Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşlədiyim müəssisədən işdən çıxıb eyni nazirliyə tabe olan başqa bir müəssisəyə işə düzəlmək istəyirəm. Bilmək istəyirəm ki, bunu köçürmə yolu ilə etmək mümkündürmü, yoxsa mütləq əmək müqaviləsi ləğv olunmalıdır?

Çəmən ƏSGƏROVA, Gəncə şəhəri.

19.04.2023 00:33
19
A+
A-

İşlədiyim müəssisədən işdən çıxıb eyni nazirliyə tabe olan başqa bir müəssisəyə işə düzəlmək istəyirəm. Bilmək istəyirəm ki, bunu köçürmə yolu ilə etmək mümkündürmü, yoxsa mütləq əmək müqaviləsi ləğv olunmalıdır?

 

Çəmən ƏSGƏROVA, Gəncə şəhəri.

 

- Qanunvericilik yalnız eyni müəssisənin daxilində işçinin başqa vəzifəyə keçirilməsinə yol verir. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir (ƏM.mad.59).

Qalan hallarda işçi ilə əmək müqaviləsinə xitam verilməli, işçi ilə son haqq-hesab aparılmalı və işçi ümumi qaydada o biri müəssisədə yeni əmək müqaviləsi bağlamaqla işə düzəlməlidir. Ona görə də Siz ümumi qaydada başqa işə keçməklə əlaqədar olaraq öz təşəbbüsünüzlə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etməli və yalnız əmək müqavilənizə xitam verildikdən sonra o biri işəgötürənlə yeni əmək müqaviləsi bağlanması üçün ərizə ilə müraciət edə bilərsiniz.

 

Yaxın rəfiqəm hamilədir, amma məhkəmənin hökmü ilə həbsdədir. Uşaq ana həbsdə olan vaxt doğulacaq. Bilmək istəyirəm, o, hamiləliyə və doğuma görə müavinət ala biləcəkmi?

 

Samirə VƏLİYEVA, Bakı şəhəri.

 

- Bəli, ala biləcək. Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 71-ci hissəsinə əsasən, həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmirdi.

Lakin Nazirlər Kabinetinin 29 aprel 2014-cü il tarixli, 115 nömrəli qərarı ilə Əsasnaməyə dəyişiklik edildi və 71-ci hissə Əsasnamədən çıxarıldı. Qərar 04 may 2014-cü il tarixdə rəsmi qəzetlərdə dərc edildi və həmin tarixdən qüvvəyə mindi.

Bu dəyişiklikdən sonra əvvəllər Əsasnamənin 71-ci hissəsi ilə hamiləliyə və doğuma görə müavinətin ödənilməsinə qadağa qoyulan şəxslərin hamısına, o cümlədən həbsdə olan şəxslərə hamiləliyə və doğuma görə müavinət veriləcəkdir.

ETİKETLƏR: