Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyub”

Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək.

03.05.2023 11:36
8
A+
A-

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.

Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci ildönümü idi”.

Prezident İlham Əliyev deyib ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Biz onun bu arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik. Bütün azərbaycanlılar - təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə fəxr edirlər. Bu Qələbə ədalətin, tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir.

Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib. Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. 70-ci illərdə və 80-ci illərin əvvəlində Heydər Əliyev tərəfindən atılmış bir çox addımlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi.

Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək.

Dövlətimizin başçısı bildirib ki, Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi.

Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa, demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, müharibənin bitməsindən sonra sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olub.

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.

Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi: “Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənubi Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən, yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu”.

Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər.

Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-yə tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.

Prezident İlham Əliyev deyib ki, biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar.

Prezident İlham Əliyev Şuşada imzalanan Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsini tarixi hadisə adlandırıb.

Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir.

Azərbaycan Prezidenti bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək: “Əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləyib.

Uzun illər ərzində Türkmənistan neftinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunduğunu diqqətə çatdıran dövlət başçısı deyib: “Ola bilsin siz bunu bilmirsiniz, hətta Rusiya nefti, Rusiyanın Xəzər dənizində hasil etdiyi neftin bir qismi Azərbaycandan Ceyhana nəql olunur. Xatırladığım kimi, ildə təqribən 2 milyon tondan daha çox həcmdən söhbət gedir. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər. Beləliklə, bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa, bu bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki?”.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar.

Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı.

Prezident İlham Əliyev deyib ki, Tehranda səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər.

Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.

İki ölkə arasında münasibətlərlə bağlı proqnozlaşdırmanın çox mürəkkəb olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz İran rəsmilərindən bəzi məktublar almışıq. Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin, birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr, nəhayət, anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.

Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bu, mənim qərarımdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Pakistan arasında olan münasibətlərdən də danışıb. Deyib ki, biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq. İstər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksəkrütbəli məmurları Azərbaycanı dəstəkləmişlər. Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir.

Prezident çıxışında digər məsələlərə də toxunub.

(AZƏRTAC)

 

ETİKETLƏR: