Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial yardımın məbləği nə qədərdir və hansı şərtlərlə hesablanır?

Məlahət ŞÜKÜROVA, Bakı şəhəri.

29.03.2023 12:47
3357
A+
A-

Sosial yardımın məbləği nə qədərdir və hansı şərtlərlə hesablanır?

 

Məlahət ŞÜKÜROVA, Bakı şəhəri.

 

-“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.

Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;

Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bu il üçün ehtiyac meyarının məbləği 246 manat müəyyən edilmişdir.

 

Eşitmişəm ki, sosial yardım verilən zaman ailədə bəzi şəxslər nəzərə alınmır. Bu şəxslər kimlərdir?

 

Səlimə MƏMMƏDLİ, Bakı şəhəri.

 

- “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 9-cu maddəsi sizin sualı aydınlaşdırır. Belə ki, maddəyə əsasən, sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

- tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);

- müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

- cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

- axtarışda olan şəxslər;

- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

- əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).

ETİKETLƏR: