Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 7000 ailəyə ərzaq yardımı göstərilib

Heydər Əliyev məşğulluq siyasətini, işsizliyin aradan qaldırılması məsələlərini də daim diqqətdə saxlayıb.

10.05.2023 10:28
16
A+
A-

Mayın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə respublikanın rayonlarında yaşayan 4500 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Yolasalma mərasimində jurnalistlərə müsahibə verən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, bu gün biz qürurla, fəxr hissi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd edirik.

AHİK sədri bildirib ki, hər  bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi və rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlirlərinin yüksəlməsinə, məşğulluğunun təmin edilməsinə, sosial müdafiənin güclənməsinə xidmət edir. Səhiyyə, təhsil, mədəniyyət sahəsində təminatlarının həyata keçirilməsinə yönəldilən tədbirlər sistemi hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin mühüm tərkib hissəsidir. Yenidən müstəqilliyini əldə edən Azərbaycanda, bütün sahələrdə olduğu kimi, sosial sahədə də Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verib. O zaman ağır böhran şəraitində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev tərəfindən bir sıra sənədlər imzalanıb. 1995-2003-cü illərdə respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb.

Ulu Öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, minik avtomobilləri və reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və sair istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Heydər Əliyev məşğulluq siyasətini, işsizliyin aradan qaldırılması məsələlərini də daim diqqətdə saxlayıb. Onun rəhbərliyi dövründə respublikada əmək münasibətlərinin hüquqi bazasının yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların əmək hüquqlarının təmin olunması sahəsində bir çox uğurlar əldə olunub.

Ümummilli Lider Heydər Əliyevin strategiya və ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident İlham Əliyevə hər zaman dəstək olan, ən yaxın silahdaşlıq edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarının daim yaşaması və təbliği istiqamətində uğurla çalışır. Ölkənin Birinci vitse-prezidentinin  təşəbbüsü ilə Fond tərəfindən şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.

Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları da bu cür humanist layihələrə dəstək verir, aztəminatlı, şəhid və qazi ailələrinə qayğı göstərir.

AHİK sədri qeyd edib ki, İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500, dekabrında 4 500, 2023-cü ilin martında isə 4 650 şəhid ailəsi və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib. Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan bu kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb. Və bu gün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  AHİK tərəfindən 4500 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 2500 ailəyə də ərzaq verilib. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərir. Nəzərə çatdırım ki, bununla da sovqat göndərilən ailələrin ümumi sayı 65 minə çatıb.

Səttar Möhbalıyev deyib ki, bundan başqa, AHİK tərəfindən “YAŞAT” Fonduna və Qarabağ Dirçəliş Fonduna mütəmadi olaraq ianələr edilir. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə də vəsait köçürülür ki, bu da sahibkarlığın davamlı inkişafına müəyyən töhfə versin.

Şəhid və qazi ailələrinə 4 milyon manatdan çox vəsait həcmində birdəfəlik yardım göstərilib. Həmçinin AHİK tərəfindən 400-ə yaxn şəhid övladı himayəyə götürülüb. Şəhid ailələrinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşılır, istəklərinə uyğun olaraq yollayışlarla təmin olunur, imkanımız daxilində onlara köməklik göstərilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən igidlərimiz Vətən qarşısında borclarını yerinə yetirdilər. Bizim də borcumuz o insanların problemləri, qayğıları ilə maraqlanmaq, onlara əlimizdən gələn köməkliyi göstərməkdir.

***

Regionlardan

minnətdarlıq hissləri

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən göndərilən ərzaq yardımı bölgələrdə həssas əhali qrupuna aid olan ailələrə çatdırılır. Qeyd edək ki, AHİK tərəfindən bayramlarda və əlamətdar günlərdə şəhid ailələrinə, qazilərə, aztəminatlı və digər həssas qruplardan olan ailələrə hədiyyə, sovqat və yardımların verilməsi artıq ənənə halını alıb.

AHİK-in üzv təşkilatları bu humanist tədbirlərdə fəal iştirak edir. Hər bir rayon təşkilatı rayon ərazisində yaşayan həssas qruplardan olan ailələri daim diqqətdə saxlayır, Konfederasiya tərəfindən göndərilən yardımların növbə ilə onlara çatdırılmasında fəal iştirak edir.

Artıq Quba, Qax, Siyəzən və digər rayonlarda, eləcə də Bakının Nəsimi rayonunda şəhid ailələrinə, qazilələrə, Vətən müharibəsi iştirakçılarına və aztəminatlı ailələrə Konfederasiya tərəfindən ərzaq məhsullarından ibarət sovqat verilib.

Rayon sakinləri göstərilən bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər. Qeyd olunur ki, həssas əhali qrupuna aid olan ailələrə ərzaq yardımı göndərməklə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmin ailələrin sosial problemlərinin həllinə böyük dəstək göstərmiş olur. AHİK sədrinin şəxsi təşəbbüsü ilə həyata keçirilən bu xeyirxah işə görə yardım almış hər bir aztəminatlı ailə öz təşəkkürünü çatdırır.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto