Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəxsiyyət uşaqlıqdan formalaşdırılmalıdır

Çünki uşaq “qurban” doğulmur, getdikcə qurban davranışını mənimsəyir.

10.05.2023 11:42
88
A+
A-

Bir neçə gün əvvəl Sumqayıtda məşq zamanı baş verən  faciə hamımızı sarsıtdı. Mənim kimi digər  valideynləri də maraqlandıran bir sıra suallar ortaya çıxır.

Məşqçi və ya müəllim tərəfindən kobudluq ilə üzləşən uşaq necə davranmalıdır? Valideynlər nələrə diqqət etməlidirlər?

“Neyroloqoped” Uşaq İnkişaf Mərkəzinin rəhbəri, neyropsixoloq və loqoped Alena Ksianzhuk bu suala cavabın birmənalı olmadığını dedi: “Bilmirəm, mənim yanaşmamı bəyənəcəksinizmi, amma bu yanaşma mənim tərəfimdən icad olunmayıb, sahib olduğum psixoloji məlumatları bölüşəcəm. Hər şeydən əvvəl biz valideynlər özümüzə bu sualı verməliyik: Niyə mənim uşağımın başına belə hadisə gəldi? Mən harada səhv edirəm?

Hazırda biz ailənin mədəni dəyərlərinin və prinsipcə, sosial institut kimi ailənin müəyyən tənəzzülə uğradığı bir cəmiyyətdə yaşayırıq. Mental, mədəni, sosial-mədəni amillər də təsir edir. Əfsuslar olsun ki, zorakılıq həmişə ailədən başlayır. Uşaq məktəbdə, idmanda təhqir və xoşagəlməz rəftarla qarşılaşırsa, problemin kökü, yəni ailədəki vəziyyətlə daha dərindən tanış olmaq lazımdır. Çünki uşaq “qurban” doğulmur, getdikcə qurban davranışını mənimsəyir.

Misal üçün, doğulduğu ailədə yerinə yetirilməmiş bir vəzifə və ya hər hansı bir hərəkət üçün uşağın alçaldıcı sözlərlə yüksək səs tonu ilə tənbeh olunur və ya fiziki “tərbiyəyə” məruz qalırsa və ya ana uşağa “sən heç bir işə yaramırsan”, “həmişəki kimi sonuncusan”, “mən səndən bunu gözləmirdim” - ifadələri işlədirsə, o özünə qarşı bu cür davranış modelinə alışır. Hesab edir ki, böyüklər tərəfindən ona qarşı belə münasibət normaldır.

Sevdiyi valideyn tərəfindən idman bölməsinə cəlb olunduqda, uşaq valideyninin seçiminə güvənir. Və müəlliminin düzgün davrana bilməyəcəyini şübhə altına almır.

Müəllim də uşağın davranışından dərhal hiss edir ki, onun arxasında düşünən, qoruyan bir yetkin dayanmayıb. Nəticədə “yaxşılıq” şüarı altında uşağa kobud rəftar göstərilir: “Ən acınacaqlısı da odur ki, hər gün təcrübəmdə valideynlərin müəllimin tərəfini tutması ilə qarşılaşıram. Bəziləri isə hətta uşağa əl qaldıran, indiki nəslə “ərköyün, kaprizli” deyən müəllimi dəstəkləyir”.

Müsahibim qeyd etdi ki, ailə uşağın düşdüyü vəziyyətdə və onun təhlükəsizlik baxımından necə reaksiya verməsində böyük rol oynayır. Uşağa şəxsiyyətinin, sağlamlığının sərhədlərini qorumağı öyrədən valideynlərdir. Uşağınıza özünə və başqalarına qarşı təhlükəsiz davranışı öyrədin. Belə uşaq özünə və başqalarına qarşı zorakı davranışa yol vermir.

“Bir sözlə, hər şey ailədən başlayır. Uşaq valideynlərindən özünü müdafiə etməyi, ünsiyyət və münasibətlər normalarını öyrənməlidir. Bunu sözlərlə öyrətmək olmaz.

Valideynlərin özlərinin səmərəli tərbiyəyə ehtiyacı var. Ondan sonra övladlarını düzgün inkişaf etdirəcəklər. Bu, ailədə, valideynlər arasında, valideynlərlə uşaqlar arasında düzgün münasibətlərdən başlamalı olan uzun bir yoldur”,- deyə A. Ksianzhuk söylədi.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: