Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı

Tədbirdə Vətən müharibəsinin veteranı olan təhsil işçiləri iştirak ediblər.

29.03.2023 11:06
19
A+
A-

Goranboy

 

TİAHİ Goranboy Rayon Komitəsinin təşkilatçılığı ilə “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub.

Tədbirdə Vətən müharibəsinin veteranı olan təhsil işçiləri iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TİAHİ Goranboy Rayon Komitəsinin sədri Şahin Allahverdiyev bildirib ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan Vətən müharibəsində iştirak edən təhsil işçiləri Zəfərin qazanılmasında böyük pay sahibi oldular: “ Şəhid olan müəllimlərimizin  əziz xatirəsi hər birimizin, xüsusən də şagirdlərinin qəlbində daim yaşıyacaq və onların bu qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaq. “Qəhrəman təhsil işçiləri” kitabının hazırlanmasında məqsəd müharibədə qəhrəmanlıqları ilə yadda qalan, orden və medallarla təltif olunan həmkarlarımızı cəmiyyətə tanıtmaqdır”.

Goranboy-Naftalan Təhsil sektorunun müdiri Xəyal Məmmədov kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib. Bildirib ki, “Qəhrəman təhsil işçiləri” həm indiki, həm də gələcək nəsillər üçün dəyərli vəsaitdir.

Tədbirdə çıxış edən Vətən müharibəsinin iştirakçıları onların fəaliyyətinə verilən yüksək dəyərə görə minnətdarlıq ediblər. Vətənin müdafiəsinə hər zaman hazır olduqlarını bildiriblər.

Sonda iştirakçılara “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə olunub. Onlar bu təşəbbüsə görə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürlərini bildiriblər.

 

Füzuli

 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə iştirak edən  Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev,     TİAHİ Füzuli Rayon Komitəsinin sədri Əli Sadıqov, qazi Tomas Babayev və başqaları çıxış ediblər. Onlar cəmiyyətdə elmin, təhsilin  inkişafına töhfələri ilə bərabər, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində də fəallıqları ilə seçilən qəhrəman təhsil işçilərindən bəhs edib, onların döyüş yolu və şücaəti haqqında məlumat veriblər. Təhsil işçilərinin İkinci Qarabağ müharibəsindəki rəşadətindən bəhs edən   “Qəhrəman təhsil işçiləri” kitabının dəyərli vəsait olduğu vurğulanıb. “Söz uçar, yazı qalar” prinsipindən yanaşaraq, vəsaitin gələcək nəsillər üçün örnək olacağı qeyd edilib.

Çıxış edənlər kitaba görə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürlərini bildiriblər.

 

ETİKETLƏR:

Foto