Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sadələşdirilmiş vergidən ƏDV-yə keçid rejimi başlayır

Hazırda ölkə üzrə 1 milyon 400 min nəfərə yaxın vergi ödəyicisi qeydə alınıb ki, onların təxminən 88 faizi fiziki şəxs, 12 faizi isə hüquqi şəxs və digər təşkilatlardır. Həmin vergi ödəyicilərinin yarısından çoxu sadələşdirilmiş vergi ödəyiciləridir.

15.03.2023 16:54
51
A+
A-

Dövlət Vergi Xidməti sadələşdirilmiş vergi ödəyicilərinin onlara verilmiş güzəştlərdən sui-istifadə hallarını nəzərə alaraq bu vergi ödəyicilərinə yanaşmanı dəyişməyi planlaşdırır. Dövlət Vergi Xidmətinin şöbə rəisi Elvin Məmmədlinin sözlərinə görə, hazırda mövcud olan 200.000 manatlıq sadələşdirilmiş vergi limitinin azaldılması nəzərdən keçirilir. Bunun səbəbi iri dövriyyəyə malik və irihəcmli əməliyyatlar aparan şirkətlərin öz dövriyyələrinin “parçalanması”, kiçik biznes subyektlərinə bölünməsi yolu ilə sadələşdirilmiş vergi ödəyicisinə çevrilməsi və bununla da ƏDV ödəyicisi olmaqdan çıxmasıdır. Belə hallar sadələşdirilmiş verginin əsas prinsiplərindən uzaqlaşmaq və vergidən yayınmaq məqsədlərindən biridir.
E.Məmmədlinin fikrincə, sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti vergi uçotuna riayət etmir, aldıqları malların sənədləşməsini rəsmiləşdirmək istəmirlər. Təhlillər göstərir ki, gəlir və ya mənfəət vergisi ödəyiciləri olan sahibkarlar öz xərclərini rəsmiləşdirməkdə maraqlıdırlar. Ancaq sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti alışını gizlədir ki, hasilatını da gizlətsin. Bütün bu halları təhlil edən Dövlət Vergi Xidməti ƏDV qeydiyyatı ilə bağlı limitin aşağı salınmasını planlaşdırır.
Qeyd edək ki, sadələşdirilmiş vergi kiçik və orta müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Bu verginin ödəyiciləri əsas etibarilə ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdan keçməmiş və mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə daşımaları həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və satıcıları olanlar, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, fərdi sahibkarlar, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini aparan sahibkarlardır.
Hazırda ölkə üzrə 1 milyon 400 min nəfərə yaxın vergi ödəyicisi qeydə alınıb ki, onların təxminən 88 faizi fiziki şəxs, 12 faizi isə hüquqi şəxs və digər təşkilatlardır. Həmin vergi ödəyicilərinin yarısından çoxu sadələşdirilmiş vergi ödəyiciləridir.
Sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarların vergi yükü ƏDV və digər vergi ödəyiciləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, bu vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi hesab olunmur. Sadələşdirilmiş verginin dərəcəsi 2019-cu ilə qədər Bakı şəhərində 4 faiz, regionlarda isə 2 faizlə hesablanırdı. Vergi Məcəlləsində dəyişiklikdən sonra həmin dərəcələr 2019-cu ildən eyniləşdirildi və əsas səbəbi güzəştlərin səmərəliliyinin təmin edilməsi ilə bağlı idi. Çünki Bakıda işləyən sahibkarlar daha az vergi ödəmək üçün regiondakı vergi uçotunda qeydə alınırdılar.
Sadələşdirilmiş vergi ödəyiciləri həm də bir sıra güzəşt və imtiyazlara malikdir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları satışdan əldə edilmiş hasilatın həcminə görə, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. Habelə qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi də vergi güzəştlərinə aiddir. Eləcə də sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlar mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə bəzi güzəştlərə malikdir.
Son illərdə vergi inzibatçılığı tədbirləri çərçivəsində sadələşdirilmiş verginin əhatəsi tədricən azaldılmağa başlayıb. 2019-cu ildə vergi qanunvericiliyinə edilmiş bəzi dəyişikliklərdən sonra işçilərinin sayı 10 nəfərdən çox olan istehsal və topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın satışını həyata keçirən sahibkarların, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan biznes subyektlərinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ləğv olunub. Onlar artıq 4 ildir ki, mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.
Beləliklə, son illərdə uçot və şəffaflıq amili ilə bağlı sui-istifadə halları vergi orqanının sadələşdirilmiş vergitutmanın tədricən aradan qaldırılmasına səbəb olmaqdadır. Digər tərəfdən, vergi inzibatçılığı ilə bağlı ortamüddətli dövrdə baxış strategiyasında sadələşdirilmiş vergi rejimi keçid dövründə tətbiq edilən müvəqqəti rejim kimi qiymətləndirilib və bir müddət sonra digər vergitutma rejimi ilə əvəz olunması nəzərdə tutulub.
Vergi Xidmətinin təklifləri qəbul ediləcəyi təqdirdə 200 min manatlıq dövriyyəsi olan vergi ödəyiciləri avtomatik olaraq ƏDV ödəyicisi hesab olunacaqlar. Onlar mənfəət və gəlir vergisi ödəyəcəklər ki, bu da həmin sahibkarların həm verginin yükünün artmasına səbəb olacaq, həm də əldə etdikləri güzəştlərin böyük bir qismini itirmiş olacaqlar.
Bu məsələ sahibkarları narahat etdiyindən onlar nəinki 200 min manatlıq dövriyyənin azaldılmasını, əksinə, 2020-ci il pandemiyasından sonra mal və xidmətlərin bahalaşması səbəbindən xərclərin artmasına görə, dövrıyyə limitinin 300 minə qaldırılmasını təklif edirlər. Biznes icması bununla bağlı sahibkarlar assosiasiyalarına, Milli Məclisə və Vergi orqanına da müraciətləri olub. Bəzi millət vəkilləri onların bu təklifini dəstəkləyərək “ƏDV limiti”nin 200 min manatdan 300 min manata və ya daha artıq həddə qaldırılmasını təklif ediblər. Onlar hesab edirlər ki, ölkədəki qiymət artımları ilə əlaqədar olaraq sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılması məqsədəuyğundur.

 

ETİKETLƏR: