Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təəsüratlarını bölüşdülər

müsahibələri oxucularımıza təqdim edirik.

10.05.2023 13:45
14
A+
A-

Ötən sayımızda xəbər verdiyimiz kimi, mayın 3-5-də Bakıda “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İqlim dəyişikliyi ilə mübarizədə daha təmiz dayanıqlı dünyaya ədalətli keçid prosesində həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda seminar keçirilib. Əməkdaşlarımız tədbir iştirakçılarının bir neçəsindən  aktual məsələlərlə bağlı müsahibə götürmüşdü. Həmin müsahibələri oxucularımıza təqdim edirik.

Lene OLSEN,

Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi nümayəndəsi

-2011 və 2019-cu illər ərzində BƏT bir neçə ölkənin iqlim dəyişikliyi ilə bağlı bacarıqları və təhsil planları haqqında hesabat dərc edib. Demək olar ki, 2019-cu ilə qədər 32 ölkədən 3/2-si yaşıl keçidlə əlaqədar önəmli nüanslardan biri kimi təhsilin vacibliyini vurğulayıb. Yəni bu ölkələrin 40 faizdən az hissəsi prosesi həyata keçirmək üçün plan irəli sürüb.  20 faizdən çoxunun isə heç bir planı yoxdur. Fransa, Danimarka, Almaniya və İspaniya kimi yalnız bir neçə yüksək gəlirli Avropa ölkələri yaşıl keçid üçün bacarıqlara, geniş və əlaqələndirilmiş sərmayələrə malikdir.  İqlim dəyişikliyini həll etmək üçün ölkələr 2015-ci il dekabrın 12-də Parisdə Tərəflərin 21-ci Konfransında Paris Sazişini qəbul ediblər. Saziş qısa müddət sonra  2016-cı ildə qüvvəyə minib. Biz bütün ölkələrdən olan sosial tərəfdaşların Paris Sazişinin “National Determined Contributions” (Milli Müəyyən edilmiş Töhfələrin) müzakirəsi və həyata keçirilməsində iştirak etməsini görmək istəyirik.

2019-cu ilin hesabatı göstərir ki, nazirliklər arasında koordinasiya zəifdir.  Təhsil, təlim və məşğulluq ilə bağlı nazirliklər iqlim və ətraf mühit siyasətində az təmsil olunurlar. 2011-ci ildə ətraf mühit və bacarıq siyasəti arasında koordinasiyanın zəif olduğu ölkələrdən heç biri 2019-cu ildə sistematik olaraq bu problemlə bağlı nəsə etməyib. Biz layiqli əməklə iş və yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparılmasını, yaşıl iş yerlərinin çoxalmasını istəyirik.

Qlobal, regional, milli və sektorlar səviyyəsində hamı üçün ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata və cəmiyyətlərə ədalətli keçidi təşviq etmək və sürətləndirmək üçün təcili tədbirlərin görülməsinə ehtiyac var. Bu, beynəlxalq səviyyədə koordinasiya edilməli olan həllər tələb edən bir məsələdir və inkişaf etməkdə olan ölkələrin aşağı karbonlu iqtisadiyyata doğru keçid etməsinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq tələb edir.

Təəssüf ki, ədalətli keçidlə bağlı konvensiyamız və ya tövsiyəmiz olmayacaq. Buna görə də təlimatların əlavələrini vurğulamaq vacibdir.

Bu iki alətin (BƏT-in ədalətli keçid üzrə Təlimatları və Beynəlxalq Əmək Standartları) birlikdə istifadə edilməsi iqlim ədalətinə güclü töhfə verəcək. Məqsəd onların ədalətli keçidlə bağlı işə dəstək göstərə bilməsidir.

 

Bolat ZHUMABEKOV,

Qazaxıstanın Karaqanda Vilayəti  Həmkarlar İttifaqı Mərkəzinin sədri

- Bizim üçün xoş idi ki, AHİK-in əməkdaşları tərəfindən, digər xarici həmkarlarımız kimi, diqqət və qayğı ilə qarşılandıq. Biz Bakıya çox ciddi bir məsələnin müzakirəsinə yığışmışdıq. Seminarımızın əsas müzakirə predmeti nəinki regionu, bütün planetimizi narahat edən iqlim dəyişikliyi və hamı üçün ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata və cəmiyyətə keçidlə bağlı milli çağırışların və imkanların müəyyənləşdirilməsi, bu problemin həllində həmkarlar ittifaqlarının məsuliyyəti, siyasəti və fəaliyyət planlarını hazırlamaq idi. Çıxışlardan göründü ki, gündəlikdə duran problemdən heç bir ölkə kənarda qalmayıb. O cümlədən mənim ölkəm. Vəziyyət həyacan doğuran həddə çatıb.

Yay aylarında istiötürücü şəbəkələr daha çox gərginlik yaradır. Ekstremal hava şəraiti şəbəkələrin iş rejimini pozur. Bu, xüsusilə köhnəlmiş və lazımi xidmət göstərilməyən obyektlərə aiddir. İqlim dəyişikliyi Qazaxıstanın təbii ekosistemlərinə də böyük təzyiq göstərir. Daha çox təzyiqi kənd təsərrüfatı sektorunda hiss edirik. Səbəb də su ehtiyatlarının kifayət qədər olmamasıdır.

İqlim dəyişikliyi hava şəraitini Qazaxıstanın ayrı-ayrı bölgələrində taxıl istehsalı, xüsusən də payızlıq buğdanın becərilməsi üçün əlverişsiz edir. Anomal qış və anomal isti otlaqların məhsuldarlığını azaldır. Bu da heyvandarlıq təsərrüfatlarının get-gedə sıradan çıxmasına doğru aparır.

Qazaxıstan Respublikası Paris Sazişini 2016-cı il avqustun 2-də imzalayıb. Paris Sazişinə qoşulan bütün ölkələrin istixana qazlarının emissiyalarını azaltmaq öhdəlikləri var. Qazaxıstan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 15% azaltmağı qarşısına məqsəd qoyub.

“Məqsədə çatmaq üçün əsas vasitələrdən biri  Emissiya Ticarət Sistemidir. Bu sistem neft-qaz sənayesi, enerji sektoru, mədənçıxarma, metallurgiya, kimya sənayesi, eləcə də sement, əhəng, gips və kərpic kimi tikinti materiallarının istehsalı ilə bağlı emal sənayesini əhatə edir.

 

Rıskul BABAYEVA,

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini

- Həmkarlar ittifaqları üçün ən vacib məqam layiqli əməyi təmin etməklə yanaşı, iqlim dəyişikliyi və ədalətli keçid zamanı yaranan problemlərin həlli üçün ideyaların aparıcısı olmaqdır.

Hər hansı bir ölkə Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvüdürsə, beynəlxalq əmək standartları konvensiyalarının həyata keçirilməsində mühüm rol oynamalıdır. Bu gün biz Azərbaycanda BƏT-in dəstəyi ilə bu məsələləri qaldırırıq ki, müəyyən zaman ərzində onların həlli yollarını axtarıb tapaq.

 

Nodira QAİBNAZAROVA,

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının əməyin mühafizəsi şöbəsinin müdiri

-Sağlam iş yerinin və hamı üçün layiqli əməyin qayğısına qalan dostlarımız və həmkarlarımızla bir arada toplanmaq mənə xüsusi zövq verir.

Əfsuslar olsun ki, bütün dünyada ətraf mühitin vəziyyəti və “yaşıl” iqtisadiyyat prinsiplərinin tətbiqi ilə bağlı narahatlıqlar var.

Son 40-45 ildə Aral dənizinin səviyyəsi 22,0 m-dən çox azalmışdır. O, praktiki olaraq “ölü” dənizə çevrilib. Hər il burada atmosferə 15 milyon tondan 75 milyon tona qədər toz qalxır.

Təhlükəli iş yerlərində çalışanların da sayı az deyil. Təəssüf ki, tez-tez  kömür şaxtalarında qaz partlaması nəticəsində yüzlərlə insan həlak olur.

Dövlətimiz bu problemlərin aradan qaldırılması, ən azı yumşaldılması üçün ardıcıl tədbirlər həyata keçirir. “2017-2021-ci illər üçün Özbəkistan Respublikasının beş prioritet inkişaf istiqaməti üzrə Fəaliyyət Strategiyası” və Paris Sazişi çərçivəsində səmərəli islahatlar həyata keçirilir. “Yaşıl” mədəniyyətin formalaşdırılması məqsədilə gəncləri “yaşıl” iqtisadiyyatın yaradılmasına cəlb etmək üçün xüsusi proqrama start verilib.

Həmçinin  2019-2030-cu illər üçün Özbəkistan Respublikasının “yaşıl” iqtisadiyyata keçidi üzrə Strategiya hazırlanıb.

Strategiya istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri risklərinin azaldılması, əmək şəraitinin yaxşılaşdırılması, qarşısı alına bilən səbəblərdən ölüm hallarının azaldılması və əmək qabiliyyətli əhalinin sağlamlığının yaxşılaşdırılmasını əhatə edən “yaşıl” iş yerlərinin yaradılmasına yönəlib.

Özbəkistanın həmkarlar ittifaqları, bütün dünya həmkarlar ittifaqları kimi, strategiyanın məqsədlərini yerinə yetirmək üçün qarşısına bir sıra vəzifələr qoyur. Misal üçün, iş yerində təhlükəsiz iş şəraitinin yaradılması, layiqli əməkhaqqı, sosial müdafiəyə və sosial dialoqa nail olmaq, yoxsulluğun aradan qaldırılması, insan hüquqlarının və həmkarlar ittifaqı azadlıqlarının təminatları, əmək münasibətlərində hər hansı ayrı-seçkiliyin aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsi, uşaq əməyinin və məcburi əməyin aradan qaldırılması, ətraf mühitin qorunması.

Azərbaycanda artıq ikinci dəfəyəm. İlk dəfə gəldikdə, dünyada olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olduğunu eşidəndə çox təəccübləndim. Təbii sərvətlərinə, zəngin tarixi-mədəni irsinə, milli mətbəxinə, gözəl təbiəti və rəngarəng landşaftına heyranam. Azərbaycanı çox sevirəm!

 

Müsahibələri apardılar:

Əsli TELMANQIZI, Günel RAFAYILQIZI

ETİKETLƏR: