Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib

Əminliklə vurğulanıb ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

17.05.2023 10:39
8
A+
A-

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib.

İclası açan Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolunun doğma torpağa, xalqa məhəbbət və sədaqət meyarına çevrildiyini, fəaliyyətinin dünya siyasət sənəti xəzinəsinə daxil olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib.

Milli Məclisin sədri tədbir iştirakçılarına Heydər Əliyevin 1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində fəaliyyəti barədə də məlumat verib. Vurğulanıb ki, Ulu Öndər Moskvada çalışdığı dövrlərdə də Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəməyib.

Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində böyük çətinliklərlə üzləşdiyini xatırladan parlamentin sədri 1993-cü ilin iyununda Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycanın uçurumun bir addımlığından geri döndüyünü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildiyini deyib. Qeyd edilib ki, Ümummilli Liderin 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində həyata keçirdiyi nəhəng işlər sayəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edilib, Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisinə, ordu quruculuğuna başlanılıb, digər sahələrdə irimiqyaslı layihələrə start verilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi, yeniləşməni gündəlik həyatımızın reallığına çevirib.

Əminliklə vurğulanıb ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

Sonra Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçılarının çıxışları dinlənilib.

Tədbirdə Parlamentlərarası İttifaqın sədri Duarte Paçeko, Misir parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Ali Safadi, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğızıstan Jokorku Keneşinin sədri cənab Nurlanbek Şakiyev, Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid Əl Alami, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl Asumi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev və digərləri çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər, türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə verdiyi böyük töhfələr qeyd olunub.

İclas iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, hazırda Azərbaycan mötəbər beynəlxalq təşkilatlarda da dünya ölkələri ilə əməkdaşlığını uğurla həyata keçirir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan səmərəli fəaliyyət göstərir, bir çox mühüm təşəbbüslərlə çıxış edir.

Qeyd edək ki, xüsusi iclasa ümumilikdə 228 nəfər, o cümlədən 12 parlament sədri, 15 parlament sədrinin müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də diplomatik korpusun təmsilçiləri qatılıblar.

 

ETİKETLƏR: