Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


TAKSİ XİDMƏTİ

kəmiyyətdən razıyıq, bəs keyfiyyətdən?…

17.05.2023 12:45
28
A+
A-

Azərbaycanda 100-dən çox yerli və 4 xarici taksi şirkəti fəaliyyət göstərir. Bu günlərdə xarici taksi şirkətləri siyahısına daha biri - Ukraynanın    “Uklon” Umico şirkəti də əlavə olundu.

Bu şirkətlər   necə işləyir?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıya görə, hər kəs taksi şirkətlərinin qiymətinin, demək olar ki, əksər insanlar üçün əlçatan olduğunu deyir və razılıqlarını bildirir: Narazılıqlar da kifayət qədərdir. Sosial şəbəkələrdə vaxtaşırı taksi sürücülərindən xüsusilə qadın müştərilər tərəfindən şikayətlərlə rastlaşırıq. Üstəlik, sifarişlər deyilən vaxta yerinə yetirilmir. Bu da sifarişçilərin vaxt itkisinə səbəb olur. Hətta ödəmənin nağd və ya kart vasitəsilə olmasına görə sürücü-sərnişin münaqişəsi belə yaranır. Sürücünün müştəriyə qeyri-etik davranışları kimi hallar ortaya çıxır.

Taksi şirkətləri haqsız rəqabət aparırlar, yalnız özlərinə sərf edən qərarlar qəbul edirlər. Şirkətlər sürücüləri necə gəldi işə götürürlər. Baxmırlar ki, o, sağlamdır, yoxsa narkomandır, bəlkə psixoloji problemi heç yerində deyil. Hansısa faktları sübut etmək, problemlərin operativ həllinə nail olmaq üçün bir sistem, mexanizm olmalıdır, o da hazırda ölkəmizdə yoxdur. Bir problemin olanda bilmirsən hara şikayət edəsən. Etsən belə məlum deyil ki, sürücü cəzalandırılacaq, yoxsa yenə salacaqlar onu sərnişinlərin canına”.

Ekspert sürücülərin iş saatına da toxundu: “Digər işçilər kimi onların da konkret iş saatı olmalıdır. Beynəlxalq səviyyədə təsdiq olunmuş bir qayda var: taksi sürücüsü maksimum 13 saat işləyə bilər. Ancaq bizdə 20 saat belə işləyən var. Hətta olur ki, başqa işdə işləyir, saat 6-da iş vaxtı bitir, sonra şəxsi maşını ilə taksi xidməti göstərir. Bu, düzgün deyil axı, bu insan bəlkə də, fiziki olmasa da, psixoloji yorğundur. Bu yaxınlarda belə bir hadisə olmuşdu. Şəxs taksi sifariş verir. Taksi gəlir, bir az getdikdən sonra çox yorğun olduğunu, yuxuladığını, daha maşını idarə edə bilməyəcəyini deyərək sərnişindən üzr istəyir. Sərnişin də məcbur qalır, özü maşını idarə edərək sifariş verdiyi ünvana gedir. Görün, indi vəziyyət nə yerdədir. Bütün bunlara ciddi bir nəzarət lazımdır. Azad sahibkarlıq fəaliyyətidir deyib insanları təhlükə altında qoymaq da düzgün deyil axı”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova görə, əgər ölkəyə xaricdən yeni taksi şirkəti daxil olursa, buna ehtiyac var deməkdir: “Taksi şirkətləri əslində aqreqatordur, sürücü ilə kütlənin arasında əlaqəni yaradan çağrı mərkəzi kimi bir şeydir. Bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərirlər. Ona görə də onların yaranmasını ancaq tələb və təklif tənzimləyir. Bilirsinizmi, bu gün taksilərin çox olmasına həqiqətən ehtiyac var. Çünki Bakıda ictimai nəqliyyat bərbad vəziyyətdədir. Taksi şirkətləri, ya da taksi fəaliyyəti sərnişindaşımada, deyərdim ki, ictimai nəqliyyatın rəqibidir. Ona görə də taksi şirkətlərinin, taksi fəaliyyətinə cəlb olunan avtomobillərin sayının artmağı bundan irəli gəlir. Ancaq, təbii ki, taksilərin şəhərdə çoxluq təşkil etməsi tıxacı daha da dözülməz hala salır. Ona görə də yaxşı olar ki, dövlət ictimai nəqliyyatın inkişaf etdirilməsini təmin etsin, insanların velosipeddən, skuterdən istifadəsi üçün şərait yaratsın ki, fərdi avtomobillərə və taksilərə də ehtiyac azalsın”.

Ərşad müəllim sürücülərlə əmək müqaviləsinin bağlanması məsələsinə də toxundu. Dedi ki, taksi kimi fəaliyyət göstərənlərin heç də hamısı şirkətin əməkdaşı deyil, orada işçi və işəgötürən münasibəti yoxdur və beləliklə də, onlar arasında əmək münasibətləri də yoxdur: “Burda məsələ necədir? Əksəriyyət şəxsi avtomobili ilə qoşulur sistemə və taksi kimi fəaliyyət göstərir. Daşınmada da ümumi xərcin bir hissəsini komissiya olaraq həmin şirkətə verir. Bu yaxınlarda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Həmin Şura yaxşı olar ki, bu məsələ ilə ciddi məşğul olsun. Bir də İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Agentliyi də mütəmadi olaraq belə məsələlərlə maraqlanmalı, nəzarətdə saxlamalıdır ki, inhisarçılıq meyilləri olmasın”.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR:

Foto