Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yubiley tədbirində iştirak etdilər

Yubiley tədbirində iştirak etdilər

16.06.2021 09:20
17
A+
A-

İyunun 15-də Minsk şəhərində Belarus Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının 100 illik yubiley tədbiri keçirilib. Tədbirdə 450-dən çox yerli və xarici qonaq, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Belarus Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Tatyana Yakuboviç təşkilatın keçdiyi 100 illik həyat yolundan, dövlətlə ittifaq arasında münasibətlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Orda yubiley münasibətilə ölkənin təhsil işçilərini təbrik edib. Deyib ki, cəmiyyətlərin inkişafı birbaşa müəllimlərin adı ilə bağlıdır. Ona görə də müəllimlərin nüfuzu və sosial müdafiəsi hər bir dövlətin diqqət mərkəzində olmalıdır. O, çıxışının sonunda Federasiyanın Qızıl döş nişanını Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təqdim edib.
Belarus Respublikasının təhsil nazirinin müavini Sergey Rudi həmkarlar ittifaqlarının rolu, təhsil işçilərinin hüquqlarının müdafiə olunması sahəsində görülən işlər barədə söz açıb.
Tədbirdə çıxış edən Mirzə Cəfərzadə iştirakçılara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin təbriklərini çatdırıb, hər iki ölkənin həmkarlar ittifaqları arasında olan əlaqələrdən, bağlanmış əməkdaşlıq müqaviləsindən irəli gələn vəzifələrdən danışıb. Qeyd edib ki, müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərin birləşdirilməsi, fəaliyyətlərin əlaqələndirilməsi və s. məsələlər öz əksini tapıb. Münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirən M.Cəfərzadə Belarus Respublikasının elm və təhsil ictimaiyyətini Belarus Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının 100 illik yubileyi münasibətilə təbrik edib. 
Qeyd edək ki, 1921-ci ildə əsasi qoyulan Belarus Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı hazırda  600 min üzvü özündə birləşdirir. 

ETİKETLƏR: