Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda sahibkarlığın inkişafı və  təşəkkülü Heydər Əliyevin adı ilə bağlıdır

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

26.04.2023 10:37
38
A+
A-

Azərbaycanda bazar iqtisadiyyatının formalaşması, sahibkarlıq ənənələrinin bərpası və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 2002-ci il aprelin 25-də Onun yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Sahibkarlığın inkişafına qayğı ənənəsi Respublika Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ölkəmizdə Sahibkarlar Günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Sahibkarlar Günü ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması, bununla əlaqədar ölkəmizdə və xaricdə həyata keçirilən silsilə tədbirlər, Ulu Öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, sahibkarları 25 aprel - Sahibkarlar Günü münasibətilə təbrik edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov videomüraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının sosialyönümlü olduğunu, sahibkarlığın bu strategiyaya uyğun olaraq sosial rifah və məşğulluqda mühüm rol oynadığını vurğulayıb. Nazir Sahil Babayev dövlətimizin başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində atılan addımları, xüsusilə son 5 ildə 4 sosial islahat paketinin icra edilərək sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu diqqətə çatdırıb. Özəl sektorun korporativ sosial məsuliyyət layihələrini, məşğulluğun təmin olunmasında, özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların sosial müdafiəsi tədbirlərində yaxından iştirakı və dəstəyi, nazirliyin sosial tərəfdaşlıq müstəvisində sahibkarlarla fəal əməkdaşlıq təcrübəsi qeyd olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olunduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider və sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının, KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Məclisin deputatı Səttar Möhbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb.

O, Sahibkarlar Günü münasibətilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına və ölkəmizin sahibkarlarına təbriklərini çatdırıb, onların ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması bilavasitə Heydər Əliyevin adı bağlıdır: “Onun 1993-cü ildə təsdiq etdiyi “Azərbaycanda sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına böyük təkan verdi. Qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafında xüsusi rol oynamış, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritetinə çevirmişdir. Heydər Əliyevin rəhbərliyi altında sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturu yaradılmış, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi və zəruri texniki yardım göstərilmişdir”.

Onun sözlərinə görə, sahibkarların vergi yükünün azaldılması, o cümlədən mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, fəaliyyətlərinin şəffaflığının artırılması istiqamətində görülən tədbirlər özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında özünəməxsus rol oynadı.

O qeyd edib ki, Heydər Əliyev tərəfindən 1999-cu ildə imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman sahibkarlıq subyektlərində əsassız, bir-birini təkrarlayan lüzumsuz yoxlamaların aradan qaldırılmasında, sahibkarların öz vaxtından daha faydalı istifadə etməsində, qanuni mənafelərinin qorunmasında, inzibatçılığın səmərəsinin gücləndirilməsində mühüm rol oynamışdır: “Mən həmçinin 1997-2000-ci illəri əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı”nı xüsusi qeyd etmək istərdim. Bu proqram sahibkarlığın davamlı inkişafına, ölkə iqtisadiyyatında onun rolunun güclənməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına əlverişli şərait yaratdı”.

Səttar Möhbalıyev vurğulayıb ki, Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və istiqamətləndirilmiş bütün hədəflərinə onun müzəffər davamçısı Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, dərin islahatlar nəticəsində müvəffəqiyyətlə çatıb, bu gün ölkəmiz inkişafının yüksək mərhələsini yaşayır və bu, hər bir vətəndaşımızı qürurlandırır: “Hazırda Azərbaycan investisiya qoyuluşları üçün münbit, siyasi, iqtisadi və sosial təhlükəsizlik baxımından sabit ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Ölkəmizin irimiqyaslı enerji, nəqliyyat və infrastuktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor statusunu təsbit edib. Bütün bu uğurların qazanılmasında, ölkə iqtisadiyyatının sürətli inkişafında sahibkarların da xidmətləri danılmazdır”.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyinə adekvat cavab verən ölkə sahibkarlarının Azərbaycanın inkişafına və çiçəklənməsinə öz müsbət töhfəsini verdiyini, pandemiya və 44 günlük Vətən müharibəsi zamanı sahibkarların göstərdiyi dəstəyin dövlət-özəl sektor tərəfdaşlığına gözəl nümunə olduğunu qeyd edib, Ulu Öndər Heydər Əliyevdən başlayaraq bu günə qədər dövlət-sahibkar əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlərə dair fikirlərini bölüşüb.

Tədbirdə digər çıxışlar da dinlənilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Konfrans çərçivəsində “Gülüstan” sarayının foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən   fotosərgi təşkil olunub.

ETİKETLƏR:

Foto