Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqlim dəyişir  planetimizi nə gözləyir

BMT Baş katibinin çağırışları ilə bağlı ölkəmizdə hansı tədbirlər görülür?

17.05.2023 12:10
86
A+
A-

İqlim dəyişikliyi nəticəsində dünyanın bir çox yerlərində ekstremal meteoroloji iqlim və hidroloji hallar daha tez-tez baş verir və bütün bunlar planetimizin yaşayış üçün yararsız olmasına gətirib çıxarır. İnsan fəaliyyəti nəticəsində yaranan “istixana” effekti yaradan qazların emissiyaları iqlim dəyişikliyinə təkan verir və artmağa davam edir. İndi onlar tarixdəki ən yüksək səviyyəyə çatmışdır. Tədbir görülməzsə, dünyanın orta səth temperaturunun 21-ci əsrdə yüksələcəyi proqnozlaşdırılır, planetimizin bəzi hissələrinin daha çox istiləşəcəyi gözlənilir.

BMT-nin Baş katibi Antonio Quterreşin Ümumdünya Meteorologiya Günü ilə əlaqədar müraciətində vurğulanır ki, meteoroloji tendensiyalar iqlim dəyişikliyi ilə mübarizənin təxirəsalınmaz olduğunu sübut edir. O, əlavə edib: “Qlobal istiləşmənin 1,5 dərəcə Selsi çərçivəsində saxlanılması üzrə lazımi tədbirlərin görülməməsi hər il bizi uçuruma daha çox yaxınlaşdırır, sistemli riskləri artırır və iqlim fəlakətinə qarşı dayanıqlığımızı azaldır”.

Baş katib həmçinin bütöv bir ölkə və şəhərlərin yox olması təhlükəsini də xatırladıb. O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə maliyyə və texniki yeniliklərdən istifadə etməyə, karbon qazı emissiyasını azaltmağa, habelə su, külək kimi bərpa olunan enerji mənbələri hesabına gələcəyə adaptasiya olmağa və iqlim şoklarına qarşı dayanıqlığı artırmağa çağırıb.

BMT Baş katibinin çağırışları ilə bağlı ölkəmizdə hansı tədbirlər görülür?

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, hazırda iqlim dəyişiklikləri və onların kənd təsərrüfatına təsiri dünyanı narahat edir. İqlim dəyişiklikləri qaçılmaz prosesdir və bunları yaradan məhz insan faktorudur. İqlim dəyişikliklərindən ən çox kənd təsərrüfatı və su resursları zərər görür. İqlim dəyişiklikləri nəticəsində torpaqların əvvəlki keyfiyyətini itirməsi, deqradasiyaya məruz qalması riski artır: “Torpaqlar deqradasiyaya məruz qalmadıqda, su ehtiyatları normal səviyyədə olduqda kənd təsərrüfatında məhsul istehsalı normal olur. Buna görə də iqlim dəyişikliklərinə qarşı ən həssas sahə kənd təsərrüfatı, meşələr və su qaynaqları hesab edilir”.

Nazirlikdən qeyd olundu ki, iqlim dəyişmələrində insan amilləri daha çox rol oynayır. Belə davam etsə, gələcəkdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sual altında olacaq. 2050-ci ildə dünyada insanların sayının 9 milyarda çatacağı gözlənilir. Ekspertlərin proqnozlarına görə, insanların ərzaq məhsullarına olan tələbatı 2 dəfə artacaq. Bunun üçün əkin sahələrinin sayı artırılmalıdır. Hazırda iqlim dəyişmələri nəticəsində torpaqların deqradasiyası gedir, səhralaşma prosesi sürətlənir. Bu problemin həlli üçün qarşıda çox böyük vəzifələr dayanır.

Xüsusilə inkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə adaptasiya olmaq üçün milli uyğunlaşma planları işlənib. Bu planların tərkibində çox məsələlər əksini tapıb. Məsələn, xüsusən də strateji əhəmiyyət kəsb edən dənli bitkilərin  sığorta məsələsi var. Eyni zamanda ənənəvi seleksiya materiallarının, yəni ənənəvi bitki sortlarının mühafizəsi, toxumçuluq ilə bağlı məsələlər yer alır. Hazırda ölkəmizdə bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan bildirildi ki, sənaye müəssisələrinin inkişafı, avtomobillərdən atılan qazlar, təmizləyici qurğuların olmaması, səhralaşma prosesi və sair iqlimin dəyişməsinə təsir edən amillərdəndir. Qlobal istiləşmə nəticəsində təbii zonaların, iqlim qurşaqlarının sərhədləri dəyişə, meşələr təbii şəkildə məhv ola, səhralaşma prosesi baş verə, güclü tayfunlar, tornadolar ola bilər. Bunlar hamısı həm cəmiyyətə, həm də təbiətə mənfi təsir göstərən amillərdəndir. Ola bilər, gələcəkdə elə hal olsun ki, yaz və payız fəsillərini müşahidə etməyək. Yəni 30-50 il sonra kəskin soyuqlardan kəskin istilərə keçə bilərik.

Qlobal istiləşmənin qarşısının alınması üçün bütün zavod, fabrik, müəssisələrdə təmizləyici qurğuların dəqiq işləməsini, qurulmasını təmin etmək lazımdır ki, atmosferə atılan zərərli qazların miqdarı azalsın. İkinci növbədə, avtomobillərin az olmasına diqqət etmək lazımdır. Bunlar texniki cəhətdən həyata keçirilməsi mümkün olan tədbirlərdir. Bundan başqa, hər ölkədə atmosferə buraxılan karbon qazının utilizasiya edilməsi, meşələrin sahəsinin artırılması, torpaqların qayğısına qalmaq, səhralaşma, eroziya prosesinin qarşısını almaq lazımdır. Bu tədbirlər gələcəkdə iqlim dəyişikliyi ilə bağlı fəsadların bir qədər yumşaldılmasına kömək edə bilər.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: