Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zəhmətinin bəhrəsini görən gənc xanım

Həmidə həm işdə, həm də təhsildə öyrənməyə, nümunəviliyi ilə fərqlənməyə çalışırdı. Mütaliəsini gücləndirir, kompüter sahəsində biliklərini artırırdı.

29.03.2023 11:08
59
A+
A-

“Hər kəs bir gün mütləq zəhmətinin bəhrəsini görür”. Bu sözləri Azərbaycan həmkarlar ittifaqları tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş Həmidə Məmmədova dedi. Həmidə 1992-ci il iyulun 7-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. Elə orta təhsilini də bu rayonun 38 nömrəli tam orta məktəbində alıb. 2009-cu ildə Naxçıvan Müəllimlər İnstitutunun biologiya müəllimliyi ixtisasına qəbul olub. Həmidə deyir ki, universitetə qiyabi əsaslarla qəbul oldum ki, işləmək şansım olsun.

Təhsil ala-ala əmək fəaliyyətinə bitirdiyi 38 nömrəli, sonradan adı dəyişdirilərək 2 nömrəli tam orta məktəb olan təhsil ocağında biologiya laborantı kimi başlayıb. Deyir ki, şagirdi olduğun məktəbə artıq işçi kimi geri qayıtmağın böyük mənəvi ləzzəti var. Belə bir yerdə təcrübə qazanmaq şansım olduğu üçün özümü çox xoşbəxt hiss edirdim. Müəllimlərim də məhz bu işin dərinliklərini bilməkdə həvəslə kömək göstərirdilər.

Həmidə həm işdə, həm də təhsildə öyrənməyə, nümunəviliyi ilə fərqlənməyə çalışırdı. Mütaliəsini gücləndirir, kompüter sahəsində biliklərini artırırdı.

2014-cü ildə ali təhsilini bitirdikdən sonra o, işə doğma məktəbdə müəllim olaraq fəaliyyət göstərməyə başlayır. Artıq bütün müəllimlər onun hansı potensialda olduğunu bilirdi. Ona görə də rayon səviyyəli bilik yarışlarına məktəbi təmsil etmək məmnuniyyətlə Həmidə müəlliməyə həvalə olunurdu. O, bu etimadı doğrultmaq üçün əlindən gələni əsirgəmirdi. İstəyinə də nail olurdu. Göstərilən etimadın əbəs olmadığını hələ 2019-cu ildə Muxtar Respublika üzrə keçirilmiş “Xəmsə” yarışında qazanmışdı. Bu yarışda fərqlənənlər siyahısında olmuşdu.

2020-ci ildə pandemiya ilə əlaqədar onlayn şəkildə keçirilən TİMS, PİSA, PİRLS kimi beynəlxalq qiymətləndirmələr üzrə təlimdə 1-ci dərəcəli sertifikata layiq görülüb, Sumo Logo yarışı üzrə isə 3-cü yerlə mükafatlandırılıb.

2021-ci ildə ikinci dəfə keçirilən “Xəmsə” oyununda Culfa rayonu üzrə 3-cü yeri tutub. Elə həmin ildə Naxçıvan Müəllimlər İnstitutunun təşəbbüsü ilə kurrikulum, yəni təhsildə islahatlar, tədqiqat və təcrübə sahəsində məruzə ilə çıxış edib. Məruzəsi bəyənilərək sertifikatla təltif olunub və mətbuat səhifələrində dərc edilib.

Həmidə deyir ki, 2010-cu ildən həmkarlar ittifaqının üzvüdür. O, fürsətdən istifadə edib fəxri ada görə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: