Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hamiləliyimlə əlaqədar tibbi müayinədən keçməliyəm. Bu zaman müdiriyyət işdən icazə verməlidirmi? Bildirirəm ki, həkim xəstəlik vərəqəsi vermir.

Səlimə MANAFOVA, Bakı şəhəri.

03.05.2023 13:51
9
A+
A-

- Qanunvericiliyin tələbinə görə, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinəsindən keçməsi üçün işəgötürən zəruri şərait yaratmalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, analığı və uşaqlığı mühafizə edən dövlət onun təminatı qayğısına da qalır. Belə təminatlardan biri də odur ki, qanunvericilik hamilə və 3 yaşınadək uşağı olan qadınların tibb müəssisələrində dispanser və ambulator müayinələrindən keçdiyi, həkim məsləhətləri aldığı günlərdə əməkhaqqının saxlanılmasını mütləq şərt kimi işəgötürənin qarşısında qoyur (ƏM, maddə 245). Qanunvericiliyin bu tələbinin pozulması işəgötürənin hüquqi məsuliyyətini doğurur.

BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 nömrəli Konvensiyasında əks etdirilən prinsiplər Əmək Məcəlləsinin 16-cı maddəsində əks olunub. Bu maddə əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi adlanır. Maddənin 2-ci hissəsində isə ayrı-seçkilik hesab edilməyən amillər sadalanır ki, qadınlara, xüsusilə də hamilə və azyaşlı uşaqları olan qadınlara verilən güzəştlər, imtiyazlar və əlavə təminatlar da buraya daxildir.

Tibb müəssisəsində qeydiyyatda dayanan hamilə qadınlara dispanser müayinəsi müəyyən edilir, yəni müntəzəm həkim müayinəsi və xüsusi müayinələr (rentgenoloji, laboratoriya və s. müayinələr) aparılır. Dispanser müayinələrinin müntəzəmliyi qadının sağlamlıq halından, onda aşkar edilən ağırlaşmaların xarakterindən, əməyin xüsusiyyətlərindən və digər mühüm amillərdən asılı olaraq tibbi müəssisə tərəfindən müəyyənləşdirilir. Müayinə vaxtı qadının iş vaxtına düşə bilər. Ona görə də hamilə qadının, yaxud onun işlədiyi təşkilatın xahişi ilə qadının məcburi qaydada dispanser müayinəsindən keçməsi barədə müvafiq tibb müəssisəsinin arayışı verilir. 

ETİKETLƏR: