Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


ƏDV-nin diferensial tətbiqi labüddür

Bu statistik rəqəmlər ciddi inflyasiyaya şahidlik edir. Bu, əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial vəziyyətini daha da acınacaqlı hala salır.

17.05.2023 12:08
3
A+
A-

Ötən günlərdə Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2022-ci il yanvar- aprel aylarına nisbətən 113,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 faiz təşkil edib. Komitənin digər açıqlamasında isə muzdla çalışan əhalinin orta aylıq əməkhaqqısı ötən illə müqayisədə 11,4 faiz artıb.

Bu statistik rəqəmlər ciddi inflyasiyaya şahidlik edir. Bu, əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial vəziyyətini daha da acınacaqlı hala salır.

İqtisadçı-ekspert Natiq Cəfərli müxbirimizə bildirdi ki, Azərbaycanda inflyasiya, qiymət artımı əhalinin real gəlirlərinin azalmasına səbəb olur. Yəni qiymət artdıqca əhalinin gəlirlərini də yeyib bitirir. Ona görə əsas mübarizə inflyasiyaya qarşı olmalıdır. Bununla paralel olaraq insanların maaş və təqaüdlərinin artımı ilə bağlı addımlara da ehtiyac var. Amma əsas hədəf inflyasiya ilə mübarizədirsə, dövlətin əlində effektiv və tez nəticə verən alətlər var. Biz bunu bir ildən çoxdur ki, təklif etmişik. Əsas alət ərzaq məhsulları və dərman preparatlarında əlavə dəyər vergisinin (ƏDV) azaldılması ola bilər. Və bu, çox ciddi effekt verəcək. Qiymətlərin aşağı düşməsində mühüm rol oynayacaq. Çünki Azərbaycan əhalisinin böyük əksəriyyəti şəbəkə marketlərindən alış-veriş edir, bu marketlər isə ƏDV ödəyicisidir. Demək, biz ərzaq məhsulları və digər ehtiyaclarımızı alarkən üzərində 18 faiz də ƏDV ödəyirik. Həmçinin dərman preparatları ölkəyə daxil olarkən elə sərhəddəcə 18 faiz əlavə dəyər vergisi ödənir. Bu iki faktı nəzərə alsaq, tez effekt verməsi, insanların sosial vəziyyətinə yaxşı təsir etməsi üçün əlavə dəyər vergisini ya ləğv etmək, ya da 2 faizə qədər aşağı salmaq lazımdır. İki faiz isə sənədləşmənin doğru aparılması üçün vacibdir.

Məsələyə  Milli Məclisin deputatı Vüqar Bayramov münasibət bildirərək söylədi ki, bütövlükdə ərzaq məhsulları üzrə əlavə dəyər vergisinin azaldılması və diferensial əlavə dəyər vergisinin tətbiq edilməsi son illər müzakirə edilən məsələlərdəndir. Və bir sıra ölkələrdə də diferensial olaraq əlavə dəyər vergisi dərəcələri tətbiq olunur. Bizim də təklifimiz ondan ibarətdir ki,  Azərbaycanda da ƏDV-nin diferensial tətbiqi hazırkı şəraitdə labüd görünür. Xüsusən də ƏDV-nin ərzaq və qeyri-ərzaq məhsulları üzrə, o cümlədən strateji məhsullar üzrə fərqləndirilməsi daha məqsədəuyğun olardı. Bu isə qiymətlərin optimallaşdırılmasına gətirib çıxaracaq.

 

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: