Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İntizam tənbehi vaxtından əvvəl götürülə bilərmi?

İntizam tənbehi vaxtından əvvəl götürülə bilərmi?

16.06.2021 08:28
35
A+
A-

İntizam tənbehi vaxtından əvvəl götürülə bilərmi?

Səlim MƏMMƏDOV, Sumqayıt şəhəri.
- Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əmək müqaviləsi ilə əsas vəzifələrindən biridir.
İşçi bu vəzifələrini yerinə yetirmədikdə, öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulduğu hallarda isə digər məsuliyyətə cəlb edilir.
İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi qaydası Əmək Məcəlləsinin 190-cı maddəsi ilə müəyyən edilmişdir.
İntizam tənbehi verilən gündən   altı ay müddətində qüvvədə olur.
İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə, işçi Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

 Məzuniyyətdən qayıtdıqdan sonra mühasibatlıq tərəfindən əməkhaqqımdan müəyyən məbləğ tutulma oldu. Səhv hesablanıb dedilər. Bu zaman mənim razılığım alınmadı. Qanunvericilikdə    belə hal necə tənzimlənir?
Rauf HACIYEV,Oğuz rayonu.
- Əmək Məcəlləsinin 175-ci maddəsində (Əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası) nəzərdə tutulur ki, əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
İşəgötürənin sərəncamı ilə mühasibatlıq tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər işçinin əməkhaqqından tutulur.
Sizdən razılıq alınmamasına səbəb işəgötürənin bu haqda sərəncamının olmasıdır.
Bu zaman hesablamada və ödəmədə qanun pozuntusuna yol verilibsə, bu, inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Nikaha düşən zaman soyadı dəyişmək vacibdirmi? Bunu qarşı tərəf tələb edə bilərmi?

Sevinc QƏNİYEVA, Şəki şəhəri.
- Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadı saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.
Ər-arvadın birinin soyadının dəyişdirilməsi digərinin soyadının dəyişdirilməsinə səbəb olmur.
Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdirlər.

ETİKETLƏR: