Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bankların mənfəəti və vergi ödənişləri artır, ancaq biznes kreditləri artmır

Hazırda bank sektorunda dinamika və likvidlik daha da yaxşılaşmağa doğru gedir.

17.05.2023 13:06
7
A+
A-

Azərbaycanın bank sektoru 2020-ci il pandemiyasında rastlaşdığı bir sıra çətinliklərdən sonra 2023-cü ilin ilk rübündə ən yüksək maliyyə göstəriciləri nümayiş etdirməyə başlayıb. Bankların maliyyə vəziyyəti hədsiz dərəcədə yaxşılaşıb ki, bunu onların ödədiyi vergilərin həcmindən də görmək olar. Ölkəmizdə fəaliyyət göstərən 25 bankın böyük əksəriyyəti cari ilin ilk rübünü mənfəətlə başa vuraraq ümumilikdə 68 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu o deməkdir ki, 2023-cü ilin yanvar-mart aylarında bankların ən azı 350 milyon manat mənfəəti olub ki, gəlirlərinin 20 faizini vergi ödənişinə yönəldiblər.

Mövcud vəziyyət onu göstərir ki, 2023-cü ilin sonunda bankların mənfəəti 1,3 milyard manata çatmaqla onların ümumi mənfəət vergisi üzrə dövlət büdcəsində ödədiyi vəsaitlərin həcmi 270-280 milyon manata bərabər olacaq. Bunu həm mövcud potensial, həm də banklardakı depozitlərdən 2023-cü ildən etibarən vergi tutulması da öz təsirini göstərəcək. Bankların ödədiyi illik verginin təxminən 45-50 milyon manatını vətəndaşların əmanətlərindən tutulan 10 faiz vergi təşkil edəcək. Qeyd edək ki, 2022-ci ildə 1 milyard 176 milyon manatlıq mənfəət əldə edən banklar 261 milyon manat mənfəət vergisi ödəyib.

Hazırda bank sektorunda dinamika və likvidlik daha da yaxşılaşmağa doğru gedir. Doğrudur, bankların sırasında öz öhdəliyini yerinə yetirə bilməyənlər də var, onların sırasında “Günay Bank” ASC neçə aydır ki, zərərlə işləyir və depozit portfeli kiçilmişdi. Məhz bu səbəbdən Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edildi. Ancaq bu, ümumi olaraq bank sektorunun mövcud dinamik inkişaf ruhuna təsir edəcək amil deyil.

Məsələ ondadır ki, banklar böyük mənfəət əldə etsələr də, iqtisadiyyata güzəştli kreditlərin verilməsində əsl rəqabət dinamikası yarada bilməyib. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında banklar  tərəfindən 16,6 milyon manat həcmində güzəştli kredit verilib ki, bu da ümumi bank dövriyyəsinə baxdıqda çox azdır. Həmin kreditin həcmi bankların ödədiyi vergidən 4-5 dəfə azdır. Bu onu göstərir ki, bank sektorunun hələ də biznes sektorunu dayanıqlı maliyyə resursları ilə təminetmə səviyyəsi qənaətbəxş deyil. Bu problem dəfələrlə dövlət başçısı səviyyəsində qaldırılıb və banklara irad tutulub ki, dövlət tərəfindən verilən motivasiyalara, bank bazarında sağlam və azad rəqabətin yaradılmasına baxmayaraq, real sektoru, yəni sahibkarlığa və digər iqtisadi fəaliyyət sahələrinə yetərincə kredit ayrılmır.

Banklar ənənəvi qaydada yenə də istehlak kreditlərinə xüsusi üstünlük verir. Hazırda ümumi kreditləşmədə istehlak kreditlərinin çəkisi böyük üstünlük təşkil edir, az qala 70 faizə çatıb. Bu isə təhlükəli tendensiyadır. Mərkəzi Bankın bu günlərdə açıqladığı statistik hesabatdan məlum olur ki, 2023-cü ilin əvvəllərindən başlayaraq vaxtı keçmiş kreditlərin həcmi yenə də artır. Belə ki, 2023-cü ilin yanvar ayında problemli kreditlər 584 milyon manat təşkil etdiyi halda, fevralda bu göstərici 22 milyon manat artaraq 606 milyon manata yüksəlib.

Banklar il ərzində müxtəlif kredit kampaniyaları keçirir, xüsusilə də bayramlarda və əlamətdar günlərdə belə kampaniyalar daha geniş vüsət alır. Bu kampaniyaların hamısı istehlak kreditlərini əhatə edir, bankların bizneslə bağlı heç bir stimullaşdırıcı layihəsi, kampaniyası yoxdur. Banklar iqtisadiyyatın qan damarıdır, iqtisadiyyata kredit qoyuluşu olmadan iqtisadi artım, əlavə dəyərin yaranması çətindir. Ona görə də hökumət müxtəlif stimulizasiya tədbirləri ilə banklar üçün geniş şərait yaratmağa çalışır. Problemli kreditlərin həcminin artmasında əsas səbəblərdən biri, sözsüz ki, istehlak məqsədilə yüksək faizlə alınmış kreditlərin geri qaytarılması çətinliyidir. Kredit tarixçələrindən də məlum olur ki, kreditlər bahadır və istehlakçılar onu vaxtında qaytara bilmirlər. Əslində hazırkı uçot dərəcəsi faktiki olaraq bankların daha aşağı faizlə kredit verməsinə imkan yaradır.

Mərkəzi Bankın rəhbərliyi bank rəhbərlərinə bir neçə dəfə üz tutaraq onları həm kredit siyasətini yumşaltmağa, həm də iqtisadiyyata, xüsusilə də kiçik və orta biznesə maliyyə dəstəyini artırmağa çağırıb.

Bank sektorunun isə öz arqumentləri var. Banklar da biznesə kredit verilməsində ehtiyatlı davrandığını gizlətmir və bunu qarşı tərəfin problemləri ilə izah etməyə çalışır. Bank icmasının əsas arqumentlərindən biri odur ki, kiçik və orta sahibkarların böyük əksəriyyətinin normal biznes plan hazırlamaq imkanları yoxdur. Digər tərəfdən, sahibkarların banklara təqdim etdiyi biznes layihələrinin böyük əksəriyyəti ənənəvi biznes layihələridir və banklar yeni çeşiddə, müasir bazar reallıqlarına uyğun layihələrə maliyyə yönəltməyi üstün sayır. Bəzi bank rəhbərləri hətta biznes sektorunun hesabatlılığının olmadığını, sahibkarların bir qisminin hələ də “gizli iqtisadiyyatın” iştirakçısı olduğunu vurğulayır. Belə olan təqdirdə banklar haqlı olaraq vəziyyəti düzgün qiymətləndirmədikləri üçün riski yüksək hesab edirlər. Bəzi hallarda banklar biznesin qara mühasibatlığına göz yumub kredit verir, ancaq sonradan kredit qaytarılmayanda, iş yuxarı instansiyalara, məhkəmələrə çıxanda həmin qara mühasibatlıq sənədləri hüquqi olaraq tanınmadığından bankların iddiaları rədd edilir, nəticədə onlar zərərgörmüş tərəf olur. Ona görə də banklar artıq bu cür şərtlər daxilində kreditləşmə prosesinə maraq göstərmirlər.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: