “Abşeron” sanatoriyasında “Xidmət-İş” Hİ Federasiyası və “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Cəmiyyətin “Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Günəşli” və “Şıx” sanatoriyalarında çalışan qadınların iştirak etdiyi tədbiri giriş sözü ilə “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov açıb. Deyib ki, müstəqillik əldə edildikdən sonra ölkəmizdə müvafiq müdafiə tədbirlərinə ehtiyacı olan təbəqələrin, xüsusilə natamam ailələrə başçılıq edən qadınların, tənha anaların problemlərinin həlli istiqamətində mütəmadi olaraq dövlət səviyyəsində işlər görülür.
Federasiya da dövlətin yeritdiyi bu siyasəti hər zaman dəstəkləyir, qadınların əmək, sosial hüquqlarının keşiyində durur. Zərif cinsin nümayəndələri ilə daha sıx əlaqə saxlamaq məqsədilə Federasiyanın nəzdində birbaşa onların problemləri ilə məşğul olan komissiya və digər qurumlar yaradılmışdır.
Sonra çıxış edən “Kurort” QSC-in sədri Əbil Ağasiyev xalqımızın milli-mənəvi, mədəni, sosial həyatında qadınların əməyindən, rolundan bəhs edib. Müasir dövrün çağırışlarına cavab verən, daimi öz üzərində işləyən, nailiyyətləri, uğurları ilə nümunə olan qadın heyətinin bayramını təbrik edib.
Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin sədri Elmira Əsgərova və digər qadın fəallar çıxış edərək həmcinslərini təbrik ediblər.
Sonda işlərində nailiyyətləri ilə seçilən qadınlar diplomlarla mükafatlandırılıblar.
ƏSLİ