Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yüksək mədəniyyətə malik olan xalq  həmişə irəli gedəcək, həmişə yaşayacaq, inkişaf edəcəkdir

Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi.

29.03.2023 09:54
66
A+
A-

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlamışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

“Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün illər Azərbaycan tarixinə mədəniyyətin çiçəklənməsi, onun bütün sahələrinin inkişafı və zənginləşməsi dövrü kimi daxil olmuşdur”. Bunları qəzetimizə müsahibəsində Ulu Öndər Heydər Əliyev irsini araşdıran, bu mövzuda ilk doktorluq dissertasiyasının və Ümummilli Liderin siyasi, dövlətçilik fəaliyyətinə həsr olunmuş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifi, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova dedi. Həmçinin vurğuladı ki, Ulu Öndər görkəmli mədəniyyət, ədəbiyyat və incəsanat xadimlərinin fəaliyyəti ilə həmişə maraqlanmış, onlara qayğı göstərmişdir. Eyni zamanda onları son dərəcə zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin təməlinə əsaslanaraq parlaq sənət əsərləri yaratmağa çağırırdı. Bunun üçün hər cür şərait yaradırdı. Klassik ədəbiyyatımızın dünya miqyasında təbliğ olunmasına böyük əhəmiyyət verirdi: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”.

Məhz Heydər Əliyevin müvafiq fərmanları, tədbirləri nəticəsində Nizaminin 840, Füzulinin 500, Nəsiminin 600, Bülbülün 100, Rəşid Behbudovun 80, qədim tarixi və milli mədəniyyətimizin əvəzsiz abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin ölkəmizdə və dünyanın müxtəlif ölkə və şəhərlərində qeyd olunması Azərbaycanı və xalqımızı bir daha dünyaya tanıtdı.

İradə xanım qeyd etdi ki, Ulu Öndər incəsənət vurğunu idi. Onun mədəniyyətimiz qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın böyük dramaturqu Hüseyn Cavidin cənazəsinin öz vətəninə, Naxçıvana gətirilməsi idi.

Heydər Əliyev zəngin tarixə malik olan və böyük estetik mənəvi təsiri olan Azərbaycan musiqisinin inkişaf etdirilməsinə və yayılmasına ciddi fikir verirdi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldü. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisəsi təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.

Ulu Öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa olunmuş müasir və klassik ənənələri özündə cəmləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir.

Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında Ulu Öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. Ulu Öndərin hakimiyyətə yenidən gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.

Sonda İradə xanım onu da vurğuladı ki, Heydər Əliyevin mədəniyyət siyasətinin özündən sonra da davam etməsində bu gün onun adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi, Xalça Muzeyi fəaliyyət göstərir, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: