Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nikahlar pozulur, boşanmalar artır

Görəsən, ölkəmizdə ailələrin belə sürətlə dağılmasının kökündə nə durur? Sosial problemlər, yoxsa ailə dəyərlərinə münasibətlərin dəyişməsi? Bəlkə də boşanmanın sadə və əlçatan olması?

24.05.2023 13:08
65
A+
A-

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə,  bu il yanvar - fevral  ayı üçün 7500  nikah  və 5118 boşanma qeydə alınıb. Yəni hər gün 42 ailə dağılıb.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin  hər min nəfərinə düşən nikahların sayı azalaraq  5.9-dan  4.6-ya düşüb.  Nikahların sayının azaldığı bir vaxtda, göründyü kimi, boşanmaların sayı da artıb. Ötən ilin müvafiq dövrünə nisbətən  əhalinin hər min nəfərinə düşən boşanmaların sayı 1.5 dən 1.8-ə yüksəlib. Ötən il Ədliyyə Nazirliyinin müvafiq qurumları 61939 nikah və 15938 boşanma qeydə alıb. Bu da qurulan hər dörd ailədən birinin dağılması anlamına gəlir.

Görəsən, ölkəmizdə ailələrin belə sürətlə dağılmasının kökündə nə durur? Sosial problemlər, yoxsa ailə dəyərlərinə münasibətlərin dəyişməsi? Bəlkə də boşanmanın sadə və əlçatan olması?

Bu suallarımızla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin Hüquq təminatı şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı bildirdi ki, bir çox ölkədə olduğu kimi, Azərbaycan cəmiyyətində də ailədaxili münasibətlər, ailə dəyərləri dəyişikliyə uğrayıb. Bir sıra institusional funksiya  və xüsusiyyətlərin itirilməsi baş verir. İnsanların şəxsi karyera, iqtisadi və sair yönümlü  inkişaf və maraqlarının ailə tərzi ilə müqayisədə üstün tutulması artmağa başlayıb. Hazırda kişi və qadınların ailə dəyərləri, ailənin strukturu, funksiyaları ilə bağlı dünyagörüşünün dərin transformasiyası  nəzərə çarpır. Bu, müasir ailənin mənəvi təməllərində  dərin böhranla müşayiət olunan dəyişikliklərdə özünü büruzə verir. Bəzən cəmiyyətdə formalaşmış stereotiplər insan hüquqlarının inkişafı ilə əlaqədar yaranan yanaşmalarla toqquşur. Nəticədə ailədaxili münasibətlərdə ahəngdarlıq pozulur. Lakin nəzərə alnmalıdır ki, istənilən münasibətlərdə, o cümlədən ailədaxili münasibətlərdə baza prinsipləri ümumilikdə qorunmalı və birgəyaşayışın şərtlərinə cavab verməlidir.

Xəyalə xanım vurğuladı ki, doğrudur, pandemiya ilə müqayisədə bir az müsbət tendensiya müşayiət olunsa da, ümumilikdə götürdükdə rəqəmlər ürəkaçan deyil. Ədliyyə Nazirliyi tərəfindən  bizə daxil olmuş 2022-ci ilin göstəricilərinə əsasən, nikahın pozulma səbəbləri müxtəlif olmuşdur.  Bu səbəblər arasında 12 min 74 sayla ən yüksək  göstərici xasiyyətin tutmaması halı olmuşdur. Digər yüksək səbəblər üzrə isə uşağın olmaması, ailədaxili zorakılıq halları, xüsusən məişət zorakılığı, qısqanclıq, xəyanət və digərləridir. Nisbətən az səbəblərdən isə misal göstərə bilərik ki, sərxoşluq, narkomaniya, kənar müdaxilələr, maddi durumun aşağı olması, mənzil problemi və sairdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu göstəricilərdən narahatlıq keçirir. Ötən günlərdə Komitənin təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət”  mövzusunda konfrans keçirilib. Konfransın yekununda Komitə tərəfindən qanunvericilikdə müvafiq tədbirlərin görülməsi və dəyşikliklərin aparılması üçün normativ-hüquqi akt layihələri hazırlanacaqdır.

 Müsahibim qeyd etdi ki, ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin, xüsusilə də ailə qanunvericiliyinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Məlumdur ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən irəli gəlir. Lakin mövcud vəziyyətdə, qanunvericiliyə uyğun olaraq, boşanma proseduru kifayət qədər sadələşdirilmiş hesab olunur. Bu da boşanmaların sayının artmasına təsir edən faktorlardan biri kimi qiymətləndirilir. Bəzən bir tərəf ayrılmağa razı olmur və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir. Müddət bitəndən sonra çox hallarda məhkəmə bir tərəfin müraciəti əsasında nikaha xitam verir. Nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alınır. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun.

Qanuna uyğun olaraq bəzi hallarda isə nikah səbəbləri araşdırılmadan pozulur. Bu da öz növbəsində boşanmanın statistikasına təsir edir. Bu məsələnin araşdırılması zamanı xarici ölkələrin praktikasına nəzər saldıqda görürük ki, bəzən beynəlxalq təcrübədə boşanma müddəti altı aydan bir ilədək və ya üç ilədək davam edə bilir.

ETİKETLƏR: