Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Doing Business”in yerinə “Business Ready” hesabatı...

Azərbaycan yeni və daha şəffaf hesabatda islahatçı ölkələr qrupunda qalmaq iddiasındadır

10.05.2023 13:25
23
A+
A-

Dünya Bankı (DB) ənənəvi “Doing Business” hesabatının əvəzində yeni beynəlxalq iqtisadi qiymətləndirmə indeksi tətbiq edəcək. Dünyanın 190 ölkəsinin biznes mühitinin müxtəlif sahələrini əhatə edən “Doing Business” hesabatının daha təkmil və yeni meyarlara əsaslanan hesabat “Business Ready” (B-Ready) adlanacaq. Yeni layihədə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı ilə aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, ticarət, maliyyə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcək. DB-nin yeni metodologiyasına əsasən, həmin ölkələrin beynəlxalq biznes mövqeyi müəyyənləşəcəkdir.

Azərbaycan neçə illərdir ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində biznes sahəsində islahatları davam etdirir, DB-nin təklif və tövsiyələri əsasında biznes mühitinin yaxşılaşdırılmasına təsir edən sahələr üzrə qabaqcıl təcrübələri tətbiq edir. Bu islahatların mühüm nəticələrindən biri kimi, Azərbaycan “Doing Business” hesabatlarında son illərdə ən yaxşı islahatçı ölkələr sırasında yer alıb. Ölkəmiz “Biznesə başlama”, “Mülkiyyətin qeydiyyatı”, “İnvestorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənişi” indeksləri üzrə ən mütərəqqi islahatlar həyata keçirib. 2018-ci ildən sonra vergi islahatları hesabatda Azərbaycanın bir neçə indeks üzrə irəliləməsində xüsusi rol oynayıb. Belə ki, “Doing Business 2020” hesabatında birbaşa vergi məsələləri ilə bağlı olan “Biznesə başlama” və  “Vergilərin ödənişi” indeksləri üzrə Azərbaycan ilk 10 ölkə qrupunda yer alıb. Respublikamız “Biznesə başlama” üzrə dünya sıralamasında 9-cu yerdə, “Vergilərin ödənilməsi” indikatoru üzrə 28-ci yerdə qərarlaşıb.

 “Biznesə başlama” sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Hesabata əsasən, bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) - 2 günə bərabərdir.

“Biznesə başlama” prosedurları üzrə respublikamız əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı 2 olduğu halda, Avropa və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1; OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3, Avropa və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa və Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri 8,8 əmsalına malikdir.

Azərbaycan Dünya Bankının “Vergilərin ödənilməsi” indeksi üzrə də MDB məkanında ilk yerlərdən birini tutub. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və sair aid edilir. Ötən dövr ərzində ölkəmizdə məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, nəticədə həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 40 saat qiymətləndirilib. Ümumilikdə isə digər vergilər - sosial müdafiə ayırmaları, mənfəət və əlavə dəyər vergisi üzrə 159 saat müəyyənləşdirilib. Ödənişlərin sayı isə 6, ümumi vergi dərəcəsi isə 39,8 % qeyd olunub.

Yuxarıda qeyd edilən nailiyyətlər Azərbaycanın “Doing Business” hesabatında biznes islahatları üzrə apardığı işlərin nəticəsidir. İndi isə Dünya Bankı biznes qiymətləndirməsini tamamilə yeni meyarlar və daha dərin alt-indekslər üzrə həyata keçirdiyindən Azərbaycanın da üzərinə bir sıra vəzifələr düşür. “Doing Business”i əvəz edəcək “Business Ready” hesabatı investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin edəcək. Yeni hesabat biznesə başlamaq üçün əsas institusional amilləri, vergi yükü və vergi dərəcələri, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, bazar rəqabəti, mübahisələrin həlli kimi əsas alt-indekslər ölçüləcək.

Ona görə də Azərbaycan hökuməti bu vaxta qədər biznes sahəsində mövcud olan problemləri daha dərindən təhlil edərək müxtəlif təsirli addımlar atmaq niyyətindədir. İlk növbədə 2023-cü ilin sonuna qədər Rəqabət Məcəlləsinin hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, biznesin fəaliyyətinə təsir edən əsas amillərdən biri olan vergi mühitinin və vergi-biznes mühiti səmərəliliyinin artırılması da başlıca prioritetlərdəndir.

Dövlət Vergi Xidməti yeni reallıqları nəzərə alaraq Dünya Bankı ilə müasir çağırışlar fonunda “Əlverişli biznes mühiti” adlı yeni layihə çərçivəsində islahatları və iqtisadi təşəbbüsləri davam etdirməyə qərar verib. “Biznesə daxilolma” adlı işçi qrupu tərəfindən biznesin qeydiyyatının bütün sahələrdə daha da asanlaşdırılması, xüsusilə də xarici hüquqi şəxslərin ölkəmizdə qeydiyyatdan keçirilməsi proseslərinin səmərəliliyinin təmin edilməsi, paralel olaraq onların təhlükəsizliyinin təmin edilməsi, biznes sektorunun sosial maraqlarının qorunması, kommunal xidmətlər, işçi qüvvəsi, biznes mübahisələri və s. sahələrdə sadələşdirilmiş prosedurların hazırlanması nəzərdə tutulur. Həmçinin müəssisələrin fəaliyyətinin çevikliyinin təmin olunması və sosial maraqlarının qorunması, xarici mənşəli beynəlxalq sənədlərin informasiya sistemlərində elektron rəsmiləşdirilməsinin asanlaşdırılması və “Elektron notariat” informasiya sisteminin tətbiqi, digər elektron infrastrukturların çevikliyinin artırılması islahat təşəbbüsləri sırasında yer alır.

“Business Ready” hesabatının 2024-cü ilin ortalarında dərc olunması nəzərdə tutulur və Azərbaycan Dünya Bankının yeni və daha şəffaf hesabatında islahatçı ölkələr qrupunda qalmaq iddiasındadır.

Elbrus CƏFƏROV

ETİKETLƏR: